“Azərkosmos”un Yaponiya banklarına olan borcunu yerli bank qarşılayacaq İqtisadiyyat

“Azərkosmos”un Yaponiya banklarına olan borcunu yerli bank qarşılayacaq

"Azərbaycan Respublikasının Kosmik Agentliyi”nin (Azərkosmos) Yaponiya banklarına olan 19,4 mln. avro həcmində qalıq faiz borcunu yerli bank qarşılayacaq.

“APA-Economics” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, “Azərkosmos” Azərbaycanda Yerin məsafədən peyk müşahidə sisteminin yaradılması məqsədilə 2015-ci ildə dövlət zəmanətli Kredit Sazişi əsasında Yaponiyanın "Sumitomo Mitsui" və "Mizuho" banklarından 129 mln. avro məbləğində kredit vəsaiti cəlb edilib.
Dövlət zəmanətli Kredit Sazişinin şərtlərinə uyğun olaraq Euribor+0,75% dərəcəsi ilə hesablanan kredit faizləri "Azərkosmos"un maliyyə öhdəliklərinin artmasına səbəb olub.

Kredit Sazişi üzrə 2024-cü ilə 19,4 mln. avro məbləğində qalıq kredit vəsaitinə hesablanacaq faiz xərclərində qənaət edilməsi məqsədilə "Paşa Bank" ASC-dən daha səmərəli şərtlərlə dövlət zəmanətli kredit vəsaitinin cəlb olunaraq qalıq kredit vəsaiti ilə əvəzlənməsi təklif edilib. Tərəflər arasında illik 4 faiz dərəcəsi ilə 2 il müddətinə 19.4 mln. avro məbləğində dövlət zəmanəti ile təmin edilmiş kredit vəsaitinin cəlb olunması nəzərdə tutulub. Kreditlə bağlı zəmanət sazişi Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli Sərəncamı ilə təsdiq edilib.