

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində söylədiyi kimi: 2024-cü il iqtisadi inkişaf baxımından uğurlu il olub və Azərbaycanın iqtisadiyyatı inkişaf edib”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edən Baş nazir Əli Əsədov deyib.
Əli Əsədov bildirib ki, əlbəttə ki, bütün bunların təməlində cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə aparılan düşünülmüş siyasət dayanır: “Hesabat ilində ölkədə:
• 126.3 mlrd. manatlıq və ya 2023-cü illə müqayisədə real ifadədə 4,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
• 2024-cü ildə ÜDM istehsalı neft-qaz sektorunda 0,3%, qeyri neft-qaz sektorunda isə 6,2% artıb.
• qeyri neft-qaz sənayesi 7,3% artıb.
• əhalinin hər nəfərinə düşən ÜDM isə 3,6% artaraq 12,4 min manat (7,3 min ABŞ dolları) təşkil edib.
2024-cü ildə xarici ticarət dövriyyəmiz təxminən 47.4 milyard ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 5.3 mlrd. dollar olub. Qeyri-neft ixracı 3,3 mlrd. dolları üstələyib.
2024-cü ildə ölkənin strateji valyuta ehtiyatları 2.5 mlrd. dollar (və ya 3.7%) artaraq 71 mlrd.dollar (hazırda 73 mlrd.dollar) təşkil edib və xarici dövlət borcunu 14 dəfə üstələyir.
İlin sonuna xarici dövlət borcunun məbləği 20,6% azalaraq 5,1 mlrd. dollar olub və ÜDM-in cəmi 6,9%-ni təşkil edib”.