

Ölkədə elektron xidmətlərin, müasir texnologiyaların və mütərəqqi beynəlxalq təcrübənin tətbiqi nəticəsində Azərbaycanda sahibkarlıq subyektlərinin "bir pəncərə" sistemi tətbiq edilməklə qeydiyyatı sadələşdirilib. Elektron xidmətlərin tətbiqi nəticəsində fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına şərait yaradılıb ki bu da ölkədə sahibkarların sayının artmasına imkan verib. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına dəstək göstərilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Dövlət müxtəlif iqtisadi yollarla sahibkarlığın inkişafını təşviq edir. Çünki sahibkarlıq fəaliyyətinə iqtisadi artımın əsası kimi baxılır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, “iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır”.
2025-ci ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1,615 milyon vergi ödəyicisinin 87 faizi fiziki şəxslər, 13 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı 7,6 faiz artıb. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,6 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. Aprel ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artaraq 193.780 vahid təşkil edib.
2025-ci ilin yanvar-mart aylarında 3.479 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89 faizi yerli investisiyalı, 11 faizi xarici investisiyalıdır. Kommersiya qurumlarının 86 faizi elektron qaydada qeydiyyata alınıb. Hesabat dövründə qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97 faiz təşkil edib.
Azərbaycanda sahibkar kimi qeydiyyata alınmaq çox asanlaşıb. Bunun nəticəsidir ki, biznes strukturlarının sayında artım müşahidə olunub. Say artımı vergi yığımına da təsir edir, hər halda rəsmən vergi ödəyicilərinin sayı da çoxalır. 2025-ci ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 4 milyard 380,6 milyon manata yaxın vergi daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 98,9 milyon manat və ya 2,3 faiz artıb. Qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 226,4 milyon manatdan çox təşkil edib. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 312 milyon manat və ya 10,7 faiz çox olub. Ödənilən vergilərin 73,7 faizi qeyri-neft-qaz sektorunun, 26,3 faizi isə neft-qaz sektorunun payına düşüb.
Naxçıvanda da vergi daxilolmaları 10 faiz artıb. 2025-ci ilin yanvar-mart ayları ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 50,3 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 10 faiz və ya 4,6 milyon manat çoxdur. Ödənilən vergilərin 63,8 faizi qeyri-dövlət sektorunun, 36,2 faizi isə dövlət sektorunun payına düşüb. Naxçıvan MR-də 1 aprel 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz artaraq 20.192, aktiv ƏDV ödəyicilərinin sayı isə 18,9 faiz artaraq 572 olub. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 7,6 faiz artıb və 6005 təşkil edib.
Əmək müqavilələrinin sayında da artım müşahidə edilir. Təşviq əsaslı vergi siyasəti əmək bazarına müsbət istiqamətdə təsir göstərməkdə davam edir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 464.906 vahid artıb və 2025-ci ilin aprel ayının 1-nə 1.866.821 təşkil edib. Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 436.770 vahid artaraq 976.692 olub.
2025-ci ilin yanvar-mart ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 144.337 şəxs qəbul edilib, onlara 225.364 sayda xidmət göstərilib ki, bunlardan 76,6 minə yaxını şifahi xidmət (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 51,1 minə yaxın sayda elektron xidmət (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub. 9 xidmət üzrə göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 90,2 faizini təşkil edib: bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi; vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası); sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi; Asan İmza sertifikatlarının verilməsi; vergi ödəyicisinə arayışların verilməsi; fiziki şəxsin uçotdan çıxarılması; fiziki şəxsin uçota alınması və yenidən uçota alınması; vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi; vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması). Həmin dövrdə vergi ödəyicilərindən daxil olmuş 8,3 minə yaxın yazılı müraciət cavablandırılıb, 5,4 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Rüb ərzində 1128 vergi ödəyicisinin iştirakı ilə 93 görüş keçirilib, 1184 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 525 minə yaxın SMS göndərilib. Dövr ərzində ümumilikdə 75.488 müraciət üzrə 111.838 Asan İmza sertifikatı verilib.
Azərbaycdanda bizneslə məşğul olanlar daha çox mikro, kiçik fərdi sahibkar kimi qeydiyyatdan keçməyə üstünlük verirlər. Bu, onlara sadələşdirilmiş vergi ödəyicisi olmaq, digər vergilərdən azad olmaq imkanları verir. Ölkə üzrə sahibkarlıq subyektlərinin 99,6%-i kiçik və orta sahibkarlıq subyektləridir və onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisyalarda payı artır. Kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin yüksəldilməsi, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması və institusional dəstək mexanizmlərinin formalaşdırılması məqsədilə yaradılmış İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən KOB-ların iqtisadiyyatda rolunun və rəqabət qabiliyyətinin, bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi istiqamətində müxtəlif təşviq və dəstək mexanizmləri həyata keçirilir. KOB dostu ofisləri, KOB İnkişaf Mərkəzləri, KOB-lar üçün təhsil, elm, tədqiqat layihələrinin maliyyələşdirilməsi, "Startap şəhadətnaməsi"nin verilməsi buna misal ola bilər.
Bəs kimlər mikro və kiçik sahibkar hesab olunur? Mikro, kiçik və orta sahibkarlıq subyektləri Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli qərarı ilə təsdiq edilmiş mikro, kiçik, orta və iri sahibkar meyarlarına uyğun olaraq müəyyən olunur. Mikro sahibkarlara işçilərinin orta siyahı sayı 10 nəfərədək, illik gəliri 200 min manatadək olan, kiçik sahibkarlara işçilərinin orta siyahı sayı 11 nəfərdən 50 nəfərədək, illik gəliri 200 min manatdan 3000 min manatadək olan, orta sahibkarlara işçilərinin orta siyahı sayı 51 nəfərdən 250 nəfərədək, illik gəliri 3000 min manatdan 30000 min manatadək olan müəssisələr aid edilir.
Bu arada hökumət özəlləşdirmənin əhatə dairəsini də genişləndirməyə, iri və orta müəssisələri də özəlləşdirməyə çıxarmağa başlayıb. Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması, iqtisadi diversifikasiya və səmərəliliyin artırılması məqsədilə davamlı struktur islahatları həyata keçirilir. Bu islahatlar dövlət müəssisələrinin fəaliyyət sahəsini də əhatə edir. İri dövlət müəssisələrinə özəl investisiyaların cəlbi onların fəaliyyətinin rəqabət mühitinin tələblərinə uyğunlaşdırılmasına təminat yaratmalıdır. Bununla yanaşı, dövlət müəssisələrinin idarə edilməsində vətəndaşların iştirakı və həmin müəssisələrə özəl investisiyaların yatırılması imkanları yaradılmlıdır.
Mahir Həmzəoğlu