Azərbaycan və Çin arasında 13 sənəd imzalandı İqtisadiyyat

Azərbaycan və Çin arasında 13 sənəd imzalandı

Pekində Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin, Çinin Milli İnkişaf və İslahat Komissiyasının (NDRC) Beynəlxalq Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə Çin-Azərbaycan sənaye və investisiya təşviqi konfransı keçirilir.

Xalqcebhesi.az xəbər verir ki, “İnkişaf körpüsü: sənaye və investisiya əməkdaşlığının genişlənməsi” mövzusunda təşkil olunan tədbir iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə və strateji investisiyaların təşviqinə həsr olunan platformadır. Dövlət rəsmiləri, investorlar, iş adamları daxil olmaqla təxminən 250 nəfərin qatıldğı konfrans dialoq, etimad quruculuğu və uzunmüddətli əməkdaşlıq üçün katalizator rolunu oynayır.

Tədbirin məqsədi Azərbaycanın əlverişli investisiya şəraitini və imkanlarını tanıtmaq, xarici investorlar üçün Azərbaycan qurumlarının rolu və dəstəyini nümayiş etdirmək, Çin investorları ilə birbaşa əlaqə yaratmaq, uzunmüddətli sənaye əməkdaşlığı və kapital axını üçün zəmin hazırlamaqdır. Hədəf auditoriya beynəlxalq əməkdaşlıq imkanlarını araşdıran Çin şirkətləri və investisiya qurumları, Çin dövlət qurumları, ticarət və sənaye palataları və assosiasiyalardır.

Azərbaycanın Çin ilə əlaqələrin inkişafına xüsusi önəm veridyini bildirən ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov iki ölkənin münasibətlərinin dostluq və əməkdaşlıq ruhunda inkişaf etdiyini bildirib. O, ötən il dövlət başçıları İlham Əliyev və Si Szinpinin Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannaməni qəbul etdiklərini, hazırda iqtisadiyyatın müxtəlif sahələri - energetika, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və qarşılıqlı fəaliyyətin digər istiqamətləri üzrə əməkdaşlıq spektrinin genişləndirilməsi imkanları nəzərdən keçirildiyini diqqətə çatdırıb.

Azərbaycanın Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğunu vurğulayan diplomat əlavə edib ki, Çin ölkəmizin 4-cü ən iri ticarət tərəfdaşı, ən iri idxal mənbəyidir. O, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdən biri olan Azərbaycanın icra etdiyi nəqliyyat və infrastruktur layihələrinin həmin təşəbbüsün icrasına əhəmiyyətli töhfələr verdiyini, Çindən Avropaya və geriyə yüklərin daşınması üçün ən qısa, səmərəli və təhlükəsiz nəqliyyat marşrutlarını formalaşdırdığını diqqətə çatdırıb. Dünyadakı yeni geosiyasi vəziyyət fonunda Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta Dəhlizə maraq getdikcə çoxalır.

Çinin Milli İnkişaf və İslahat Komissiyasının xarici kapital və investisiya departamentinin direktor müavini xanım Can Ciənhua Azərbaycanın qədim İpək yolu üzərində vacib ölkə olduğunu vurğulayıb, tarixən xalqlarımız və ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşdığını bildirib. O, “Bir kəmər, bir yol” təşəbbüsünün ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafı üçün yeni imkanlar açdığını deyib, Çin şirkətlərinin Azərbaycanda sənaye və infrastruktur layihələrində iştirakının stimullaşdırılmasının əhəmiyyətini vurğulayıb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev son dövrlərdə ölkələrimizin iqtisadi-ticarət əlaqələrində müşahidə olunan müsbət dinamikadan bəhs edib, avtomobil, sənaye, İKT, nəqliyyat-logistika və iqtisadiyyatın digər sektorlarında birgə həyata keçirilən layihələri diqqətə çatdırıb.

Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu bugünkü tədbirin 2023-cü ildə imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında istehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Çərçivə Sazişi”nin nəticəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycandakı siyasi və iqtisadi sabitlik, strateji yerləşmə, əlverişli biznes mühiti çinli investorlar üçün yeni imkanlar yaradaraq, ölkəmizi öz regional mərkəzi və istehsal bazası kimi seçmək üstünlüyünü təklif edir.

T.Nadiroğlu Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün tərəfdarı olan Azərbaycanın əlverişli coğrafi mövqe və müasirlənən infrastrukturu ilə onun icrasına önəmli töhfələr veridyini, bu çərçivədə Azərbaycanın istehsal və ticarət fəaliyyətlərini birləşdirən mərkəz kimi əhəmiyyətini vurğulayıb. Bildirib ki, Çin şirkətləri Azərbaycanda, o cümlədən müxtəlif imtiyazların və güzəştlərin təklif olunduğu sənaye parklarında, iqtisadi zonalarda, habelə Ələt Azad İqtisadi Zonasında müəssisə açaraq istehsal etdikləri məhsulları yerli bazarla yanaşı, qonşu ölkələrə də çıxarmaq imkanı əldə edir. Artıq bu istiqamətdə müsbət təcrübə də var.

Ticarət nümayəndəsi Çinin bir neçə şəhərində fəaliyyət göstərən Azərbaycan ticarət evlərinin ölkəmizdə istehsal olunan məhsulların və Azərbaycanın investisiya, turizm potensialının təşviqi ilə məşğul olduğunu diqqətə çatdırıb.

Sonra Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov habelə, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, SOCAR-ın, Azərbaycan İnvestisiya Holdinqinin, AZPROMO-nun, “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri təmsil etdikləri qurumların fəaliyyəti barədə danışıb, ağır sənaye, mədənçıxarma, kənd təsərrüfatı, yüngül sənaye, yaşıl enerji və digər sektorları əhatə edən ümumilikdə 15-dən çox investisiya layihəsinin təqdimatı olub.

Bundan başqa, Azərbaycanda investisiya yatıran və ya yatırmağı planlaşdıran Çin şirkətlərinin nümayəndələri Azərbaycanla bağlı layihə və planlarından danışıblar. Tiencin şəhəri Vuçinq rayonunun xalq hökumətinin və Pekin iqtisadi-texnoloji inkişaf zonasının nümayəndələri öz təcrübələrini bölüşüblər.

Tədbir çərçivəsində iki ölkənin qurumları arasında əməkdaşlığa və investisiya layihələrinin icrasına dair 13 sənəd imzalanıb.

Konfransın keçirildiyi məkanda Azərbaycan və onun iqtisadiyyatı, ölkəmizdəki əlverişli biznes mühiti, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, AZPROMO-nun investor xidmətləri, ticarət nümanyəndəliyi, İqtisadi Zonaların İnkişafı Agentliyi, Ələt Azad İqtisadi Zonası, KOBİA, Qarabağ və Şərgi Zəngəzur İqtisadi Rayonları, 4SİM, Aqrar Kredit və İnkişaf Agentliyi, Dövlət Neft Fondu, SOCAR və Çindəki Azərbaycan ticarət evlərinə dair bilbordlar nümayiş olunub

Çin investorları ilə Azərbaycan dövlət nümayəndələri arasında xüsusi görüşdə irimiqyaslı əməkdaşlıq, investisiya şərtləri və strateji prioritetlər barədə açıq dialoq aparılıb, B2B formatlı görüşlər keçirilib.