“Qlobal iqtisadiyyatda resessiya meyilləri sürətlənir” İqtisadiyyat

“Qlobal iqtisadiyyatda resessiya meyilləri sürətlənir”

“Qlobal ticarət müharibələrinin bütövlükdə dünya iqtisadiyyatına 2025-ci ildə 330 milyard dollara yaxın ziyan vuracağı gözlənilir. Biz qlobal ticarət müharibələrinin xüsusən də Çin və ABŞ arasında daha sıx şəkildə getdiyini müşahidə edirik”.

Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov söyləyib.

Deputat diqqətə çatdırıb ki, qarışıqlı tariflərin bütövlükdə dünyanın iki aparıcı ölkəsi arasında iqtisadi əlaqələrə birbaşa təsir göstərdiyi müşahidə olunmaqdadır: “ABŞ-də tətbiq edilən tariflərdən sonra Çinin qarşılıqlı olaraq tarif siyasəti həyata keçirildi. Çin bu istiqamətdə addımlarını atdı. Bu da təbii ki, bütövlükdə məhz qlobal ticarətə təsir edir və qlobal iqtisadiyyatda resessiya meyillərini sürətləndirir”.

V.Bayramov əlavə edib ki, bu aspektdən ən vacib məqamlardan biri məhz qlobal ticarət müharibələrinin həm də birjalara, eyni zamanda, strateji məhsulların qiymətinə təsirinin müəyyənləşdirilməsidir: “Çünki biz strateji məhsulların qiymətlərində də azalmalar müşahidə edirik. Amma bütövlükdə son proseslər ondan xəbər verir ki, məhz qarşılıqlı tariflər dünya iqtisadiyyatında yeni bir mərhələnin başlanmasına gətirib çıxarıb. Bu mərhələ nəticə etibarı ilə daha çox çağırışları olan və eyni zamanda daha çox iqtisadi çətinliklərin olduğu qlobal bir mərhələ kimi xarakterizə olunur”.

Röya İsrafilova