Aktau Beynəlxalq Ticarət Limanı: Xəzərin səviyyəsinin azalması tankerlərin tam doldurulmasına imkan vermir İqtisadiyyat

Aktau Beynəlxalq Ticarət Limanı: Xəzərin səviyyəsinin azalması tankerlərin tam doldurulmasına imkan vermir

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi Aktau Beynəlxalq Ticarət Limanıda tankerlərin tam gücü ilə yüklənməsinə imkan vermir.

"APA-Economics" xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi "Xəzər və Mərkəzi Asiya neft treydingi və logistikası Forumu"nda çıxış edərkən Aktau Beynəlxalq Ticarət Limanının İdarə Heyətinin sədri Abay Turikpenbayev deyib.

Onun sözlərinə görə, qeyd olunan problemin həlli çərçivəsində liman ərazisində dəniz dibinin dərinləşdirilməsinin layihə-smeta sənədləri artıq hazırlanıb.

Abay Turikpenbayev onu da qeyd edib ki, layihə çərçivəsində dərinləşdirmə işlərini üç mərhələdə aparmaq planlaşdırılır.

"İyun ayında dərinliyi 7,7 metrə çatdırmaq üçün dibdərinləşdirmə işlərinə başlamağı planlaşdırırıq. Bu, tankerlərin tam gücü ilə yüklənməsinə imkan verəcək. Bu, sadəcə, birinci mərhələdir. Bu, bizə daha 3-4 il bu rejimdə işləmək imkanı verəcək. Dəniz səviyyəsinin aşağı düşməsinin indiki dinamikası davam edərsə, dərinləşdirmənin ikinci və üçüncü mərhələlərini davam etdirəcəyik", - Abay Turikpenbayev vurğulayıb.