Mərkəzi Bank bank hesablarının açılması qaydalarında dəyişiklik edib İqtisadiyyat

Mərkəzi Bank bank hesablarının açılması qaydalarında dəyişiklik edib

Azərbaycan Mərkəzi Bankının (AMB) “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na bir sıra dəyişikliklər edilib.

"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, AMB-nin İdarə Heyəti sədrinin 8 aprel 2025-ci il tarixli qərarındakı yeniliklərə əsasən, elektron pul təşkilatları və ödəniş xidmətləri ilə bağlı yeni cari hesab növləri əlavə olunub.

Belə ki, fiziki şəxslər üçün bank hesablarının məsafədən açılması prosesində gücləndirilmiş elektron imza, video zəng və video çəkilişlə identifikasiya metodlarına dair tələblər dəqiqləşdirilib. Həmçinin, mədaxil əməliyyatlarına limitlər müəyyən olunub və bu limitlərdən artıq əməliyyatlar üçün əlavə identifikasiya tələb ediləcək.

Qaydaya əlavə olunan bəndlərlə banklar əvvəlki hesab sahibinin təqdim etdiyi sənədlərə güvənərək yeni hesablar aça biləcək. Bundan başqa, “SWIFT” ifadəsi “BIC” ilə əvəz olunub və bəzi texniki düzəlişlər aparılıb.