

Diplomatların və ailə üzvlərinin təhsil xərclərinin hansı qaydada təmin olunacağı müəyyənləşib.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların (aparatlarının) işçilərinə təminat və kompensasiyaların verilməsi Qaydaları”nda əksini tapıb.
Qaydaya əsasən, nümayəndələr və onların (aparatlarının) işçilərinin ailə üzvlərinin qəbul edən dövlətdə ümumi təhsil pilləsi üzrə (məktəbəhazırlıq, ibtidai, ümumi orta və tam orta təhsil) təhsil xərcləri ilə bağlı müavinətin ödənilməsi üçün tələb olunan vəsaitlər xərclər smetasında nəzərdə tutulur. Müavinət nümayəndələr və onların (aparatlarının) işçiləri ilə birlikdə yaşayan və ümumi təhsil pilləsi üzrə təhsil alan hər bir ailə üzvü üçün müvafiq təhsil müəssisəsi ilə bağlanılmış müqavilədə nəzərdə tutulan məbləğə bərabər, lakin ayda 700 ABŞ dollarından və ya müvafiq valyutada onun ekvivalentindən çox olmamaq şərtilə ödənilir. Təhsil xərclərinin müavinətdən artıq olan hissəsi nümayəndələrin və onların (aparatlarının) işçilərinin şəxsi vəsaiti hesabına ödənilir.