

27 Aprel 17:45
26 Aprel 18:40
2025-ci il 1 aprel tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 26.615,2 milyon manat və ya 2025-ci il üzrə 130.662,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 20,4 faizini təşkil edib. Ümumi dövlət borcunun 8.613,9 milyon manatı (5.067,0 milyon ABŞ dolları) və ya 32,4 faizi xarici dövlət borcunun, 18.001,3 milyon manatı və ya 67,6 faizi daxili dövlət borcunun payına düşüb
Bu barədə “APA-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 1 aprel 2025-ci il tarixi vəziyyətinə xarici dövlət borcu 5.067,0 milyon ABŞ dolları və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil edib. 2025-ci ilin 01 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 62,7 milyon ABŞ dolları məbləğində azalıb. Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 48,9 faizini, sabit faiz dərəcəsi ilə olanlar isə 51,1 faizini təşkil edib. Xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə, 44,2 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,9 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Qeyd edilib ki, 1 aprel 2025-ci il tarixinə daxili dövlət borcu 18.001,3 milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 13,8 faizini təşkil edib. Daxili dövlət borcu 2025-ci ilin 1 yanvar tarixi ilə müqayisədə 658,4 milyon manat azalmışdır. Hesabat tarixinə daxili dövlət borcunun 8.847,6 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9.153,7 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür. Hesabat tarixinə dövriyyədə olan 8.847,6 milyon manat məbləğində dövlət qiymətli kağızlarının 16 faizi 1 illik, 73,8 faizi 2 və 3 illik, 10,2 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür. 2025-ci ilin ilk 3 ayı ərzində əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 642,1 milyon manat məbləğində əsas borc ödənişləri, 110,4 milyon manat məbləğində isə faiz və diskont ödənişləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilib.