

Zabuxçay su anbarının tutumu 26 milyon kubmetrdir, Laçının bir çox kəndləri, o cümlədən Qubadlı və Zəngilan rayonlarında əkin dövriyyəsinə buraxılan 12,1 min hektar torpağın suvarılması nəzərdə tutulur.
APA-nın xəbərinə görə, bunu Dövlət Su Agentliyi sədrinin müşaviri Etibar Məmmədov bildirib.
Etibar Məmmədov qeyd edib ki, ehtiyac duyularsa, Cəbrayıl rayonuna da suvarma üçün su verilməsi mümkündür: “Eyni zamanda dövlət başçısının tapşırığı ilə yaxın zamanlarda 91 milyon kubmetr su tutumu olacaq anbarın texniki-iqtisadi əsaslandırılması hazırlanır, layihə ərəfəsindədir. Həmin anbar da bu çay üzərində inşa olunacaq. Həmin anbar Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl və Ağdam üçün həm içməli, həm də suvarma su mənbəyi kimi nəzərdə tutulur. Eyni zamanda gələcəkdə bu anbardan Bakı şəhərinə su nəql edilməsi də layihənin bir hissəsidir”.