Ekspert: Kredit-zəmanət mexanizmi sahibkarlıq üçün ciddi dəstəkdir İqtisadiyyat

Ekspert: Kredit-zəmanət mexanizmi sahibkarlıq üçün ciddi dəstəkdir

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Koronavirus pandemiyasının başlandığı elan olunduğu vaxtdan dünya iqtisadiyyatının və beynəlxalq maliyyə bazarlarının itkiləri sürətlə artmağa başlayıb. Müasir dünya iqtisadiyyatı elə bir səviyyədə qloballaşıb ki, ayrılıqda götürülmüş bir ölkənin qlobal iqtisadiyyatın məruz qaldığı təsirlərdən kənarda qalması praktik olaraq mümkün deyil. Bunun həqiqətən belə olduğunu əyani görmək üçün ölkələrin xarici ticarət balanslarına, onların idxal-ixrac əməliyyatlarının miqyasına və investisiyaların coğrafiyasına qısa bir nəzər salmaq yetərlidir. 2019-cu ildə Çinin xarici ticarət dövriyyəsi 2018-ci illə müqaisədə 1% azalsa da, ümumilikdə 4 trliyon 57 milyard ABŞ dolları təşkil etmişdi ki, bunun da 2 trliyon 49 milyard dolları ixracın, 2 trliyon 7 milyard dolları isə idxalın payına düşmüşdü. Başqa bir misal. Bu gün dünyada 20 trilyon dollara qədər sərbəst vəsait investisiya kimi özünün tətbiq edilə biləcəyi daha münbit məkanların axtarışındadır.
Koronavirus Pandemiyası demək olar ki, bütün ölkələrin iqtisadiyyatına bu və ya digər səviyyədə təsir edib və nə qədər arzuedilən olmasa da, bu prosses bu gün də davam etməkdədir. Ortada kifayət qədər qeyri-müəyyənlik mövcudduir. Belə qeyri-müəyyənliyi şərtləndirən başlıca səbəb isə COVİD 19-un peyvəndinin hələlik tapılmamasıdır. Hesab edirəm ki, peyvənd tapılana qədər iqtisadiyyatda və maliyyə bazarlarında baş verən bütün pozitiv meyllər kifayət qədər kövrək olacaqdır. Beynəlxalq Valyuta Fondunun bu günlərdə yaydığı bəyanatda deyilir ki, dünya iqtisadiyyatı gözlənildiyindən daha ləng bərpa olunur və ortada dərin qeyri-müəyyənlik mövcuddur.
Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına kifayət qədər inteqrasiya olunub və bu prosses 2008-ci ildən sonra daha sürətlə gedib. Digər tərəfdən, iqtisadiyyatın neftlə sıx bağlılığı bu təsirləri daha gücləndirib. Buna görə də hökumət Pandemiyaya qədər ölkə iqtisadiyyatında əldə olunmuş nəticələrin qorunub saxlanması məqsədilə real addımlar atmağa qərar verdi. Neftin satışından gəlirlərin kəskin azalmasına, iqtisadi aktivliyin aşağı düşməsinə və bu səbəbdən dövlət büdcəsinin ciddi itkilərlə üzləşməsinə baxmayaraq, hökumət bu günə qədər 130 mindən çox sahibkara maliyyə dəstəyi göstərib ki, bu yardımlar bütövlükdə 317 mindən artıq vətəndaşı əhatə edir. Aktiv vergi ödəyiciləri bu günə qədər dövlətdən 160 milyon manata yaxın maliyyə dəstəyi alıblar, biznesə vergi güzəştləri portfelinin ümumi dəyəri 130 milyon manat təşkil edib. Dövlət məlum səbəblərdən baş verən itkilərə baxmayaraq, ölkə iqtisadiyyatının özəyini təşkil edən biznesin postpandemiya dövrünə qədər dəstəklənməsi istiqamətində hərtərəfli tədbirlər görür. Bu doğru seçimdir. Hesab edirəm ki, biznesin maliyyə vəsaitlərinə əlçatanlığını təmin edə biləcək kredit-zəmanət mexanizminin tətbiqi də bu sıradan olan müsbət bir addımdır. Belə ki, sahibkarlar üçün dövlət zəmanəti olmayan 1 mlrd. manat həcmində mövcud kredit portfelinə dəstək, eləcə də 500 milyon manat həcmində yeni kreditlərin 60%-nə dövlət zəmanəti verilməsini və faizlərin subsidiyalaşdırılmasını ehtiva edən 2 yeni mühüm proqramın həyata keçirilməsinə başlanılıb. Hesab edirəm ki, bu tədbirlər pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin fəaliyyətinin dayanıqlılığının təmin edilməsində əhəmiyyətli rol oynayacaq.