“Manatın ucuzlaşması yalnız 5-7 qəpik səviyyəsində ola bilər” İqtisadiyyat

“Manatın ucuzlaşması yalnız 5-7 qəpik səviyyəsində ola bilər”

Vahid Əhmədov: "Bu il manatın məzənnəsində ciddi ucuzlaşma qeydə alınmayacaq"

"Manatın devalvasiyasının həm müsbət, həm də mənfi cəhəti var".
"APA-Economics"in məlumatına əsasən, bunu jurnalistlərə Milli Məclisin üzvü Vahid Əhmədov bildirib.
"Müsbət cəhət ondan ibarətdir ki, Azərbaycanın ixracının təxminən 92%-ni neft və neft məhsulları təşkil edir. Biz qeyri-neft məhsullarını ixrac edə bilmirik ki, bunun maya dəyərində çox ciddi problem var. Buna görə də biz manatın məzənnəsini müəyyən qədər aşağı salmaqla məhsulların ixrac potensialını yüksəldə bilərik", - deyə millət vəkili bildirib.
Manatın ucuzlaşmasının mənfi tərəfinə toxunan V. Əhmədov qeyd edib ki, ciddi devalvasiya insanların sosial şəraitinin pisləşməsinə və bazarda qiymətlərin bahalaşmasına təsir edə bilər. Millət vəkilinin sözlərinə görə, bu il Azərbaycanda manatın məzənnəsində ciddi ucuzlaşma qeydə alınmayacaq: "Manatın ucuzlaşması yalnız 5-7 qəpik səviyyəsində özünü göstərə bilər. Biz çalışacağıq ki, bu azalma insanların sosial durumuna, onların pensiyalarına, əmanətlərinə təsir etməsin".
Vahid Əhmədov bildirib ki, dünya bazarlarında neftin qiymətinin düşməsinin dövlət büdcəsinə birbaşa təsiri 15 faiz, yaxud 2,2 mlrd. manatdır.
O qeyd edib ki, əgər neftin qiyməti 10 faiz aşağı düşərsə bunun büdcəyə təsiri 240-250 mln. manat olur:
"Neftin qiymətinin 30 faiz ucuzlaşması büdcəyə 750-800 mln. manat təsir deməkdir. Bu Azərbaycan üçün problem deyil".
Millət vəkili həmçinin qeyd edib ki, dövlət büdcəsinə yenidən baxıla bilər.
Onun sözlərinə görə, neftin qiymətinin ucuzlaşması sosial layihələrə təsir etməyəcək:
"Sosial layihələrdə dəyişiklik gözlənilmir. Lakin bu ilin büdcəsində investisiya layihələri üçün nəzərdə tutulan 7 mlrd. manatın 2 mlrd. manatından hökumət imtina edib. Bura nəqliyyat və digər investisiya xərcləri daxildir".