"Rusiyaya qarşı sanksiyalar tətbiq edildikcə, "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşmasında Azərbaycanın rolu daha da artacaq". Bu fikirləri politoloq Fikrət Sadıqov bildirib.
Onun sözlərinə görə, Azərbaycan və qazın istehlakçıları olan dövlətlər üçün bu layihənin həyata keçirilməsində bir neçə amil mövcuddur: "Azərbaycan təbii ehtiyatların vacib mənbəyinə cevriləcək. Bu layihəyə Azərbaycanın deyil, Qazaxıstan və Türkmənistanın da qazı daxil olacaq. Bu mənada Azərbaycan Avropa ilə münasibətləri daha yaxından quracaq. Avropa qitəsinin enerji təhlükəsizliyini təmin edirik. Bu məsələ Avropa ölkələrində siyasi stabilliyin yaranmasına da zəmin verir".
Politoloqun sözlərinə görə, layihənin baş tutması tranzit ölkələrə də sərf edir: "Düzdür, bu məsələdə müəyyən qəbahətlər var. Hazırda bazar iqtisadiyyatıdır. Ona görə də rəqabətin olması mümkündür. Bu rəqabət isə Azərbaycanın əhəmiyyətli ölkə olduğuna maneçilik törətməyəcək".
F. Sadıqov Rusiyanın, "Türk axını" ilə "Cənub Qaz Dəhlizi"nə ciddi rəqabət yaradacağını da istisna etmədi: "Türkiyə-Rusiya arasında razılığa gəlinən saziş barədə real konturlar hələ cızılmayıb. Hələ bir çox məqamlar aydın deyil. O layihədə müəyyən problemlər gündəmə çıxır. "Cənub Qaz Dəhlizi" isə gerçəkliyə yaxın bir layihədir və Avropa ölkələri üçün effektlidir".