“Ermənistanın cəzasızlıq hissi...” Müsahibə

“Ermənistanın cəzasızlıq hissi...”

Elmar Məmmədyarov:"Onu faktları və beynəlxalq təşkilatların sənədlərini təhrif etmək və saxtalaşdırmaq üzrə çirkin təcrübəsini gücləndirməyə həvəsləndirir"


Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovun müsahibəsini təqdim edirik.
- 16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası "Çıraqov və digərləri Ermənistana qarşı" işi ilə bağlı qərarını elan edib. Bu iş barədə ümumi məlumat verməyinizi istərdik...
- Sizin qeyd etdiyiniz iş Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycanın Laçın rayonundan zorla qovulmuş altı Azərbaycan vətəndaşı tərəfindən 6 aprel 2005-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistan Respublikasına qarşı qaldırılmış iddia müraciətinə əsaslanır. Mahiyyət etibarilə, məhkəməyə iddia müraciəti irəli sürən şəxslər Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğalının davam etdirilməsi ilə əlaqədar Laçın rayonunda öz evlərinə qayıtmaqdan məhrum edilib və beləliklə, orada yerləşən mülkiyyətlərindən istifadə edə bilməyiblər. İddiaçiların müraciətində bunun "İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə mülkiyyət hüquqları və Konvensiyanın 8-ci maddəsi ilə şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulmasının davam etdirilməsi olduğu bildirilib. Onların iddiasında eləcə də yuxarıda qeyd olunan şikayətlərlə əlaqədar effektiv vasitənin olmamasının Konvensiyanın 13-cü maddəsinin pozulması olduğu qeyd olunub. Yekun olaraq, yuxarıda qeyd olunan bütün şikayətlər ilə bağlı onlar etnik və dini mənsubiyyət baxımdan ayrı-seçkiliyə məruz qalaraq, Konvensiyanın 14-cü maddəsinin pozulması ilə əlaqədar şikayət irəli sürüblər.
- Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarının ilkin əhəmiyyəti barəsində baxışı necədir?
- Məhkəmənin qərarı bir neçə aspektdən əhəmiyyətlidir. İlk növbədə, Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni işğalı və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini davamlı şəkildə inkar etməsinə təsirli formada son qoydu. Ermənistanın təcavüzünün başlamasından və bu iş üzrə məhkəmə icraatı getdiyi dövrdə adətkarcasına beynəlxalq ictimaiyyəti aldatmaq və münaqişənin əsl səbəblərini və mahiyyətini təhrif etmək cəhdlərində Ermənistan Respublikası iddia edirdi ki, onun Dağlıq Qarabağın ərazisi və ətraf ərazilərə yurisdiksiyası şamil edilmir, bu ərazilər üzərində onun təsirli nəzarət imkanı olmayıb və hər hansı ictimai hakimiyyəti ifadə edə bilməz. Eləcə də Ermənistan iddia edirdi ki, o, sözügedən hərbi münaqişədə,Laçın rayonunun işğalında və digər hərbi əməliyyatlarda iştirak etməyib və onunDağlıq Qarabağ və ətraf ərazilərdə hər hansı hərbi mövcudluğu yoxdur.
İddiaçılar tərəfindən təqdim olunan bütün sübutlar Məhkəmə tərəfindən araşdırılıb və Azərbaycan Hökuməti tərəfindən Ermənistanın bütün bu iddiaları rədd edilib.
Bundan əlavə, qərarın 14-18-ci paraqraflarında Avropa İnsan Hüquqları Məhkəməsi xüsusi ilə qeyd edib ki, müharibə Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi barəsində çağırışlarla başlayıb. Bu xüsusda, məhkəmə tərəfindən spesifik olaraq, Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağın regional şurası tərəfindən 1989-cu ilin dekabrında "birləşmə" haqqında birgə bəyanata istinad olunub. Mahiyyət etibarilə, məhkəmə təsdiq edib ki, Ermənistanın ərazi iddiaları və onun Azərbaycan ərazilərinin bir hissəsini ilhaq etmək məqsədi daşıyan cəhdləri silahlı münaqişənin köklü səbəbidir və hərtərəfli müharibəyə təkan verib.
- Məhkəmənin bu birmənalı qərarına baxmayaraq, Ermənistan tərəfi hələ də israr edir ki, Ermənistan Azərbaycan ərazilərini işğal etməyib və bu qərarda bunun əksini sübut edən heç nə yoxdur. Ermənistan tərəfi eləcə də iddia edir ki, bu qərar yalnız Avropa İnsan Hüquqları Konvensiyasına aid olan hüquqlara tətbiq edilir. Bu kimi bəyanatlara münasibətiniz necədir?
- Təəssüf ki, Ermənistan çoxdan çıxarmalı olduğu nəticələr və danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirmək əvəzinə yalnız beynəlxalq ictimaiyyəti aldatmaq və özünün işğal siyasətini ört-basdır etmək üçün inkarolunmaz faktların inkar edilməsi xəttinə adətkarcasına sadiqlik nümayiş etdirir. Bu iddialar həqiqətdən artıq ola bilməz. Bu əsassız möhtəkirliyi təkzib etmək üçün qərarı, xüsusilə istinad etdiyim paraqrafları diqqətlə oxumaq kifayətdir.
Məhkəmə öz presidentlərinə istinad edərək bu nəticəyə gəlib ki, beynəlxalq hüquq çərçivəsində anlayışa uyğun olaraq işğal bir dövlətin digər dövlətin ərazisi və ya ərazisinin bir hissəsi üzərində faktiki hakimiyyəti həyata keçirməsi halıdır. Məhkəmənin qənaətinə görə, faktiki hakimiyyətin tələbləri geniş mənada effektiv nəzarətə sinonim kimi nəzərdən keçirilir. Yekun olaraq, təqdim olunan sübutları nəzərdən keçirən məhkəmə nəticəyə gəlib ki, bu ərazilərin hərbi işğalı sayəsində Ermənistan Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilər üzərində effektiv nəzarəti həyata keçirib və həyata keçirməkdə davam edir (paraqraf 96 və 168).
Ermənistanın rəsmi şəxslərinin dediklərinin əksinə olaraq, məhkəmə bu vacib nəticəyə gəlib ki, Dağlıq Qarabağ, Laçın rayonu və digər ətraf ərazilər Azərbaycanın tərkib hissələridir və indi hərbi işğal altındadırlar (146 və 173-cü paraqraflar) və işğal beynəlxalq hüququ və beynəlxalq humanitar hüquq qeyd olunan vəziyyətə tətbiq olunur (96-97 paraqraflar) və Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinin işğalçısıdır və beynəlxalq hüquqda nəzərdə tutulan terminlər əsasında bu ərazilər üzərində effektiv nəzarəti həyata keçirir. Məhkəmə sadəcə olaraq çoxdan geniş mənada bəlli olan və beynəlxalq ictimai səviyyədə bilinən məsələni təsdiq edib.
- Qərardan göründüyü kimi məhkəmənin icraatı dövründə Ermənistanın Laçına müdaxiləsi, onun dağıdılması və yandırılmasına və "özünü müdafiə" adı ilə azərbaycanlı əhalinin zorla çıxarılmasına və "Dağlıq Qarabağa ərzaq, tibbi ləvazimat və digər təminatları çatdırmaq ehtiyacı" adı ilə bəraət qazandırmağa çalışıb. Erməni tərəfi iddia edir ki, məhkəmə bu barədə qeyd götürüb. Mən onlardan sitat gətirmək istərdim: ""Azərbaycanın təcavüzü" vəziyyətində Laçının "azad edilməsi" Dağlıq Qarabağ əhalisinin yaşaması üçün həyati əhəmiyyət malik idi". Məhkəmə tərəfindən belə ziddiyyətli açıqlama verilibmi?
- Göründüyü kimi, Ermənistanın cəzasızlıq hissi onu faktları və beynəlxalq təşkilatların sənədlərini təhrif etmək və saxtalaşdırmaq üzrə çirkin təcrübəsini gücləndirməyə həvəsləndirir. Bu iddialar açıq-aşkar yalandan başqa bir şey deyil. Ermənistan hətta Avropa İnsan Hüquqları Məhkəməsi kimi nüfuzlu təsisatın qərarını həyasızcasına manipulyasiya etmək cəhdlərindən utanmır. Qərarda "Azərbaycanın təcavüzü" və ya "Laçının azad edilməsi" kimi ifadələr ümumiyyətlə yoxdur. Maraq göstərən şəxsləri məhkəmənin internetdə yerləşdirilmiş qərarı ilə tanış olmağa dəvət edirəm. Faktiki olaraq, məhkəmə Ermənistanın hərbi hücumları və "hərbi zərurət" adı altında mülki şəxslərin kütləvi şəkildə zorla qovulmasına bəraət qazandırmağa çalışan iddialarını tam şəkildə rədd edib.
- Məhkəmənin qərarının elan olunmasından sonra Ermənistan tərəfi bir sıra ziddiyyətli bəyanatlar verib. Belə ki, Ermənistanın ədliyyə nazirinin müavini və Avropa İnsan Hüquqları Məhkəməsi yanında nümayəndəsi Emil Balayan 13 iyun tarixində bildirib ki, Məhkəmənin qərarının siyasi və geosiyasi nəticələri ola bilər və bu qərarın münaqişənin sülh yolu ilə nizamlanması, eləcə də danışıqlar prosesinə təsiri labüddür. Eyni zamanda, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan son şərhlərində qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov işi" üzrə çıxartdığı qərarın danışıqlar prosesinə heç bir təsiri ola bilməz. Sizin fikrinizcə, Yerevandan verilən bu kimi ziddiyyətli ismarıcların arxasında nə durur və zəhmət olmasa, sözügedən qərarın danışıqlar prosesinə potensial təsiri barəsində fikirlərinizi bölüşərdiniz...
- Aydındır ki, biz gözlədiyimiz kimi, məhkəmə qərarı Ermənistanda şok dalğası yaradıb. Ermənistan rəsmiləri tərəfindən verilmiş ziddiyyətli bəyanatlar Məhkəmənin presidenti olmayan qərarı və bu qərarın geniş və labüd təsirindən Ermənistanın narahatlığına işarədir.
Qeyd etdiyim kimi, Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarı bir çox baxımdan önəmlidir. Bu qərar ilk dəfə olaraq nüfuzlu Məhkəmə tərəfindən vəziyyətin ədalətli, üçüncü tərəf analizini və Azərbaycan vətəndaşlarının Konvensiya ilə təsbit edilmiş fundamental insan hüquqlarının pozulmasına yol açan şəraitin hüquqi qiymətləndirilməsini təmin edib.
Xüsusilə, məhkəmə məcburi köçkünlərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququnu bir daha təsdiq edib və mülk və əmlakın qaytarılması ilə əlaqədar hüquqi və texniki məsələlərlə bağlı beynəlxalq humanitar hüquq və insan hüquqlarının müvafiq standart və prinsipləri xatırladıb. Bu xüsusda, məhkəmə qərarının 195-ci paraqrafında göstərildiyi kimi, məhkəmənin fikrincə, hazırkı şəraitdə azərbaycanlıların öz evlərinə qayıtmasına başlıca əngəl Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdə davam edən mövcudluğu və atəşkəsin pozulmasıdır.
İlk gündən Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdə davamlı qanunsuz mövcudluğunun regional sülhə əsas təhdid və münaqişənin nizamlanmasına başlıca əngəl olduğunu bildirir. Məhkəmə mahiyyətcə Azərbaycan vətəndaşlarının Konvensiya ilə təsbit olunmuş hüquqlarının müdafiəsi və daha geniş anlamda münaqişənin nizamlanması üçün Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasının "sine qua non"şərt olması ilə bağlı Azərbaycanın mövqeyi ilə razılaşmış oldu.
Məhkəmənin qərarı bir daha təsdiq edib ki, azərbaycanlı əhalinin öz evlərinə qayıtması hüququ mübahisə mövzusu deyil və istənilən həll bu hüququn effektiv tətbiqini təmin etməlidir.
Nəzərdən qaçırılmamalıdır ki, Məhkəmənin Böyük Palatasının bu qərarı yekun qərardır və hüquqi öhdəlik yaradır. Avropa Şurasının Məhkəmənin qərarlarının yerinə yetirilməsinə nəzarət edən təsisatlanmış mexanizmi var. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra işğal edilmiş Dağlıq Qarabağ və ətraf ərazilərdən qovulmuş məcburi köçkünlərin hüquqlarının müdafiəsi Avropa Şurasıvə onun orqanlarının gündəmində qalacaq.
- Danışıqlar prosesinə təsiri ilə bağlı bu qərar Ermənistan üçün hansı beynəlxalq məsuliyyəti təsbit edir?
- Məhkəmə qərarının ən əsas nəticəsi Azərbaycana qarşı başlayan və bu günədək davam edən təcavüz və beynəlxalq səviyyədə tanınmış ərazilərinin hərbi işğalı, yüz minlərlə Azərbaycan vətəndaşının işğal edilmiş ərazilərdən qovulması və bu ərazilərdə evlərinə qayıdaraq mülkiyyətlərindən istifadəsinə imkan verilməməsinə cavabdeh olan Ermənistan Respublikası baş vermiş və davam edən beynəlxalq hüququn pozulmasına görə tam beynəlxalq məsuliyyət daşıyır.
Dövlətin üzərinə düşən məsuliyyətin və hazırkı iş üçün xüsusi əhəmiyyət kəsb edən əsas tələbi pozuntuların aradan qaldırılması, onların bir daha təkrarlanmayacağına dair müvafiq təminat və zəmanətin verilməsi, vurulmuş zərərin tam reparasiya olunmasından ibarətdir.

Nəticədə, Ermənistanın ilk olaraq Azərbaycan ərazilərinin işğalına son qoyulması və bu ərazilərdən öz silahlı qoşunlarını dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına dair öhdəlikləri var. Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayitması üçün lazımı şəraiti yaradacaq o öhdəliklərin yerinə yetirilməsi heç bir halda münaqişənin nizamlanması prosesində güzəşt və ya münaqişənin həlli prosesində sövdələşmə vasitəsi kimi nəzərdən keçirilə və ya təqdim edilə bilməz.
- Erməni tərəfi iddia edir ki, Avropa Şurası Nazirlər Komitəsinin sədri və Bosniya və Herseqovinanın xarici işlər naziri olan İqor Krnadak AŞPA-nın 22 iyun tarixli yay sessiyasında çıxışında guya təsdiq edib ki, münaqişənin həll olunması prosesi ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində baxılır və bunun Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd olunmuş qərarları ilə heç bir əlaqəsi yoxdur. Bu bəyanatı necə şərh edərdiniz?
- Ermənistan tərəfinin iddiaları daha bir saxtakarlıqdır. Cənab Krnadakın çıxışının videoyazısını onlayn formada əldə etmək mümkündür. Məhkəmənin qərarının icra olunması ilə bağlı suallara cavabında əslində cənab Krnadak demişdir və burada mən ondan sitat gətirirəm, "Nazirlər Komitəsi bu qərarların icrasına nəzarətə başlayacaqdır və əlbəttə ki, Sədrlik buna daha çox diqqət yönəldəcəkdir və bu bizim üçün vacib olacaqdır". Həmçinin, o deyib ki, "Məhkəmə qərarının icrası İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 46-cı maddəsinə əsasən məcburidir və hərtərəfli sülh nizamlanmasını bərqərar etmək üçün davam edən cəhdlərlə birlikdə həyata keçirilməlidir". Ermənistan tərəfi vasitəçilik cəhdləri ilə bağlı cənab Krnadakın bəyanatını düzgün olmayan formada şərh edir. Cənab Krnadak bildirib ki, "münaqişənin həlli üçün vasitəçilik ATƏT-in Minsk Qrupunun məsuliyyətidir". Ən azından Avropa Şurasının belə bir yüksək vəzifəli rəsmisinin adından sözlər düzəltmək məsuliyyətsizlikdir.
- Ermənistan tərəfi "Sarqsyan Azərbaycana qarşı" işində bu məsələyə reaksiya verməkdən Azərbaycanı çəkindirən müəyyən ifadələrin olduğunu iddia edir. Bu belədirmi və Azərbaycanın Məhkəmənin bu qərara münasibətdə reaksiyası necədir?
- İlk növbədə bizə bu xüsusi məsələdə şərh üçün heç vaxt müraciət olunmayıb. Amma böyük məmnuniyyətlə erməni tərəfinin "marağını" cavablandıracam. Bildiyiniz kimi, azərbaycanlı ərizəçilər Konvensiyaya uyğun olaraq hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində iş qaldıranda, həmişə olduğu kimi Ermənistan tərəfi də bunu təkrarladı və Minas Sarqsyan adlı Ermənistan vətəndaşını 2006-cı ildə eyni tipli şikayətlə məhkəmədə iş qaldırmağa təhrik etdi. Ermənistan Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində kütləvi şəkildə azərbaycanlı məcburi köçkünlərin fundamental hüquqlarının pozulmasına dair Avropa İnsan Hüquqları Məhkəməsinin presidenti olmayan icraatından irəli gələn nəticələri azaltmaq üçün bu cəhdlərə əl atıb.
Bu şikayətçinin iddiasından irəli gələn iş qısaca olaraq ondan ibarətdir ki, guya bu şəxsin Azərbaycanın Goranboy rayonunun Gülüstan kəndinə qayıtmaq və öz mülkiyyətindən istifadə etmək barəsində hüququ inkar edilir. Xüsusilə qeyd etməliyəm ki, 218-ci paraqrafda məhkəmə məxsusi olaraq vurğulayır ki, Gülüstandakı evi və torpağına münasibətdə iddiaçı hüquqlarından məhrum edilməyib. O da qeyd olunur ki, bu işə mülkiyyət hüququndan məhrum etmə daxil deyildir. Eləcə də şikayət olunan bu halın mülkiyyət üzərində istifadəyə nəzarət məqsədi daşıyan hər hansı tədbirlərdən irəli gəlmədiyi vurğulanıb.
Məcburi köçkünlər və qaçqınların işi ilə bağlı Azərbaycanın mövqeyinin davamlı və dəyişməz olmasına dair hər hansı fikir əlavə etməyə ehtiyac yoxdur. Biz məcburi köçkünlərin ən tez bir zamanda öz evlərinə qayıtmasında ən çox maraqlı olan tərəfik. Çıraqov işində Məhkəmənin istinad etdiyi kimi əhalinin didərgin düşməsi Ermənistanın qeyri-qanuni hərəkətlərinin birbaşa nəticəsidir. Həqiqətən Ermənistan, xüsusilə Azərbaycanın Dağlıq Qarabağ regionu olmaqla, maneələr və qeyri-real şərtlər irəli sürməklə didərgin düşmüş əhalinin qayıtmasını əngəlləyir və kütləvi miqyasda həyata keçirdiyi etnik təmizləmənin nəticələrini möhkəmləndirməyə çalışır. Biz davamlı şəkildə dəfələrlə vurğulamışıq ki, Ermənistan silahlı qüvvələrinin çıxarılması, partlamamış mərmilərin təmizlənməsi, ərazilərin bərpası kimi addımlardan başlayaraq bir sıra tədbirlərin görülməsi didərgin düşmüş əhalinin təhlükəsiz və ləyaqətli şəkildə qayıtması üçün şərait yaradacaq.
"Sarqsyan Azərbaycana qarşı" işinə gəldikdə isə, bu qərarda bir sıra müddəalar vardır ki, Ermənistan tərəfi sadəcə onları kiçiltməyə və toxunmamağa çalışır. Çünki ən azından bu narahatlıq yaradır.