Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dikin (George Dick) APA-ya müsahibəsi
- Cənab səfir, İsrail-Azərbaycan münasibətlərinin indiki səviyyəsini necə dəyərləndirirsiniz?
- İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk yeddi ölkədən biri olub. O gündən bəri bizim 32 illik çox sıx əlaqələrimiz var. Bu gün ölkələrimiz arasında mövcud əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu tərəfdaşlıq enerji, təhlükəsizlik, kənd təsərrüfatı, su və digər sahələrdən tutmuş müxtəlif istiqamətləri əhatə edir. Münasibətlər inkişaf edir, püxtələşir. Əgər əvvəllər münasibətlər daha çox hökumətlərarası səviyyədə idisə, biz bu gün həm də qarşılıqlı olaraq vətəndaşlar, biznes, vətəndaş cəmiyyətləri arasında bunu müşahidə edirik. Turizmin, ticarət əlaqələrinin sürətlə inkişaf etdiyini görürük. Lakin hər şeydən əvvəl siyasi müstəvidə, hər iki ölkənin siyasi rəhbərliyinin əlaqələri çox yaxındır. Düşünürəm ki, İsrail-Azərbaycan münasibətlərinin hələ 30 il əvvəl başlamadığını unutmamalıyıq. Dünyanın digər yerlərindən fərqli olaraq, Azərbaycanda yəhudilər əsrlərdir cəmiyyətin qalan hissəsi ilə harmoniya və tolerantlıq şəraitində yaşayır. Məncə bu, təsvir etdiyim münasibətlərin inkişaf edə bildiyi möhkəm və sağlam əsasdır. Biz səbirsizliklə gözləyirik ki, bu əlaqələr, strateji tərəfdaşlıq bundan sonra da inkişaf edəcək, çünki biz çoxlu ortaq maraqları, dəyərləri və xalqlarımızı bu qədər yaxın edən bir çox mədəni xüsusiyyətləri bölüşürük.
- Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın tempi barədə nə deyə bilərsiniz? Burada söhbət həm qarşılıqlı investisiyalar, həm iqtisadi sferada həyata keçirilən birgə layihələrdən gedir.
- Ötən il İsraillə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi təxminən 1,3 milyard ABŞ dolları təşkil edib. Bu rəqəm çox görünə bilər, lakin hesab edirəm ki, bu göstərici potensialdan xeyli aşağıdır. Düzdür, bir neçə il əvvələ qədər müxtəlif səbəblərdən iqtisadi əlaqələr o qədər də inkişaf etməsə də, son bir neçə ildə biz böyük irəliləyiş görürük. Xatırladım ki, 2021-ci ildə Azərbaycanın İsraildə Ticarət Nümayəndəliyi açılıb. Bundan başqa, 2023-cü ildə Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlayıb. Beləliklə, bu proseslər, həqiqətən də, ölkələrimizin biznes sektorunda enerji partlayışına gətirib çıxardı. Məndə olan məlumata görə, Azərbaycan İsraildəki səfirliyinə Ticarət Attaşesi təyin etməyi planlaşdırır.
İsrail şirkətləri Azərbaycanın iqtisadi sahədə əhəmiyyətini başa düşürlər. Eyni zamanda, həm də dərk edirlər ki, Azərbaycan təkcə İsrailin tərəfdaşı deyil, həm də Şərqlə Qərbin kəsişmə nöqtəsidir. Azərbaycan demək olar ki, dünyada əksər ölkələrlə yaxşı münasibətlər qurub, balanslaşdırılmış yanaşmanı ustalıqla bacarıb. Bu, həqiqətən də, Azərbaycanı yaxşı tərəfdaş olmaq üçün unikal mövqeyə çıxarır. Təsəvvür edin ki, biz təkcə Azərbaycanda deyil, həm də Azərbaycanın hüdudlarından kənarda birgə iqtisadi layihələr həyata keçirmək üçün tərəfdaşlıq edirik.
Mən gizlətməməliyəm ki, 2023-cü il oktyabrın 7-dən bəri İsrail iqtisadiyyatının bir hissəsi müharibə və onun nəticələrindən təsirlənib. Ona görə də düşünürəm ki, builki tendensiya ticari-iqtisadi sahədə istədiyimiz qədər müsbət olmayıb, amma hesab edirəm ki, müharibənin çətinliklərini dəf etdikcə, əvvəlki vəziyyətə qayıda biləcəyik.
- İsrail Ermənistanın 30 illik işğalı dövründə daim Azərbaycanın haqlı mövqeyinə və ərazi bütövlüyünə siyasi dəstək verib. Bu dəstək xüsusilə özünü beynəlxalq təşkilatlar çərçivəsində daha aydın göstərib. Hazırda azad edilən ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri gedir. Ölkənizin bu işlərdə iştirakı ilə bağlı nə deyə bilərsiniz?
- İsrailin Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Qarabağla bağlı mövqeyi 2020-ci ildəki müharibədən əvvəl necə idisə, ondan sonra da elədir. İsrail bununla bağlı mövqeyini hər zaman çox açıq səsləndirən ölkələrdən biri olub. İnanırıq ki, bu cür dostluq və dürüstlük çətin anlarda sınanır və biz həmişə, ən çətin anlarda bir-birimizin yanında olmuşuq. Biz Azərbaycanı Qarabağı tam şəkildə azad etdiyinə görə təbrik edirik. Deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun hər bir bölgəsində olmuşam. Bu, mənim həmişə xoş xatırlayacağım bir şeydir. Həm də təəssüflə bildirməliyəm ki, orada xarabalıqların və dağıntıların səviyyəsinə şahid olduq.
İsrail həmişə deyib, elə indi də təkrar edirəm: Ölkəm azad edilmiş ərazilərin bərpası, reabilitasiya, sosial və ya iqtisadi layihələr baxımından Azərbaycanla əməkdaşlığa həmişə hazırdır. Məsələn, Zəngilanın Ağalı kəndində kənd təsərrüfatı sahəsində əməkdaşlıq etdik ki, ora qayıdan insanları təkcə məhsulla deyil, həm də işlə təmin edək. Bilirəm ki, İsrail şirkətləri Ağdamda, Zəngilanda və başqa yerlərdə müxtəlif sahələr üzrə müxtəlif layihələrdə iştirak edir.
- Yaxın Şərqdə baş verənlərə toxunmaq istərdik. Son günlər regionda genişmiqyaslı müharibə təhlükəsi artıb...
- İsraildə heç kim gözləmirdi ki, 2023-cü il oktyabrın 7-də 3000 HAMAS terrorçusu İsrailə hücum edəcək. Onlar cənubdakı İsrail icmalarında insanları öldürdülər, təcavüz etdilər və diri-diri yandırdılar. Holokostdan sonra yəhudilərə qarşı ən ölümcül hücumda bir səhər 1200 israillini itirdik və bu gün Qəzzada hələ də 101 girovumuz var. Həmin girovlardan ikisi qardaşdır, birinin yaşı birdən yuxarıdır, digərinin isə 4 yaşı var. Onlar 8 aylıq körpəni girov götürüblər. 8 aylıq körpəni girov saxlamağı təsəvvür edə bilirsiniz? Beləliklə, bu, oktyabrın 7-də baş verdi və o vaxtdan bəri İsrail Qəzzada HAMAS təhlükəsinin aradan qaldırılmasına, HAMAS-ın Qəzzanı idarə etməməsinə və girovlarımızın ailələrinə qaytarılması üçün çox aydın məqsədlərlə müharibə aparır. Ancaq unutmamalıyıq ki, HAMAS müstəqil təşkilat deyil, daha çox böyük xəritənin bir hissəsidir. Son 20-30 ildə İran regiondakı proksi qüvvələrini silahlandırır, təlim keçir və maliyyələşdirir. Onların məqsədi nədir? Onların məqsədi İsrail dövlətini xəritədən silmək, onu məhv etməkdir. Onlar buna necə nail olmaq istəyirlər? Onlar buna üç yolla nail olmağa çalışırlar. Birincisi, İsraili adlandırdıqları “alov halqası” ilə, yəni Qəzzada HAMAS, Livanda Hizbullah, Suriyada, İraqda, Yəməndə husilərlə onun ətrafında proksilər qurmaq və bu “alov halqası” ilə İsraili müharibə nəticəsində “boğmağa” çalışırlar. Onların bu hədəfə çatmaq üçün çalışdıqları ikinci yol ballistik raket sənayesini inkişaf etdirməkdir ki, onlar İsrailə ballistik raketlərlə hücum edə bilsinlər, necə ki, bunu apreldə iki dəfə və oktyabrda İsrailə qarşı ediblər. Üçüncüsü isə nüvə proqramının inkişafıdır. İran və onun proksiləri nüvə silahı olmadan nə qədər terror və zorakılıq törədir. Təsəvvür edin ki, onların nüvə toxunulmazlığı olanda vəziyyət daha da pisləşəcək. Oktyabrın 7-dən bəri İsrailin etməyə çalışdığı, ilk növbədə, “alov halqasından” çıxmaqdır. Biz HAMAS-ı hərbi qüvvə kimi məhv etdik. Şimalda Hizbullaha güclü zərbə vurduq, onların çoxlu imkanlarını sıradan çıxardıq. Həmçinin, son vaxtlar İrana hücum etdik və bu, onların hərbi sənayesində, xüsusən də ballistik raket istehsalında böyük geriləmə ilə nəticələndi. Baş nazirimiz bir neçə dəfə bəyan edib ki, İsrail heç vaxt İranın nüvə silahına sahib olmasına icazə verməyəcək, çünki bunun nə ilə nəticələnəcəyini bilirik. Beləliklə, İsrailin əsas məqsədləri çox aydındır: biz sülh içində yaşamaq istəyirik. Qəzzadakı insanlar HAMAS-dan daha yaxşısına layiqdirlər. Livan xalqı Hizbullahdan daha yaxşısına layiqdir. Lakin bunlar İranın vecinə deyil. Getdiyi hər yerdə vəkillər hazırlayır və ölkəni məhv edir. Mənə dünyada bir yer göstərin ki, İran ora müdaxilə edərək oranı daha yaxşı bir yerə çevirib. Suriya, Livan, Yəmən, Qəzza, İraq - bütün bu yerlər insanların yoxsulluqdan əziyyət çəkdiyi və İranın özünü müdafiə etmək üçün etibarlı zəncir qurması naminə uğursuz dövlətlərə çevrilib. Qəzzada, Livanda - bütün Yaxın Şərqdə xalqları qurban verirlər, ona görə də Yaxın Şərqdə tam hegemonluq yaratmaq məqsədi ilə öz istədiklərini davam etdirəcəklər. Bu isə İsrailin yox edilməsi ilə başlayır.
- Belə fikirlər var ki, Hizbullah liderlərinin bir-birinin ardınca öldürülməsi prosesləri daha da çıxılmaz vəziyyətə salıb. Həqiqətənmi Yaxın Şərqdə danışıq imkanları tükənib? Çünki Misir də daxil olmaqla, bir sıra vasitəçi dəfələrlə tərəflərə müzakirələr üçün platformalar təqdim edib, amma hər hansı nəticə olmayıb.
- Hizbullah rəhbərliyinin və onun birinci, ikinci və üçüncü səviyyələrdəki hərbi rəhbərliyinin aradan qaldırılması regionu ümidsiz deyil, daha ümidli edir və səbəb çox sadədir: Hizbullahsız Yaxın Şərq və Livan hamı üçün daha təhlükəsiz və daha yaxşı yerdir. Bunu təkcə İsrail demir, Livan xalqının son onilliklər ərzində ölkəyə amansızcasına nəzarət edən bu İran vəkilinin buxovlarını qırmaq ümidi olduğunu görəndə sevindiyini eşidirik. Livanın Baş naziri Rafiq Həririnin öldürülməsini xatırlayaq. BMT-nin araşdırması bunun arxasında Hizbullahın olduğunu müəyyən edib. Hizbullah ölkənin pulunu oğurlayırdı. Hizbullah son üç ildə Livanda prezidentin seçilməsinə mane olur. Hizbullah İsrailə hücumda öz maraqlarına xidmət etmək üçün bütün Livan xalqını girov saxlayır. Niyə Livan ordusunun özündən də güclü olan bir ordu olmalıdır? Hər bir suveren xalqın bir silahı, bir ordusu var. Azərbaycanın Azərbaycan Ordusu var. İsrailin Müdafiə Qüvvələri var. Livanda da Livan Silahlı Qüvvələri olmalıdır. Lakin Hizbullah öz silahlılarını saxlayır və məqsədlərinə çatmaq üçün bütün ölkəni qorxudur. Beləliklə, gördüyümüz iş İsrail üçün yaxşıdır, çünki məqsədlərimiz sadədir. Təəssüf ki, insanlar çox asanlıqla unudurlar ki, Hizbullah oktyabrın 8-də, yəni oktyabrın 7-dən bir gün sonra İsrailə hücum edib. Biz Livanda Hizbullahla müharibə istəmirdik. Amma oktyabrın 8-də bizə hücum etdilər. 11 aydır ki, biz beynəlxalq ictimaiyyətin Hizbullahı uzaqlaşdıran həll yoluna gəlməsini gözləyirik. 11 aydır, indi isə 12 aydan çoxdur Hizbullahın hücumlarından qorxaraq 80 min israilli şimaldakı evindən didərgin düşüb. Bu günə qədər 80 min insan, uşaqlı ailələr hücuma və bombalanmaya məruz qaldıqları üçün evlərinə qayıda bilmirlər. Amma təəssüf ki, beynəlxalq birlik yenə uğursuzluğa düçar oldu. Ona görə də işi özümüz görməli olduq. Biz gedib Livan ərazisində Hizbullahla döyüşməli və əmin olmaq məcburiyyətindəydik ki, vətəndaşlarımız təhlükəsiz şəkildə öz evlərinə qayıda bilsinlər və Hizbullahın şimaldan gələn təhlükəsi aradan qalxsın.
İstənilən terror təşkilatının liderlərinin məhv edilməsi zəruridir. Əlbəttə, siz sadəcə, liderləri məhv edib hər şeyin daha yaxşı olacağına ümid edə bilməzsiniz, amma bu, terror təşkilatlarının məhv edilməsi üçün zəruri və vacib addımdır. Düşünürəm ki, biz hamımız bununla razıyıq və bütün dünya da razılaşır ki, Qəzzada İsmayıl Haniyə və Yəhya Sinvarsız bir dünya, Livanda Həsən Nəsrullahsız bir dünya, Əl-Qaidənin lideri Bin Ladensiz bir dünya daha yaxşı dünyadır. Bu təşkilatları sıradan çıxarmaq üçün kifayət edirmi? Arzu edirəm ki, belə olar və əgər bu kifayət etsəydi, indiyə qədər müharibəni bitirərdik, lakin bu, zəruri addımdır, indi biz həm hərbi, həm də diplomatik addımlar atmalıyıq ki, müharibə İsrail xalqı və ətrafdakı o vəkillərin çəkmələri altında əziyyət çəkən xalqlar üçün ən yaxşı nəticələrlə başa çatsın.
HAMAS indi nə istəyir? Onlar atəşkəs əldə etmək istəyirlər, amma yenə də var olmaq, silahlanmaq və yenidən qruplaşmaq istəyirlər ki, daha bir 7 oktyabr həyata keçirə bilsinlər, ta ki, necə deyərlər, bütün yəhudilər qaçıb İsrail tamamilə dağılana qədər. Biz buna yol verə bilmərik və bu, keçən il Qəzzaya böyük fəlakət gətirən faciədir. Beləliklə, biz ümid edirik ki, müharibə tezliklə girovlarımızın azad edilməsi və HAMAS-ın tam təslim olması ilə başa çatacaq.
Bilirsiniz, təhlükəsizliyimizi başqasının, beynəlxalq ictimaiyyətin, heç kimin ümidinə qoymamalıyıq. 7 oktyabr hücumundan çıxardığımız dərs budur. Düşünürəm ki, bu, azərbaycanlıların çox yaxşı başa düşdüyü bir şeydir. Beynəlxalq ictimaiyyətə güvənməyin də bir həddi var. Sonda siz öz təhlükəsizliyinizi öz əlinizə götürməlisiniz, çünki mülki vətəndaşlarınız üçün məsuliyyət daşıyırsınız.
- Bölgədə yaranmış gərginlik fonunda ölkənizin əraziləri Livan istiqamətindən də intensiv raket zərbələrinə məruz qalır. Artıq Livanın da bu müharibənin tərəflərindən biri olduğu barədə fikir irəli sürmək olarmı?
- Biz Hizbullahla müharibə aparırıq. Biz Livan dövləti və xalqı ilə müharibə aparmırıq. Livan xalqı da Hizbullahın qurbanıdır. Bir ölkə olaraq Livandan öz suverenliyindən istifadə etməsini, bu hücumları dayandırmasını və İsrail dövlətinin tam təhlükəsizliyini təmin edə biləcək həyati bir həllə nail olmasını gözləyirik. Biz çox diqqətliyik. Belə ki, əgər İsrailin bu müharibədə seçdiyi hədəfləri yaxından təqib etsəniz, görərsiniz ki, onlar xüsusi olaraq Hizbullah hədəfləridir, yəni o hədəflər Livan ordusunun, Livan dövlətinin infrastrukturu deyil, çünki biz onlara resurslara sahib olmaq imkanı vermək istəyirik ki, onlar ölkəni zəbt etmiş bu terror təşkilatının girovluğunda qalmasınlar, Hizbullahı qabaqlayıb ölkələrini öz hökmranlıqlarına qaytara bilsinlər. Biz Livanı gələcək tərəfdaş kimi görürük. Livan bizim qonşumuzdur, biz eyni sahili, eyni yeməkləri, eyni mədəniyyəti paylaşırıq. Hər ikimiz müxtəlif etnik mənsubiyyətlərə və fərqli ənənələrə malik multikultural ölkələrik və tarixin qədim dövrlərində də həmişə yaxşı əlaqələrə və yaxşı ticarətə malik olmuşuq. Niyə bu gün də olmasın?! Buna görə də inanıram ki, günün sonunda, Livan Hizbullahdan azad ediləndə, Livan İranın caynağından qurtulanda, sabahı gün biz sülh əldə edəcəyik. Livan televiziyasını, mediasını izləyirəm. Onlar sülhün, normallaşmanın zərurətindən əvvəllər heç olmadığı qədər danışırlar. Hizbullah ağır zərbə alıb, ona görə də dua edirəm ki, bu müharibədən dərhal sonra nəinki atəşkəs olsun, mənim marağımda olan sülhün əldə olunmasıdır. Mənim marağım budur ki, gedib Beyrutu ziyarət edim və livanlılar gəlib Təl-Əvivi ziyarət etsinlər.
- Aydın məsələdir ki, dünyanın hansısa nöqtəsində gərginlik yarananda bir sıra dövlətlər tərəflərə atəşkəs və dialoq çağırışları edir. Sizin fikrinizcə, indiki halda istər İsrail-Fələstin, istərsə də Livan-İsrail münaqişəsində danışıqlar variantına geri dönülməsi mümkündür?
- İlk növbədə, biz vasitəçilərin, yəni Misirin və əlbəttə ki, ABŞ-ın oynadığı rolu yüksək qiymətləndiririk. Düşünürəm ki, onlar hər cür danışıqların aparılmasında çox mühüm rol oynayırlar. HAMAS ilə danışıqlara yer yoxdur, HAMAS terror təşkilatıdır, onların nizamnaməsində mövcud olma səbəbi kimi İsrailin aradan qaldırılmasından bəhs edilir. HAMAS-ın İsrail dövlətini məhv etməkdən və bölgədə şəriət qanunlarını tətbiq etməkdən başqa mövcud olmaq üçün hər hansı səbəbi yoxdur, onlar sülhpərvər tərəfdaş deyillər. Amma düşünürəm ki, ertəsi gün İsrail və Fələstin ərazilərindəki dinc tərəfdaşlar önə çıxacaq və fələstinlilərin hüquqlarını, həm də dövlətin təhlükəsizliyini təmin edəcək sülh yolu ilə həllə nail olacaqlar.
İsrail müstəmləkə layihəsi deyil, dünyanın bu hissəsində daimi bir varlıqdır və sülhün əldə edilməsi normallaşma və ölkələr arasında yaxşı münasibətlərlə dolu bir sülh rolu oynayacaq. Livan xalqı ilə bağlı mən bunu əvvəllər demişəm və yenə də deyirəm, sülh əldə etmək asan olmalıdır, çünki bizim heç bir münaqişəmiz, ərazi mübahisəmiz yoxdur, onlar bizim qonşumuzdur, buna görə də sülhə nail olmaq asan olmalıdır. Biz Misirin İsraillə sülh istədiyini görəndə sülh əldə etdik. Görəndə ki, İordaniya İsraillə sülh istəyir, yenə sülh əldə etdik. BƏƏ, Bəhreyn, Mərakeş, Sudan İsraillə barışmaq istəyəndə də biz sülhə nail olduq. Mən sizə zəmanət verirəm ki, İrandakı rejim süqut edən gün, həmin rejim regionun bütün ölkələri üzərində terror təsirini itirdiyi gün biz hər bir ölkə ilə sülh əldə edəcəyik. Səudiyyə Ərəbistanı ilə sülh bağlaya bilməməyimiz üçün heç bir səbəb yoxdur, mən inanıram ki, bu, gec-tez baş verəcək. Biz Suriya, Livan, İraq, Fələstin və digərləri ilə də sülh bağlayacağıq.
- Cənab səfir, sonda bu ay Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Mən Azərbaycanı COP29-a ev sahibliyi etdiyinə görə təbrik etmək istəyirəm. Azərbaycanın belə bir mühüm qlobal tədbirə ev sahibliyi etməsi möhtəşəm bir nailiyyətdir. Mən əminəm ki, Azərbaycan bu kimi beynəlxalq tədbiri həyata keçirməyə qadirdir. İsrail təbii ki, iqlim məsələsinə və planetimizin qorunmasına böyük əhəmiyyət verir. Gələcək nəsillər üçün, övladlarımız, onlara daha yaxşı, daha təhlükəsiz və təmiz dünya buraxmaq üçün məsuliyyətimiz var. Beləliklə, İsrail bunu çox ciddi qəbul edir və biz su, kənd təsərrüfatı, enerji, bərpa olunan enerjidə təmiz enerji texnologiyalarımızla bu səylərə böyük töhfə veririk. Bu, şübhəsiz ki, İsrail üçün çox vacibdir. Bakıda keçiriləcək COP29-da bizi ən yüksək səviyyədə İsrail Prezidenti təmsil edəcək və bu, onun iki il ərzində Bakıya ikinci səfəri olacaq ki, bu da ikitərəfli səviyyədə böyük nailiyyətdir. Əlavə olaraq, ən azı daha üç nazirimiz də gələcək. Biz bu səfər boyu çox məhsuldar gündəmin olmasını səbirsizliklə gözləyirik və ümid edirik ki, bu, daha yaxşı bir dünyaya gətirib çıxaracaq.