Nazir Murat Kurum: COP29-da qəbul edilən qərarlar gələcəyimiz üçün önəmli olacaq - MÜSAHİBƏ Müsahibə

Nazir Murat Kurum: COP29-da qəbul edilən qərarlar gələcəyimiz üçün önəmli olacaq  - MÜSAHİBƏ

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun APA-ya müsahibəsi

- Ətraf mühiti daha çox çirkləndirən, iqlim dəyişmələrinin əsas səbəbkarlarından olan bəzi ölkələrin – Fransa, Norveçin başçıları, eləcə də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen COP29-da iştirak etmir. İqlim dəyişmələrinə görə daha çox məsuliyyət daşıyan ölkələrin rəhbərlərinin bu təşəbbüslərə laqeyd yanaşmasına münasibətiniz necədir?

- Bu, Azərbaycanın COP29-a ev sahibliyi prosesini sabotaj etməyə yönəlik bir cəhddir. Biz bunu doğru saymırıq. Bir tərəfdən “ortaq evimiz, ortaq dünyamız, ortaq gələcəyimiz bu işləri görməyimiz gərəkdir” deyərkən belə bir toplantıda Azərbaycanda olmamaq təzadlı durumdur.

Amma buna baxmayaraq, Azərbaycan COP29-a çox nümunəvi ev sahibliyi etdiyini bütün dünyaya göstərdi. Prezidentlərin, Baş nazirlərin, nazirlərin olduğu, hədəflərin paylaşıldığı bir prosesi birlikdə görürük. Mən bununla bağlı ilk növbədə gördükləri işlərə, həyata keçirdikləri layihələrə görə azərbaycanlı qardaşlarımızı təbrik edirəm. Onlar istəsə də, istəməsə də, son nəticədə bu tədbir yüksək səviyyədə keçirilir. Əsas COP29 çərçivəsində qəbul edilən qərarların həyata keçirilməsidir. İnşallah, qəbul edilən qərarlar gələcəyimiz üçün önəmli olacaq və həyata keçiriləcək. Səmimi olmaq lazımdır. İnkişaf etməkdə olan ölkələrin bir tarixi məsuliyyəti yoxdur, amma inkişaf etmiş ölkələr toplantıda iştirakdan belə imtina edirlər. O zaman insan bunun necə bir səmimiyyət olduğunu düşünür. Onlar səmimi olub-olmasalar da, biz bu işi əlini daşın altına qoyan hər dövlətlə, azərbaycanlı dostlarımızla, digər dostlarımızla davam etdirəcəyik. Bu mənada iqlim sərmayələrinin nə dərəcədə önəmli olduğunu dilə gətirəcəyik.

- COP29-da iqlim sərmayəsi ilə bağlı hədəflərə nail olunacaqmı, bu vəsaitlər toplana biləcəkmi?

-İnşallah. Belə olması önəmlidir. 10 gün ərzində bununla bağlı müzakirələr aparılacaq. Keçmişdə qəbul edilən qərarlar var, 100 milyard dollar sərmayə təmin edilib. Amma bu 100 milyard dolların yetməyəcəyini hər kəs bilir. Artıq bunu trilyon dollar səviyyəsinə çıxaracaq qərarların qəbulu, bilavasitə inkişaf etməkdə olan ölkələrə bu dəstəklərin verilməsi önəmlidir. Bununla bağlı qərarların qəbul oluanacağına ümid edirik.

- Prezident Ərdoğan COP29-un Liderlər Sammitində çıxışında Türkiyənin iqlim dəyişmələrindən ən çox əziyyət çəkən ölkələrdən olduğunu dedi. Türkiyə iqlim dəyişikliyi ilə mübarizədə hansı addımları atır?

- Türkiyə Paris razılaşmasına tərəf olmadan da bir çox addımlar atıb və atmağa da davam edir. Sənaye, istehsal və digər sahələrlə bağlı bir çox addımları atdıq. Millət bağçaları, meşələrin salınması, qoruqların sayının artırılması ilə, elektrik mühərrikli avtomobillərimizlə bu prosesi həyata keçiririk və həyata keçirməyə davam edəcəyik.