Ayxan Hacızadə: Ermənistanla sülh sazişi çərçivəsində işlər çox irəliləyib, bir çox müddəalar razılaşdırılıb - MÜSAHİBƏ Müsahibə
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin APA-ya müsahibəsi
- Ötən gün Azərbaycan xarici işlər nazirinin müavini cənab Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistan tərəfindən qaldırılmış etirazlarına baxmayaraq, Azərbaycanın Ermənistana qarşı iddiasına, o cümlədən minalarla bağlı faktlara mahiyyəti üzrə baxmağa qərar verdiyini bildirdi. Bu qərarı daha ətraflı və anlaşılan şəkildə izah etməyinizi istərdik. Ümumilikdə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarları nə dərəcədə ədalətli hesab etmək olar?
-Bildiyiniz kimi, Vətən müharibəsindən sonra Azərbaycan tərəfi Ermənistana qarşı bir sıra məhkəmə proseslərinə başlayıb. Məhkəmə proseslərinin əsas məqsədi 30 il ərzində Azərbaycana qarşı törədilmiş beynəlxalq hüquq pozuntuları, eyni zamanda, həyata keçirilmiş insanlıq əleyhinə cinayətlərin müvafiq məhkəmə prosesləri çərçivəsində qiymətləndirilməsi, buna dair rəyin verilməsi və Ermənistanın məsuliyyətə cəlb edilməsi idi. Həmçinin qeyd etmək istərdik ki, Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya çərçivəsində proses həyata keçirilir. Dünən bu istiqamətdə Ermənistan və Azərbaycanın etirazları ilə bağlı müvafiq qərar qəbul edilib. İlk olaraq, bu qərar 30 il ərzində Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, irqi-ayrı seçkiliyin müvafiq olaraq qiymətləndirilməsi məqsədi daşıyır. Bu çərçivədə həm Ermənistan tərəfindən, həm Azərbaycan tərəfindən müxtəlif iddialar mövcuddur. Məhkəmənin verdiyi ilkin qərardır.
Azərbaycan tərəfi azərbaycanlılara qarşı Ermənistan tərəfindən törədilən cinayətlərin müvafiq olaraq məhkəmə tərəfindən mahiyyəti üzrə nəzərdən keçirilməsi barədə qərarı alqışlayıb. Bu qərar ilk öncə məhkəmə tərəfindən bu prosesin növbəti illərdə müvafiq olaraq araşdırılacağı, müvafiq rəyin verilməsi barədə qərardır. Bundan əlavə, bildiyiniz kimi, azərbaycanlılara qarşı törədilən mina təhdidinin müvafiq məhkəmə proseslərində qaldırılması əsas istiqamətlərdən biridir. Bu barədə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilib. Baxmayaraq ki, Ermənistan tərəfi bu məsələnin çıxarılmasına səy göstərirdi. Ancaq məhkəmə bununla bağlı qərar verdi. Mina təhdidi olduqca genişmiqyaslıdır. Vətən müharibəsindən indiyədək 400-ə yaxın azərbaycanlı mina qurbanı olub və bu məsələnin məhkəmə prosesləri çərçivəsində müvafiq qiymətləndirilməsi barədə qərar verilməsi olduqca əhəmiyyət kəsb edən məsələdir.
Azərbaycan tərəfi bu məhkəmələrdən əlavə Ermənistana qarşı müvafiq arbitraj prosesləri də həyata keçirməkdədir. Bunlardan biri də Azərbaycanın enerji resurslarının keçmiş işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən müvafiq olaraq istifadə edilməsi, talanmasının məhkəmə tərəfindən qiymətləndirilməsi ilə bağlıdır. Azərbaycan tərəfi bu istiqamətdə işləri davam etdirir. Hesab edirik ki, bu, olduqca vacib məsələdir.
-Azərbaycan “Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya” (“Ottava Konvensiyası”) və “Kasetli sursatlar haqqında Konvensiya”na (“Oslo Konvensiyası”) Azərbaycan nə üçün qoşulmur?
-Bildiyiniz kimi, Vətən müharibəsinə qədər, ümumiyyətlə, münaqişənin həll olunması prosesinə qədər Azərbaycana əsas təhdid törədən məsələ - Ermənistanın hər an hücumu genişləndirəcəyi, Azərbaycana qarşı işğalın genişləndirilməsi məsələsi idi. Azərbaycan bunu əsas vasitə hesab edirdi ki, bu istiqamətdə işlər həyata keçirilsin və yeni hücum təhdidinin qarşısının alınması istiqamətində iş aparsın. Azərbaycan üzv olmamasına baxmayaraq, Ottova Konvensiyasına hər il müvafiq olaraq hesabatlar təqdim edib. Azərbaycan tərəfindən həyata keçirilən mina təmizləmə işləri, eyni zamanda, bu istiqamətdə hansı etimad quruculuğu tədbirlərinin həyata keçirilə bilməsi barədə müvafiq hesabatlar Ottova Konvensiyası çərçivəsində təqdim edilib. Ermənistan tərəfindən də eyni tipli bəyanatların verilməsinə baxmayaraq, Ermənistan bir daha Vətən müharibəsindən sonra atdığı addımlarla göstərdi ki, onlar heç zaman minalardan əl çəkməyib, Azərbaycana qarşı mina təhdidini davam etdirib. Hətta 2021-ci il istehsalı olan minalar Vətən müharibəsindən sonra Azərbaycanın keçmiş işğal olunmuş ərazilərinə gətirilmişdi. Azərbaycan tərəfi indi də bütün hərbi vasitələrdən ancaq öz təhlükəsizliyinin qorunması istiqamətində müvafiq olaraq istifadə etməkdədir və bu istiqamətdə də müvafiq işlər həyata keçirilir.
-Əgər sülh müqaviləsi imzalanarsa, hər iki tərəf beynəlxalq məhkəmələrdə qarşılıqlı olaraq iddialarını geri götürə bilərmi? Bu bənd sülh danışıqlarında öz əksini tapıb?
-Şübhəsiz ki, sülh prosesi çərçivəsində mövcud çətinliklərin, mövcud iddiaların aradan qaldırılması əhəmiyyət kəsb edən məsələlərdən biridir. Əgər davamlı və ədalətli sülh olmasını istəyiriksə, şübhəsiz ki, dövlətlər bir-birinə qarşı olan iddialardan əl çəkməlidirlər. Bu bir prosesdir və bu prosesin hansı istiqamətdə irəliləyəcəyini indidən söyləmək çətin məsələdir. Ancaq Azərbaycan tərəfinin niyyəti budur ki, bölgədə davamlı sülh təmin edilsin. Bu istiqamətdə də bütün üsullardan, bütün vasitələrdən istifadə edilməsi zəruridir.
-Bəs COP-29 çərçivəsində Azərbaycan Ermənistana dəvət göndərsə də, Ermənistan tərəfindən hələ də geridönüş edilməyib. Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan isə iştirakın sülh sazişi və Azərbaycanda saxlanılan ermənilərin azad edilməsi ilə bağlı irəliləyişə bağlı olduğunu vurğulayıb… Bu bölgədə davamlı sülh prosesi üçün aparılan danışıqlara necə təsir edir?
-Azərbaycan COP prezidenti olaraq, öz öhdəliklərinə sadiq qalaraq və Konvensiyada öhdəlikləri çərçivəsində bütün üzv dövlətlərə tədbirdə iştirak üçün dəvət göndərib. Ermənistan tərəfinə də müvafiq dəvət göndərilib. Şübhəsiz ki, Ermənistan tərəfinin bu prosesdə iştirak etməməsi Ermənistan tərəfinin itirəcəyi bir məsələdir. Onun bu proseslərdə iştirak etməməsi, şübhəsiz ki, Ermənistanın konstruktiv siyasət yürütmədiyini bir daha nümayiş etdirir. Azərbaycan tərəfi müvafiq dəvət göndərərək onların iştirakını və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində bu proseslərə cəlb edilməsini zəruri hesab etmişdi. Ancaq şübhəsiz ki, bu, onların öz seçimidir. Onların gəlib-gəlməyəcəyi barədə bizdə hər hansı bir məlumat mövcud deyil. Eyni zamanda, qeyd etmək istərdik ki, iqlim dəyişmələri üzrə bu tədbirin siyasiləşdirilməsinin, hər hansı bir tədbirdə iştirak məsələsinin müvafiq qeyd-şərtlərlə şərtləndirilməsinin heç bir əsası yoxdur və bu, əsassızdır. Bu kimi addımlar, şübhəsiz ki, konstruktiv hesab edilə bilməz. Azərbaycan tərəfi hesab edir ki, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı əhəmiyyətli tədbirlərdən biri olaraq sırf dünyamız üçün mövcud olan təhdidin aradan qaldırılmasına yönəlməlidir. Bu tədbirlərin siyasiləşdirilməsi qəbuledilməzdir.
-Bir çox ölkələr yenə də Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçi olmağı təklif edir, məsələn, Gürcüstan. Bu təkliflərə Azərbaycanın cavabı necədir?
-Vasitəçilik səyləri daha əvvəl də həyata keçirilib. Ancaq bir daha vurğulamaq istərdik ki, bu proses ikitərəfli prosesdir. Azərbaycan tərəfi hər bir dövlətin danışıqları irəlilətməsi istiqamətində səylərini dəstəkləyib və hər bir dəvət edən dövlətin çağırışına müsbət cavab verir və müvafiq olaraq həmin dövlətlərin təşkil etdiyi danışıqlarda iştirak edib. Ancaq vurğulamaq istərdik ki, bu, ikitərəfli prosesdir. Burada əsas razılaşmalı olan tərəflər Azərbaycan və Ermənistandır. Onlar tərəfindən bu proses ikitərəfli əsasla irəlilədilir.
-Dekabrdan Ermənistanla Azərbaycan arasında sülh danışıqları ilə bağlı yeni mərhələnin başlanacağı bildirilir. İlin sonuna qədər sülh müqaviləsinin imzalanması mümkündür?
- 2022-ci ilin oktyabr ayından Azərbaycan tərəfindən irəli sürülmüş layihə çərçivəsində xarici işlər nazirləri səviyyəsində danışıqlar prosesi həyata keçirilir. Bu bir prosesdir və müvafiq görüşlər keçirilib. Bildiyiniz kimi, həm xarici işlər nazirləri səviyyəsində, həm liderlər səviyyəsində proses davam etdirilib. Xarici işlər nazirləri səviyyəsində mətn üzrə mübadilələr həyata keçirilir. Sülh sazişi çərçivəsində işlər çox irəliləyib. Demək olar ki, bir çox müddəalar razılaşdırılıb. Bəzi müddəaların razılaşdırılması istiqamətində hazırda iş aparılır. Ancaq sazişin nə zaman imzalanacağı barədə indidən hər hansı bir qiymətləndirmə vermək, şərh vermək düzgün olmazdı. Bu, bir prosesdir. Eyni zamanda vurğulamaq istərdik ki, Azərbaycanla Ermənistan arasında həqiqi sülhün təmin edilməsi üçün, formalaşması üçün müvafiq olaraq Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların aradan qaldırılması əhəmiyyət kəsb edir.
-Son olaraq, ölkəmizdə keçirilən nüfuzlu COP29-la bağlı bir sual vermək istərdim. Ətraf mühiti daha çox çirkləndirən, iqlim dəyişmələrinin əsas səbəbkarlarından olan bəzi ölkələrin – Fransa, Norveçin liderləri, eləcə də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen COP29-da iştirak etmir. İqlim dəyişmələrinə görə daha çox məsuliyyət daşıyan ölkələrin rəhbərlərinin bu təşəbbüslərə laqeyd yanaşmasına münasibətiniz necədir?
- Bir daha qeyd etmək istərdim ki, Azərbaycan tərəfi COP sədri olaraq bütün tərəflərə müvafiq iştirak üçün dəvətlər göndərir. Bu, ümumi tədbirdir, BMT-nin tədbiridir. Azərbaycan tərəfi COP sədri olaraq bu tədbirin uğurlu keçirilməsinə, uğurlu nəticələrin əldə edilməsinə yönəlib və bu istiqamətdə də dövlətlərin müvafiq konsensus əldə edilməsi istiqamətində öz səylərini əsirgəmir. Azərbaycan tərəfi hesab edir ki, bu tədbirdə nə qədər çox dövlət rəhbəri, nə qədər çox iştirakçı iştirak edərsə, eyni zamanda, dövlətlər nə dərəcədə məsuliyyətli davranarsa, bu prosesdə, həmçinin danışıqlar prosesinin irəlilədilməsi istiqamətində səylərini əsirgəməzsə, o dərəcədə böyük uğurlar əldə edilə bilər. Ancaq qeyd etmək istərdik ki, bəzi dövlət başçılarının bu tədbirdə iştirak etməməsinə baxmayaraq, Azərbaycan tərəfinin təşkil etdiyi bu tədbir, bu konfrans olduqca yüksək səviyyədə və genişmiqyaslı şəkildə təşkil olunub. Təqribən 100-ə yaxın dövlət və hökumət başçısı bu tədbirdə iştirak edir. Hazırda da gördüyünüz kimi, çıxışlar davam edir. Dövlətlər bu məsələnin məsuliyyətini dərk edərək tədbirdə iştirak edirlər və tədbirin uğurlu olması üçün ümid edirik ki, öz səylərini əsirgəməyəcəklər.