Gənc rəqqasə: Vaxtilə nənəmin quruluş verdiyi “Ağ çiçəyim” rəqsini yapon xanıma öyrətmişəm - MÜSAHİBƏ Müsahibə

Gənc rəqqasə: Vaxtilə nənəmin quruluş verdiyi “Ağ çiçəyim” rəqsini yapon xanıma öyrətmişəm - MÜSAHİBƏ

Onunla görüşümüz heç də təsadüfi deyildi. Belə ki, onun yetirmələri bu günlərdə Kanadanın Kalqari şəhərində Avropa Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Avropa xalq rəqsləri” beynəlxalq rəqs müsabiqəsində qızıl medal qazanıblar. Əldə edilən bu uğurun sevincini AZƏRTAC-la bölüşən gənc və istedadlı rəqqasə, Bakı Xoreoqrafiya Akademiyasının məzunu, TÜRKSOY mükafatçısı Lalə Aslanur keçdiyi yola nəzər saldı, planlarından, milli rəqs sənətimizə sonsuz sevgisindən və bu yolda çəkdiyi əziyyətlərdən, qazandığı uğurlardan ürəkdolusu danışdı.

Lirik süjeti, bədən plastikası və kəpənək uçuşunu xatırladan zərif əl hərəkəti ilə rəqqasə hər rəqsində (“Ağ çiçəyim”, “Lalə”, “Bənövşə”, “Qəşəngi”, “Qaragöz” və s.) mükəmməl, bitkin bir sənət əsəri yaradır. Rəqsin insana psixoloji və mənəvi rahatlıq verən bir incəsənət növü olduğunu bildirən həmsöhbətim deyir: “O, sadəcə, musiqinin müşayiəti ilə hər hansı hərəkətin ifası deyil, əslində həyatın əksidir. Bu hərəkətlərlə rəqqaslar bir çox məqamları izah edə və ya içindəkiləri göstərə bilirlər. Rəqs ürəyin nə danışdığını hər kəsin ruhuna çatdırmağa imkan verir. Hər rəqs özündə bir mənanı, tarixi, incəsənəti yaşadır. Biz rəqs vasitəsilə həm tarixi, incəsənəti yaşadır, həm də mənəvi zövq alırıq. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da milli rəqs sənətimizin tarixinə, onun yaşadılmasına böyük önəm verilir”.

“Avropa xalq rəqsləri” müsabiqəsində qazanılan qızıl medal

Lalə xanım deyir ki, bu günlərdə Kanadanın Kalqari şəhərində Avropa Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə “Avropa xalq rəqsləri” beynəlxalq rəqs müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycan, Bolqarıstan, Rumıniya, Yunanıstan, Polşa, Ukrayna, Xorvatiya və digər Avropa ölkələrinin təmsilçiləri öz milli rəqsləri ilə çıxış ediblər. Çox zəngin ənənələrə malik Azərbaycan rəqs mədəniyyəti bu dəfə də dünya arenasında öz əzəmətini nümayiş etdirərək müsabiqədə birincilik qazanaraq qızıl medala layiq görülüb.

Rəqslərin ərsəyə gəlməsində böyük zəhməti olan, onlara quruluş verən rəqqas deyir: “Sevindirici haldır ki, Azərbaycanı təmsil edən rəqqasların hamısı Kanadada yaşayan azərbaycanlılardan ibarətdir. Müsabiqəyə 4 ay əvvəl hazırlaşmağa başladıq. Kanadada yaşayan azərbaycanlılar “Mənimlə rəqs et” proqramım əsasında onlayn dərslər çərçivəsində çox ciddi şəkildə hazırlıq keçdilər. İlk turda milli və balet sintezini özündə birləşdirən “Qaval” milli rəqsimiz nağara musiqi alətinin əsrarəngiz ritmləri ilə münsiflər heyətinin böyük marağına səbəb oldu. İkinci turda Azərbaycanı dünyaya tanıdan dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Koroğlu” operasından möhtəşəm rəqs təqdim etdik. Azərbaycan nümayəndə heyətinin möhtəşəm performansı münsiflər heyətinin həmvətənlərimizi 1-ci yerə layiq görməsi ilə yekunlaşdı. Səhnədə Azərbaycan Bayrağının dalğalanması və rəqqaslarımızın birincilik qazanması rəqs mədəniyyətimizin tarixinə qızıl hərflərlə həkk olundu”.

Onun sözlərinə görə, Azərbaycan komandası bu müsabiqədə onlayn iştirak edərək birincilik qazanan yeganə kollektiv olub. Bu da münsifləri çox heyrətləndirib.

“Onlayn, bu, necə olur?” sualımıza isə onun özünəməxsus cavabı oldu: “Əgər sən öz işini, Vətənini, mədəniyyətini sevirsənsə, hər şey etmək mümkündür”.

Uğurlu layihə - “Mənimlə rəqs et”

Bakı şəhərində dünyaya göz açan Lalə Aslanurun musiqi və milli rəqslərimizə olan sevgisi onu Bakı Xoreoqrafiya Məktəbində təhsil almağa gətirib çıxarıb. O, 5 il balet sinfində dərs alıb. Daha sonra məktəbin daxilində olan milli şöbəyə keçərək Azərbaycan milli rəqs sənətinin özəlliklərini öyrənib. Uşaq yaşlarından ölkədaxili müxtəlif yarışlarda iştirak edərək qaliblər və laureatlar sırasında olub. Bütün bunların nəticəsində məktəbi əla qiymətlərlə bitirərək ali təhsilini Azərbaycan Xoreoqrafiya Akademiyasında Baletmeyster fakültəsində davam etdirib. Ali təhsil aldığı zamanlarda Azərbaycan milli rəqslərinə olan tükənməz həvəsi və sevgisi ilə yanaşı, dünya xalqlarının rəqsləri ilə də ciddi maraqlanıb. Bunun nəticəsində İtaliya, Rusiya, Ukrayna, İspaniya, yunan, özbək, qazax və digər bir çox xalqların səhnə rəqslərini öyrənərək müxtəlif festivallarda çıxış edib.

Həyatının ən yaddaqalan rəqs müsabiqəsi dünyaşöhrətli balerina Qəmər Almaszadə adına beynəlxalq rəqs müsabiqəsi olub. "Sarı gəlin" rəqs kompozisiyasını ifa edərək müsabiqənin özəl mükafatı sayılan TÜRKSOY medalına layiq görülüb. Dünyanın 10 ölkəsindən qatılan (Azərbaycan, ABŞ, Bolqarıstan, İspaniya, İsrail, Qazaxıstan, Rusiya, Türkiyə, Ukrayna və Yaponiya) professional rəqqaslar sırasında Azərbaycan rəqs sənətini təmsil edib laureatlar sırasına düşmək onu yeni-yeni uğurlara həvəsləndirib.

Daha sonra 35 illik fasilədən sonra keçirilən "Bakı Payızı 2024" müsabiqəsində 3 kompozisiyasını birləşdirərək quruluş verdiyi “Məhəbbət üçbucağı” ən yaxşı rəqs nominasiyası mükafatını qazanıb.

Qazandığı uğurlarla kifayətlənməyərək “Mənimlə rəqs et” layihəsini yaradaraq Kanada, Yaponiya, Rusiya, Amerika, Gürcüstan, Türkiyə və bir çox başqa ölkələrdə yaşayan azərbaycanlı uşaqlara “onlayn” şəkildə milli rəqslərimizi öyrədir.

“Mənim ən böyük layihələrimdən biri “Mənimlə rəqs et”dir. Bu layihə əsasında dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların övladlarına onlayn şəkildə rəqslərimizi öyrədirəm. Bu layihə barədə sosial şəbəkələrdə paylaşımım az vaxtda böyük maraq doğurdu və çoxsaylı müraciətlər aldım. Rəqsləri onlayn formada öyrətmək çox çətindir. Lakin mən bunun öhdəsindən gəldim və öz tədris metodumla bunu uzaq qürbət ölkələrdə yaşayan balalarımıza mənimsədə bildim. Milli rəqslərimizi vətənsevər övladlarımıza ona görə öyrədirəm ki, onlar dövlət tədbirlərində bunu təqdim etsinlər, eləcə də beynəlxalq tədbirlərdə, festivallarda ölkəmizi layiqincə tanıtsınlar. Biz həftənin müəyyən günləri, bəlli saatlarda bu işlə ciddi məşğul oluruq. İlk dərslərim fərdi formada başlayır və sonradan 10 nəfərlik qruplara ayrılırıq. Bizə müraciət edən istənilən insana kömək etməyə çalışırıq”, - deyə həmsöhbətim bildirib.

Hazırda təhsilini davam etdirməyi düşündüyünü söyləyən gənc rəqqasə magistraturaya hazırlaşdığını deyir.

Ənənələr davam edir

O, dünyanı dərk etməyə başlayandan, musiqini, ritmləri duyandan çoxlarından fərqli olaraq milli rəqslərimizə efirdən baxmayıb, canlı olaraq yaşadığı evdə hər gün tamaşa edib. Nənəsi canlı əfsanə, Xalq artisti, görkəmli rəqqas, "Şərəf" ordenli, Prezident təqaüdçüsü Roza Cəlilovanın xeyir-duası ilə Lalə bu sənətə əbədi könül verib.

Roza xanım rəqs edəndə sanki barmaqları ilə səmanın ənginliklərinə rəsm çəkirdi. Onu səhnəmizin “Ağ çiçəyi” adlandırırlar. Doğrudan da, milli rəqslərimizin sədaları altında qanad açıb quş kimi süzən ürkək baxışlı, zərif yerişli bu xanımı ağ göyərçinə, qağayıya, durnaya bənzədənlər, bənövşə ilə müqayisə edənlər də olub. Rəqs meydançasında özünü suda balıq kimi hiss edən milli rəqslərin gözəl və bənzərsiz ifaçısı özü də çox rəqsə quruluş verib. Bəstəkar Cahangir Cahangirov “Ağ çiçəyim” mahnısını məhz onun şərəfinə yazıb. Milli rəqslərimizi qu quşu məhəbbəti ilə sevən Roza xanımın dünən olduğu kimi, bu gün də könlü rəqslərimizlə pərvazlanır.

Maestro Niyazi onun haqqında deyirdi ki, bu qız nə qədər kökəlsə də, dəyişsə də, səhnədə uçur, yenə də uçur. Hər rəqsi səhnədə bir uçuş, bir yüksəliş olan Roza xanım bu sevgini sevimli nəvəsi Laləyə də ötürə bilib. Onu da rəqs adlı sevdaya mübtəla etməyi bacarıb.

“Mənim bu sahəyə gəlişim, bu yola çıxmağımın səbəbkarı nənəm olub. Düzdür, atam buna qarşı idi, o mənim hüquqşünas olmağımı istəyirdi. Amma tale elə gətirdi ki, mən bu sənəti seçdim və buna görə qismətimdən çox razıyam. Artıq 15 ildən çoxdur ki, milli rəqslərimizi sevə-sevə öyrənir və təbliğ edirəm.

Elə rəqslər var ki, onu Roza xanım 50, 60 il bundan əvvəl oynayıb. Mən həmin rəqslərə yenidən həyat verirəm. Elə götürək “İlk bahar” rəqsini. Roza xanım bu rəqsi 65 il bundan əvvəl oynayıb. Mən həmin rəqs nömrəsini canlı təqdim edəndə ekranda nənəmin də təqdimatında həmin rəqs nömrəsi göstərilirdi. Roza xanım elə bilirdi ki, oynayan mən yox, o özüdür. Sizcə bir nəvə olaraq böyük ürəkli sənətkara bundan gözəl nə hədiyyə etmək olar. Yeri gəlmişkən, onu da bildirim ki, vaxtilə nənəmin quruluş verdiyi “Ağ çiçəyim” rəqsini yapon xanıma öyrətmişəm. Hazırda o, öz ölkəsində bunu həm təqdim edir, həm də təbliğ. Böyük şəxsiyyətin nəvəsi olmaq olduqca böyük məsuliyyətdir, gərək elə edəsən ki, səni qəbul etsinlər”, - deyir gənc rəqqasə.

İfamızla tarixi Qələbəmizi bütün dünyaya çatdırmaq istəyirik

Söhbət əsnasında milli rəqs sənətimizin keçdiyi yola da qısa nəzər salırıq. Deyir ki, dünyanın bir çox inkişafda olan ölkələrində olduğu kimi, Azərbaycan xalqının da özünəməxsus bir çox rəqs nümunələri, rəqs kollektivləri var. Onlara nümunə olaraq “Vağzalı”, “Uzundərə”, “Nəlbəki”, “Ceyranı”, “Cəngi”, “Qaytağı”, "Qazağı”, “Xançobanı” rəqslərini göstərmək olar. Kökləri eramızdan əvvəlki minilliklərə gedib çıxan bu milli rəqslərimiz tariximizlə ayrılmaz surətdə bağlı olub xalqımızın milli xüsusiyyətini, həyat və məişətini əks etdirdiyini görürük. Qobustan qayaüstü rəsmləri bir daha sübut edir ki, milli rəqslərimizin tarixi qədim məişətimizdən, yaşam tərzimizdən irəli gəlir. Azərbaycan xalq rəqsləri bu baxımdan çox rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən fərqlənir. Bunlardan məşhur olan milli rəqslərimizdən “Azərbaycan", “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” və digərlərini misal gətirmək olar. Bir sözlə, rəqs heyrətamiz bir sənət növü olub bizləri də heyran qoyur.

Torpaqlarımızın işğaldan azad olunması, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə onu da çox ruhlandırıb. O, bu sevincini quruluş verdiyi “Zəfər” kompozisiyası ilə bölüşmək istəyib. Məhz bu səbəbdən də bu kompozisiyada tələbələri “Qələbə rəqsini” qürurla ifa edir: “Bu rəqs eyni vaxtda iki fərqli məkanda, həm Azərbaycanda, həm də Kanadada təqdim olunub. Hər iki ölkənin bayrağını simvolizə edən bu rəqslər bizim istedadlı, vətənsevər balalarımız tərəfindən böyük şövqlə tamaşaçıya çatdırılıb. Biz ifamızla öz Qələbəmizi, qalibiyyətimizi bütün dünyaya çatdırmaq istəyirik”.

Hazırda yeni layihələr üzərində çalışdıqlarını söyləyən Lalə xanım Yeni ildə yeni uğurlara imza atacaqlarına inamını ifadə edir: “Bilirsiniz ki, yaz və yay festivalların ən çox keçirildiyi aylardır. Biz də çalışırıq ki, yeni rəqs nömrələri hazırlayaq və milli rəqslərimizi uğurla təqdim edək. Biz qədim rəqslərimizlə yanaşı, yeni rəqslərə də müraciət edirik”.

O, sonda Yaponiyanın Osaka şəhərində keçiriləcək “EXPO-2025” sərgisində milli rəqslərimizi təqdim etmək arzusunu da dilə