“İstedadlı gənclərimiz xarici ölkə teatrlarında da işləməlidirlər” Müsahibə

“İstedadlı gənclərimiz xarici ölkə teatrlarında da işləməlidirlər”

Nicat Mir Kazımov: “Bundan gözəl heçnə ola bilməz”

Rejissor, aktyor, Əməkdar artist Nicat Mir Kazımov Moskvada Konstantin Raykinin rektor olduğu “Teatr sənətləri” Ali məktəbində dram teatrının rejissoru üzrə birillik tezləşdirilmiş təhsil alır.

Artıq o, birinci semestri bitirib Bakıya qayıdıb, burada işlərinə davam edir. Biz də aktyorla çalışdığı Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında həmsöhbət olduq.

-Nicat müəllim, öncə bilmək istərdik ki, Moskvada “Teatr sənətləri” Ali məktəbinə necə qəbul oldunuz? Bu addımı atmağınıza səbəb nə oldu?

- Hər bir şərdə xeyir var. Kimlərsə danışırdı ki, Nicatın rejissor diplomu yoxdur. Diplomu olmadığına görə də o, rejissor deyil. Belə danışıqlar mənə toxundu. Yəni bir kağız parçasımı lazımdır? Ondan sonra başladım düşünməyə. Daha sonra mənə məsləhət bildilər ki, belə bir məktəb var və orada sürətləndirilmiş təhsil almaq olur. Mən də məktəblə əlaqə saxladım. Onlar da sənədlərimi, porfoliomu istədilər. Mən də göndərdim. Onlara qəribə gəldi və mənə söylədilər ki, siz 30 ildən çoxdur rejissorluqla məşğul olursunuz, burada təhsil sizin nəyinizə lazımdır? Daha sonra telefonla müsahibə apardılar və qəbul oldum. Ora gedəndən sonra 3-4 gün narahatlıq oldu, sonra isə öyrəşdim. Hətta sonra gəncləşdim sanki. Bir ay o qaynar qazanın içində oldum. Sentyabrın 22-dən oktyabın 23-dək dərslər oldu. Çox maraqlı idi. Getdiyimə peşman deyiləm. Nə yaxşı ki, getdim.

- Ötən semestr ərzində dərsləriniz necə keçdi? Sizinlə birlikdə təhsil alan yoldaşlarınızdan bəhs edərdiniz.

- Dərslər çox gözəl keçdi. Ordakıların diplom işlərində də oynayırdım. Əlavə dərslər olurdu, onlardan da imtahan verirdim. İncəsənət tarixi, stenoqrafiya tarixi, kostyum tarixi bunlardan biz test imtahanı verdik. Rejissor sənətindən isə səhnəciklər göstərirdik. Ən yüksək qiyməti aldım. Onlarda beşlik sistemdir, bizdə isə yüzdür. Yəni 3-4 nəfər 5 almışdı, onlardan biri də mən idim. Mən çox istəyirəm ki, o məktəbin müəllimləri Raykin, həmçinin digərləri bura master-klasa gəlsinlər.Onların mənə təqdimatlarını veriblər. Mən teatrımıza, Mədəniyyət Nazirliyində Teatr sektoruna da bu barədə məlumat vermişəm. Onlar gəlib burada tamaşa hazırlasa çox yaxşı olar. Çünki Raykin Bakını çox sevən biridir. Onun birinci həyat yoldaşı da Bakıdan olub. Ona görə də o, Bakıya bağlıdır. Oradakı tələbələrə Bakıdan ağızdolusu danışır. Raykinin də çox marağı var ki, o məktəb Bakı ilə əlaqədə olsun. İnşallah bu dediyimiz olar.

- Çox gözəl. Bəs orada olduğunuz müddətdə buradakı işlərinizi idarə edə bilirdinizmi? Necə çatdırırdınız?

- Mən getməzdən əvvəl çox gərgin bir rejimdə işlədim. O müddət ərzində burada hansı tamaşalar olacaqdısa, o tamaşaların hamısının məşqini etdim. Gecəm-gündüzüm yox idi. Tamaşaların məşqlərini edib hazırladım, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında oxunuş mərhələsinə başladım və qoyub getdim, gələndən sonra da davam etdim. Onu da deyim ki, mən Bakıya axşam çatdım, səhər saat 06:00-da teatrın heyəti ilə bir yerdə Lənkərana qastrola yola düşdüm. Heç istirahətə vaxtım olmayıb. Gələndən də indiyədək bircə gün də mən istirahət edə bilməmişəm. İşləri çatdırmalıyam. Çünki fevralda bir də Moskvaya gedəcəm. Hələ Dram Teatrında tamaşanı təhvil verməliyəm, eləcə də Gənc Tamaşaçılar Teatrında Yeni il tamaşaşasını təhvil verməliyəm və yanvar ayından da Gənc Tamaşaçılar Teatrında “Şahnamə”ni başlamalıyam. Çünki gedənədək böyük bir hissəni hazırlayıb bitirim ki, gəlib təhvil verim.

- Nicat müəllim, yəqin ki, sizin təhsil aldığınız məktəbdə oxumaq istəyən insanlar, gənclər var. Orada təhsil almağa marağı olanlar üçün oradakı təhsilin üstünlüklərindən bəhs edərdiniz.

- Əgər rus dilində problemləri yoxdursa, orada təhsil almağı çox məsləhət görərdim. Çünki orada teatr burulğanının içinə düşürsən, kənarda qalmırsan. Bunu hamı bilir ki, Rusiyanın teatr məktəbi çox güclü bir məktəbdir.

Hətta bir şeyi deyim. Bədnam qonuşlarımızın nümayəndələri orada müxtəlif teatrlarda işləyir. Aydın məsələdir ki, onlar həm də təşviqat aparırlar. Düzdür, biz zəfər çalmış xalqın nümayəndələriyik. Bu gün bizim alnımız açıq, üzümüz ağdır, fəxarətlə, başucalığı ilə onların üzünə baxa bilirik. Ancaq onlar da öz işlərini görürlər, neqativ fikirlər yaradırlar. Mənə xoş gələn o idi ki, dərsin 1 ayının sonunda artıq onlar deyirdilər ki, sizi görməklə bizim Azərbaycan haqqında fikrimiz tamam dəyişdi. Bax, elə bütün bunlara görə, mən çox istərdim ki, hər hansı bir istedadlı gəncimiz orada təhsil alsın və hər hansı bir teatrda qalıb işləsin. Bu, milləti tanıtmaqdır. O zaman onu təkcə iş yoldaşları yox, səhnəyə çıxanda böyük tamaşaçı kütləsi görəcək, tanıyacaq və tamaşaçının sevgisi bizə daha da artacaq. Düzdür, sevirlər, amma deməyim odur ki, bu sevgi daha da arta bilər. Ona görə də nə qədər yaxşılarımız irəli getsə və müxtəlif yerlərdə olsalar bu, çox gözəl olar. Cavanlara kömək etmək lazımdır ki, onlar gedib orada oxusun və qalıb işləsin. Çünki o, Azərbaycanı tanıdır. Bəzən deyirik ki, gənclərimiz gedib başqa yerdə oxuyub sonra qayıdıb gəlib burada xidmət etməlidir. Lakin bu da xidmətdir. Ölkədən kənarda xalqını, millətini yaxşı mənada tanıtdırırsan. Bundan gözəl heç nə ola bilməz.

-Çox sağ olun, Nicat müəllim, təhsilinizdə və işlərinizdə uğurlar diləyirik.

-Təşəkkür edirəm, siz də sağ olun.

Röya İsrafilova