“Teas Press”in direktoru: Elə müəlliflər var ki, onları biz məşhurlaşdırmışıq - MÜSAHİBƏ Müsahibə

“Teas Press”in direktoru: Elə müəlliflər var ki, onları biz məşhurlaşdırmışıq - MÜSAHİBƏ

“TEAS Press” Nəşriyyat evi və “LIBRAFF” kitab mağazaları şəbəkəsinin direktoru Nicat İbrahimovun APA-ya müsahibəsi

– Söhbətimizə fəaliyyətinin 10 ilini başa vuran “Teas Press”in ilk illərindən başlayaq. Qısa müddətdə satış bazarında özünə yer edən bir nəşriyyatı hansı addımlar dayanıqlı edə bildi?

– Bu 10 ildə çox iş görülüb. Əsas məsələ, keyfiyyətin prioritet olmasıdır. “Teas” fəaliyyət göstərdiyi müddət ərzində kitabın həm məzmun, həm də çap forması nöqteyi-nəzərindən daha nəfis olması üçün çalışıb. İkinci vacib məsələ odur ki, nəşriyyatımız yerli ədəbiyyatla yanaşı, xarici ədəbiyyatın çap məsələlərinə kifayət qədər əhəmiyyət verib.

– Ölkədə oxuduğumuz tərcümə əsərlərinin bir çoxu rus və türk dillərindən dilimizə çevrilir. “Teas”ın əksər tərcümələri orijinal dildəndir. Bu tendensiya hansı prinsiplərə əsaslanır?

– Bütün nəşrlərimiz, istisnasız, yalnız orijinal dildən tərcümə olunur. Hansısa əsərin rus, türk dilinə tərcümə edilmiş variantları orijinala nisbətdə müxtəlif səviyyələrdə təhrif olunur, yaxud əsərin orijinal versiyasındakı canlılıq itir. Təcrübəli oxucu bunu dərhal hiss edir. “Teas”ın dünya ədəbiyyatı ilə bağlı əsas prinsipi budur.

– Bədii mətni Avropa dillərindən tərcümə etmək üçün peşəkar tərcüməçi bazasını yetişdirmək çətin olmadı?

– İlk gündən peşəkarlarla işləməyə çalışmışıq. Həmin ənənə bu günə qədər qorunub saxlanılır. Maraqlıdır ki, ildən-ilə peşəkar tərcüməçilərin sayı artır.

– Konkret tərcüməçilərlə işləyirsiniz, ya müxtəlif şəxslərə müraciət olunur?

– Tərcüməçilərlə əməkdaşlıq dəyişkən olur. Müxtəlif şəxslərlə çalışırıq. Kitabın məzmununa görə dəyişir. Bədii ədəbiyyatla motivasiya kitabının tərcüməçisi eyni adam olmur.

– Piar və satış məsələləri kitabçılığımızın ən problemli məsələlərindəndir. Qətiyyətlə deyə bilərikmi, satışdan gələn gəlir “Teas”ın bütün xərclərini qarşılamaqla yanaşı, mənfəətə də səbəb olur?

– Mənfəət məsələləri ilə bağlı danışmaq, bəlkə də hələ çox tezdir. Onu da qeyd edim ki, son illərdə ölkədə kitaba maraq və tələbat artmaqdadır.

– Nəşriyyat və müəllif münasibətlərindən danışanda ağla gələn ilk məsələ yerli müəlliflərin təqdimatı, təbliği prosesidir. “Teas” əsərin məziyyətlərini əsas götürür, ya müəllifin auditoriya genişliyi faktorunu?

– Əsas əsərin mövzusudur, standartlara uyğun olmasıdır. Təbii ki, müəllifin oxucu kütləsi də nəzərə alınır. Bir neçə müəllif var ki, ilk dəfə “Teas”da çap olunub və məhz onun daha çox oxunmasını biz özümüz təşkil etmişik. Ümumiyyətlə, elə şəxslər var ki, kütləsi olmayıb, biz imza saatları, təqdimatlar, müxtəlif reklam işləri ilə onların imzasını məşhurlaşdırmışıq.

– Hansı tip əsər, yaxud müəllif “Teas”ın çap kriteriyasına uyğundur?

– Bu sualın cavabını daha çox nəşrlərimizin oxucuları deyə bilər.

– Bəs hansı kitabların çapından imtina edirsiniz?

– Siyasi və dini motivlərin qabardıldığı kitabları çap etmirik. Həmçinin tarixi faktları təhrif edən kitabın nəşrinə razılıq vermirik. Yaxud dediyiniz kimi, kitab konkret hansısa şəxsə tuşlanıbsa, kimsə hədəf alınıbsa, belə nəşr təkliflərini də qəbul etmirik.

– Bəzi müəlliflərə müəyyən qədər qonorar ödəyirsiniz və əsər çap olunur. Bəs sonrakı proses? Yəni çap olunan kitabın daha çox kütləyə çatması üçün ardıcıl hansı addımlar atılır?

– Tək çap prosesi ilə iş bitmir. Elə kitablar var ki, üzərində bir il işlənilir. Yəni bu mərhələyə çox vaxt ayırırıq. Daha sonra həmin kitabların tanıdılması mərhələsi gəlir. Bu mərhələdə isə marketinq alətlərindən istifadə edirik.

– Bu addımlar kifayət edirmi?

– Təbii ki, biz də bunların kifayət etmədiyini bilirik və çalışırıq ki, daha yaxşısı olsun, gündən-günə təkmilləşək. Bununla belə, istədiyimiz nəticələri əldə etmişik. Mən bunu oxucu rəyinə əsaslanıb deyirəm.

– Bildiyimə görə, nəşrlərinizin bəziləri Türkiyədə, bəziləri isə Bakıdakı mətbəədə çap olunur. Bu fərq nəyə əsasən müəyyənləşir?

– Bu, qarşı tərəfin tələbinə əsasən müəyyənləşir.

– Bəs qonorar verib çap etdiyiniz əsərlər hansı mətbəədə nəşr olunur?

– Onlar da həm yerli, həm də Türkiyə mətbəəsində çap olunur.

– Müəllifə qonorar təyin olunanda hansı məqam əsas götürülür?

– Burada bir neçə məqam əsas götürülür, yazıçının auditoriyası, əsərin aktuallığı, əhatə dairəsinin genişliyi rol oynayır.

– Müəllif hüquqları məsələsi necə tənzimlənir? Məsələn, hər bir müəllifin müəlliflik hüquqları nəşriyyat tərəfindən mütləq alınırmı? Yaxud bu, individual məsələdir?

– Müəllif hüquqları çox aktual və ciddi məsələdir. “Teas” yalnız müqavilə bağlayandan sonra hansısa prosesə başlayır. İndividual yanaşma olmur, hər kəslə rəsmi sövdələşmə olur.

– Bir müəllifin bütün müəlliflik hüquqlarını alırsınız, ya hansısa konkret əsərlərin?

– Danışıqdan asılıdır. Nəşriyyatın prinsipləri var. Ola bilər ki, bir müəllifin hansısa kitabı çapa uyğun olsun, hansısa kitabı isə yox.

– Xarici müəlliflərlə əlaqəyə keçmək prosesi hansı mərhələləri özündə birləşdirir? Onların müəlliflik hüquqları necə alınır?

– Komandamızın mütəxəssisləri elektron poçtla, yaxud zəng vasitəsilə müəllifə müraciət edirlər və müəlliflər nəşriyyatı araşdırmağa başlayır.

– Bəs razılaşmayan xarici müəlliflər hansı səbəbləri əsas gətirirlər?

– Nadir hallarda belə olub. Hansısa müəllif başqa yerli nəşriyyatla əməkdaşlıq edirsə, onunla müqavilə bağlamaq alınmır. Digər hallarda problem olmur.

– Məşhur müəlliflərdən kimlər hansı məbləğə razılaşıblar?

– Bunları dəqiqliyi ilə demək o qədər də doğru olmaz.

– Sizcə, ölkədə pirat kitabçılığın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

– Pirat kitabçılıq fəaliyyətimizə böyük problemlər yaradır. Təəssüf ki, bazarda belə kitablara rast gəlinir. Çap olunan kitablar o qədər keyfiyyətli və əlçatan olmalıdır ki, pirat kitablar sıradan çıxsın. Digər tərəfdən, oxucu həmin kitabı almamalıdır, ona pul verməməlidir. Oxucu özü keyfiyyətli kitabı müəyyən etməlidir.

– Maraqlıdır, daha çox xarici ədəbiyyatı çap edirsiniz...

– Belə düşünmürəm, statistik göstəricilər bunu demir. Bu yaxınlarda roman müsabiqəsi keçirdik. Məqsəd yerli gənc müəlliflərə dəstək olmaq idi. Ümumiyyətlə, çalışırıq ki, kim bizə müraciət edirsə, onun əsərini çap edək.

– Müasir ədəbiyyatı optimallaşdırmaq üçün hansı addımlar atılmalıdır?

- Müsabiqələrin sayı çoxalmalıdır. Belə olduğu halda yaxşı mətnləri müəyyənləşdirmək və üzə çıxarmaq asanlaşır. Aidiyyəti qurumlar da belə müsabiqələrin təşkilinə maraqlı olmalıdırlar.

– “Teas Pres” cəmiyyəti kitaba yaxınlaşdırmaq üçün daha nə edə bilib?

– Nəşriyyat evi olaraq müxtəlif hədəflər təyin etmişik. Həm Bakıda, həm bölgələrdə kitab sərgiləri keçiririk, universitetlərdə kitabla bağlı tədbirlər təşkil edirik. Naxçıvan, Şəki, Zaqatala, Şamaxı, Lənkəran, Sumqayıt, Gəncə kimi şəhərlərlə yanaşı, beynəlxalq sərgilərdə də iştirak edirik. Bunlara misal olaraq, Türkiyə, Almaniya, İtaliya, Rusiyadakı sərgiləri nümunə göstərmək olar. Eyni zamanda, tələbələrə daha yaxın olmaq üçün ölkənin ən qabaqcıl universitetlərində kitab sərgiləri təşkil edirik. Bu isə çox müsbət qarşılanır. “Libraff” kitab mağazasında il ərzində 100-dən çox tədbir keçirilir. Çalışacağıq ki, belə tədbirlərin sayı çox olsun.