İcraçı direktor: Ötən il ARDNF daşınmaz əmlak portfeli üzrə 200 milyon dollar həcmində yeni investisiya qoyub – MÜSAHİBƏ Müsahibə
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ötən 25 il ərzindəki fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirlər, investisiya siyasəti, qarşıda duran planları ilə bağlı ARDNF-nın İcraçı direktoru İsrafil Məmmədov AZƏRTAC-ın suallarını cavablandırıb.
ARDNF-nın İcraçı direktoru ilə müsahibəni təqdim edirik.
- İsrafil müəllim, müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirik. Ötən 25 ilə nəzər saldıqda, Fondun fəaliyyətini necə dəyərləndirirsiniz, qarşıdakı planlarınız nədən ibarətdir? ARDNF-nın qarşıdakı fəaliyyətini necə görür, necə planlaşdırırsınız?
- İlk növbədə, müsahibə fürsəti üçün təşəkkürümü bildirirəm. Ötən il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) təsis olunmasının 25 illik yubileyini qeyd etdik. Dövlət Neft Fondu 25 il öncə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hazırlanan milli neft strategiyasının bir hissəsi olaraq və cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə təbii sərvətlərdən əldə olunan gəlirlərin şəffaf və səmərəli idarə edilməsi məqsədilə təsis edilib. Fondun əsas missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması, şəffaf və effektiv idarə olunması ilə həm bugünkü, həm də gələcək nəsillərə sabit gəlir mənbəyi yaratmaqdır. Bu çərçivədə Fond yalnız maliyyə yığımlarını idarə etməklə kifayətlənmir, eyni zamanda, dövlət büdcəsinə transfert etməklə, habelə strateji əhəmiyyətli sosial, infrastruktur və enerji layihələrini maliyyələşdirərək Azərbaycanın uzunmüddətli iqtisadi inkişafına töhfə verir.
Fondun 25 illik fəaliyyəti dövründə ehtiyatlarımız 60 milyard dolları ötüb ki, bu ehtiyatların formalaşmasında neft-qaz gəlirləri ilə yanaşı Fondun investisiya fəaliyyətindən əldə olunan gəlirlər də iştirak edir. Fond öz investisiya fəaliyyətində missiya və məqsədlərini əsas tutmaqla beynəlxalq təcrübələrə uyğun öz optimal portfelini qurur. Qlobal investor kimi Fond son onilliklərdə investisiya portfelinin diversifikasiyasını istiqraz, səhm, daşınmaz əmlak və qızıl kimi maliyyə aktivləri, həmçinin müxtəlif regionlar və valyutalar üzrə əhəmiyyətli dərəcədə genişləndirib. Belə ki, hazırda Fondun portfeli 50-dən çox ölkəni, 17 valyutanı, iqtisadiyyatın bütün sektorları üzrə minlərlə investisiya aktivlərini əhatə edir. Qeyd etmək istərdim ki, Dövlət Neft Fondunun aktivlərinin həcminin artması, habelə portfelin strukturunda orta və uzun müddətlərdə yüksək gəlirlilik vəd edən nisbətən daha riskli maliyyə alətlərinin əlavə edilməsi Fondun investisiya gəlirliliyinin artmasına müsbət təsir göstərib. Geridə qoyduğumuz müddət ərzində vəsaitlərin idarəedilməsindən əldə olunan gəlir artıq 15 milyard dolları ötüb. Bu böyük artım missiyamıza sonsuz sadiqlik, məsuliyyətli və şəffaf idarəetmə, strateji baxış, peşəkar yanaşma, ən yaxşı təcrübələrin tətbiqi və ən nəhayət, uğurlu investisiya strategiyasının nəticəsidir.
Ötən 25 ildə Fond yaradılma məqsədlərinə uyğun olaraq gələcək nəsillər üçün yığım funksiyasını həyata keçirməklə yanaşı, həm də bugünkü nəsillərə xidmət göstərib - ölkənin makroiqtisadi sabitliyinin qorunmasında mühüm mövqe tutub. Məcmu vəsaitləri ölkənin Ümumi Daxili Məhsulunun 80 faizini keçən və xarici dövlət borcuna nisbətən 10 dəfədən çox olan Fond ölkə iqtisadiyyatı üçün “təhlükəsizlik yastığı” rolunu oynayıb. Bununla yanaşı, Dövlət Neft Fondu bir çox mühüm strateji layihələri maliyyələşdirərək ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verib. Fond öz doğma vətənlərindən didərgin salınmış həmvətənlilərimizin - qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün proqramları maliyyələşdirib, ölkənin müxtəlif bölgələrində yeni yaşayış binaları, məktəblər, uşaq bağçaları və xəstəxanalar inşa olunub. Bundan əlavə, cənab Prezident İlham Əliyev tərəfindən əsası qoyulan və daim dəstəklənən “qara qızılın insan kapitalına çevrilməsi” strategiyasının bir hissəsi kimi, minlərlə azərbaycanlı gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil alması üçün maliyyə vəsaiti ayrılıb. Fondun maliyyə dəstəyi ilə ölkədə əhalinin içməli su təminatı yaxşılaşdırılıb, yararsız ərazilərin suvarılması və kənd təsərrüfatına yararlı hala gətirilməsi üçün layihələr həyata keçirilib. Ölkənin neft-qaz gəlirlərinin ixracını təmin edən enerji infrastrukturu, o cümlədən Cənub Qaz Dəhlizi (SGC) kimi digər strateji layihələr Fondun dəstəyi ilə reallaşdırılıb.
Qeyd etmək istərdim ki, 25 illik fəaliyyətində Fond institusional investor kimi daim öz təşkilati inkişafını da diqqət mərkəzində saxlayıb. Bu çərçivədə Fond fəaliyyətində qabaqcıl təcrübələrə əsaslanan korporativ idarəetmə prinsiplərinə diqqət yetirib və verilən qərarlar zamanı Fondun dəyərlərini və korporativ mədəniyyətini əsas tutub. Bütün bunların nəticəsində bu illər ərzində Neft Fondu dünyada tanınmış 100-dən çox tərəfdaş qurumla müxtəlif sahələr üzrə mötəbər partnyor olaraq əməkdaşlığını yüksək səviyyəyə çatdırıb. Fond həmçinin öz fəaliyyətində ən müasir idarəetmə sistemlərindən istifadə edir və maliyyə sahəsində nüfuzlu məlumat mənbələrinə çıxışlara malikdir.
Fond əsas dəyərlərindən biri olan şəffaflıq və hesabatlılığa xüsusi önəm verir. Bununla bağlı olaraq, Fond maraqlı tərəflərlə kommunikasiyasında müxtəlif vasitələrdən istifadə etməklə - xüsusilə illik hesabatlarla, maliyyə auditi ilə, press-relizlərlə, media ilə yaxın əməkdaşlıqla, təqdimatlarla, veb-sayt və sosial platformalar vasitəsilə - fəaliyyəti barəsində məlumatları açıq və səlis formada çatdırmağa çalışır. Qeyd edim ki, hər il Hesablama Palatası tərəfindən ARDNF-nin İnvestisiya Siyasəti də daxil olmaqla illik əsasda büdcə layihəsinə rəy verilir və müvafiq hesabat dərc olunaraq ictimaiyyətə çatdırılır. Əlavə olaraq, ARDNF Suveren Fondların Beynəlxaq Forumu çərçivəsində 2011-ci ildən ümumi qəbul olunmuş prinsiplər və normalar “Santyaqo Prinsipləri”nə uyğun olaraq özünün qiymətləndirmə hesabatını açıqlayır və illik əsasda bu hesabatı yeniləyir. ARDNF-in şəffaflıq və hesabatlılıq sahəsindəki nailiyyətləri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib. Belə ki, Fond 2007-ci ildə BMT-nin “Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması” üzrə mükafatına layiq görülüb, ABŞ-ın Peterson Universiteti tərəfindən 2021-ci ildə dərc edilən Suveren Fondların Şəffaflıq və Hesabatlılıq üzrə reytinqində dünyanın aparıcı suveren fondları arasında 5-ci mövqedə qərarlaşıb. Bütün bu uğurlar Fondun qlobal səviyyədə nüfuzunu daha da gücləndirib və onun beynəlxalq miqyasda böyük etimad qazanmasına şərait yaradıb.
Fondun gələcək planları ilə bağlı qeyd etmək istərdim ki, Neft Fondu icmal büdcənin tərkib hissəsi kimi öz missiyasına və məqsədinə uyğun olaraq təsdiqlənmiş siyasət və qaydalar çərçivəsində fəaliyyətini davam etdirməyi nəzərdə tutur. Növbəti illərdə də qlobal iqtisadiyyatda baş verən trendləri nəzərə almaqla, investisiya fəaliyyətini, yeni investisiya imkanlarının araşdırılmasını davam etdirməyi planlaşdırır. Əvvəldə qeyd etdiyim kimi, əsas məqsədimiz neft gəlirlərinin səmərəli idarə olunması və ölkənin strateji inkişaf hədəflərinə dəstək verilməsini davam etdirməkdir.
- Ötən ilin noyabr ayında Suveren Fondların Beynəlxalq Forumu keçirildi və yığıncaq çərçivəsində SFBF-nin İdarə heyətinin sədr müavini seçildiniz. GIC, ADIA və CIC kimi dünyanın ən iri suveren fondlarının təmsil olunduğu Forumda 3 illik müddətdə İdarə heyətinin sədr müavini və daha sonrakı 3 ildə sədr təyin olunacaqsınız. Belə nəhəng fondlarla birgə ARDNF-nin də təmsil olunduğu idarə heyətindəki fəaliyyətiniz dövründə hansı əməkdaşlıqlar gözlənilir?
- Öncə ARDNF-nin Suveren Fondların Beynəlxalq Forumunda (SFBF) üzvlüyünə dair qısa tarixçəni nəzərinizə çatdırmaq istərdim. Belə ki, 2007-ci ildə ARDNF, Beynəlxalq Valyuta Fondu və digər suveren fondlarla birgə SFBF-nin yaradılmasında ilkin təşəbbüskarlardan biri kimi çıxış edib. 2009-cu ildə isə ABŞ-ın Vaşinqton şəhərində SFBF-nin yaradılmasına dair qərar qəbul edilib və xüsusilə qeyd olunmalıdır ki, forumun ilk rəsmi yığıncağı Bakı şəhərində keçirilib. SFBF-nin yarandığı tarixdən etibarən ARDNF Forumun fəal üzvü olaraq onun bütün illik yığıncaqlarında iştirak edib və forumun Məsləhət Komitəsində müzakirə edilən bütün məsələlərin həllinə aktiv töhfə verib. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, 2022-ci ildə Bakıda Forumun 14-cü illik yığıncağı keçirilib, 2024-cü ildə isə Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində SFBF və ARDNF-nin birgə təşkilatçılığı ilə yüksəksəviyyəli panel müzakirəsi baş tutub.
SFBF barədə danışarkən “Santyaqo Prinsipləri”ini də xüsusi vurğulamaq istərdim. “Santyaqo Prinsipləri” suveren fondların şəffaflığını, hesabatlılığını və peşəkar idarəçiliyini təmin etməyi hədəfləyən beynəlxalq standartlar toplusudur. ARDNF fəaliyyətinin ən qabaqcıl təcrübələrə əsasən aparılması məqsədilə sözügedən prinsipləri tətbiq edir və bu prinsiplərə uyğunluğunu mütəmadi olaraq nəzərdən keçirir. Onu da qeyd etmək lazımdır ki, ARDNF 2010-cu ildən illik əsasda dərc olunan hesabatında fəaliyyətinin “Santyaqo Prinsipləri”nə əsasən dəyərləndirilməsini açıqlayan ilk suveren fondlardan biri olub. Hazırda idarə etdiyi aktivlərinin məcmu dəyəri 8 trilyon dollardan çox olan dünyanın 46 nüfuzlu suveren fondu SFBF-nin üzvüdür. Forumun 2024-cü ilin yığıncağında daimi fəal iştirakı sayəsində ARDNF səs çoxluğu ilə 3 illik müddətə SFBF-nin İdarə Heyətinin sədr müavini və daha sonrakı 3 ildə sədr vəzifəsinə seçilib ki, bu da ARDNF-nin növbəti 6 il ərzində bu mühüm təşkilatın idarəçiliyində yer alması deməkdir. Bu çərçivədə ARDNF-nin SFBF-yə üzv olan digər suveren fondlarla əlaqələrinin gücləndirilməsinə, forumun dayanıqlılıq təşəbbüslərinin təşviqinə və suveren fondlar üçün inklüziv bir mühitin yaradılması istiqamətində xüsusi töhfə verəcəyinə inanırıq. Təbii ki, nüfüzlu investorların təcrübəsindən faydalanaraq genişmiqyaslı müştərək investisiyaların həyata keçirilməsi də istisna deyil.
- ARDNF suveren fond kimi kapitalın qorunması və sabit gəlirliliyin təmin olunması üçün hansı siyasəti yürüdür? Fondların adətən təhlükəsizlik riskləri daha çox olur. Valyuta itkisinə qarşı “maliyyə immuniteti” necə formalaşdırılır?
- Beynəlxalq təcrübədə suveren fondlar öz missiya və məqsədlərinə uyğun fərqli portfel strukturlarına malikdirlər. Dövlətləri qarşısında daha kiçik maliyyələşdirmə öhdəliyinə malik suveren fondlar daha riskli portfel qura bilirlərsə, dövlət büdcəsi qarşısında nisbətən daha çox məsuliyyətə malik fondlar daha konservativ risk iştahlı portfel quruculuğunu seçirlər. Bildiyiniz kimi, ARDNF həm ölkədə makroiqtisadi sabitliyin qorunması, həm ölkənin mühüm sosial-iqtisadi layihələrin maliyyələşdirilməsi, həm də gəlirlərin nəsillər arasında ədalətli bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin qorunub saxlanılması məqsədlərini həyata keçirmək üçün vəsaitlərini idarə edir. Bu məqsədlərdən irəli gələrək ARDNF öz investisiya portfelini risk və gəlirlilik arasında tarazlığı qoruyan, qısa müddətdə sabit gəlirlilik nümayiş etdirən aktivlərdən eyni zamanda uzunmüddətli dövrlərdə artım vəd edən aktivlərdən təşkil peşəkar yanaşma əsasında idarə edir. Qeyd etmək istərdim ki, istiqrazlar portfeli qısa müddətli dövrdə sabit gəlirliliyi təmin etdiyindən və yüksək likvidliyə malik olduğu üçün Fondun dövlət büdcəsi qarşısında yaranan zəruri öhdəliklərinin vaxtında icra edilməsinə şərait yaradır və beləliklə ölkədə fiskal inzitamın davamlılığının təmin edilməsinə töhfə verir. Həmçinin bunu da qeyd etmək lazımdır ki, ARDNF-nin ümumi aktivləri 2012-ci ildə təxminən 30 milyard dollar artaraq 2019-cu ildə 40 milyard dollara, hazırda isə 60 milyard dollara çatıb. Aktivlərin bu səviyyəyə yüksəlməsi Fondun dövlət büdcəsi qarşısındakı illik öhdəliklərini əhəmiyyətli dərəcədə üstələyib və bu artım Fonda daha riskli aktivlərə yatırım etməyə imkan yaradıb ki, bu da Fondun uzunmüddətli dövr üçün gəlirliliyinə öz müsbət töhfəsini verib. Belə ki, illər ərzində ARDNF öz portfelinə səhm və daşınmaz əmlak kimi maliyyə alətlərini daxil edib və bu gün onların çəkiləri portfelin əhəmiyyətli hissəsini təşkil etməkdədir. Sadalanan aktivlər uzunmüddətli dövrdə artım vəd edir və Fondun vəsaitinin inflyasiya təsirlərindən qorunması üçün başlıca maliyyə alətləri kimi səciyyələnirlər. Ümumillikdə, ARDNF öz fəaliyyətində məqsədlərinə uyğun olaraq öhdəliklərinin vaxtında icrasını təmin etməyə, balanslı risk-gəlir profilini qorumağa və uzunmüddətli perspektivdə gəlirliliyini artırmağa çalışır.
Valyuta riskləri ilə bağlı bildirmək istərdim ki, Fondun investisiya siyasətində maliyyə aktivləri üzrə bölgü ilə yanaşı müxtəlif valyutalar üzrə bölgü də yer alır və qızıl aktivləri ilə birlikdə nəzərdə tutulan bu diversifikasiya valyuta riskinin azaldılmasına xidmət edir.
- Son bir neçə aydır Fondun açıqladığı rəqəmlərdə Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlərdə azalma qeydə alınır. Gəlirlərin azalması nə ilə əlaqədardır?
- Bildirmək istərdim ki, ARDNF-nin 25 illik fəaliyyəti ərzində əldə etdiyi ümumi neft qaz gəlirlərinin əsas hissəsi, iqtisadiyyata bu illər ərzində qatdığı əvəzsiz dəyərlə “Əsrin müqaviləsi” adını doğrultmuş “Azəri-Çıraq-Günəşli” (AÇG) və hazırda Avropa bazarlarında enerji təhlükəsizliyin təmin olunmasında əhəmiyyətli rolu olan “Şahdəniz” layihələri üzrə olub. Bu illər ərzində hər iki layihənin uğurlu icrası və beynəlxalq bazarlara çıxışı sayəsində dövlətin gəlirliliyinə və nəticədə Azərbaycanın makroiqtisadi sabitliyinə, sosial rifahına və beynəlxalq nüfuzuna gözləntilərdən qat-qat artıq töhfələr verilib. Bu dayaq layihələr üzrə ARDNF-yə daxil olan gəlirlər müvafiq Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində formalaşan dövlətin mənfəət payı əsasında ödənilir və bu baxımdan layihə üzrə hasilat, mənfəət karbohidrogenlərinin formalaşması və satışı, satış qiyməti ARDNF-nin gəlirlərinə təsiredici əsas amillərdir. 30 illik yubileyini qeyd edən AÇG yatağı hazırki dönəmdə belə Fondun formalaşma mənbələrinin əsas hissəsini təşkil edir. Qeyd edilməlidir ki, 30 illik yubileyə töhfə qataraq 2024-cü ildə 600 milyon ton hasilat göstəricisini aşan AÇG yatağı üzrə son dövrlərdə hasilat göstəricilərinin optimizasiyası istiqamətində aparılan təkmilləşdirmə fəaliyyəti nəticəsində layihə üzrə hasilat templərinin ortamüddətli dönəmdə də sabitləşdirilməsinin təmin olunması gözlənilir ki, bu da öz növbəsində ARDNF-nin gəlirlərinin stabil saxlanılmasına zəmin yaradan faktorlardandır. Belə ki, 2024-cü il üzrə proqnozlaşdırılan hasilatın tam və bununla yanaşı Fondun bu istiqamət üzrə gəlirlərinin büdcədən artıq icra olunması gözlənilir.
“Şahdəniz” layihəsinə gəldikdə, bildiyiniz kimi, Azərbaycan qazının 2021-ci ildən etibarən Avropa bazarlarına çıxışının təmin edilməsi sahəsində bu istiqamət üzrə gəlirlilik tarixi maksimumlara çatıb və son illərdə kəskin yüksək volatillik müşahidə etdirən Avropa qaz qiymətlərindən asılı olaraq dəyişib. Layihə üzrə qaz hasilatı dinamikasının hazırki dövrdə müsbət templə irəliləməsi və növbəti illərdə daha da artırılaraq pik hədlərə çatdırılması proqnozlaşdırılır ki, bu da öz növbəsində Azərbaycanın dünya bazarlarındakı qaz ixrac payının yüksəldilməsi ilə nəticələnəcək. Eyni zamanda, qeyd edilməlidir ki, bu sahədə ölkə üzrə hazırda karbohidrogen layihələrinin işlənilməsi sayəsində yeni neft-qaz yataqlarından hasilatın təmin edilməsi və əldə olunacaq həcmlərin yaxın gələcəkdə ümumi hasilat profillərinə və iqtisadi göstəricilərə müsbət təsirlərlə nəticələnməsi gözlənilir.
- Bu da məlumdur ki, son bir il ərzində mövcud geosiyasi amillər beynəlxalq kapital və qiymətli kağızlar bazarına ciddi təsir edir, maliyyə bazarında qeyri-müəyyənliklər yaradır. Bu qeyri-müəyyənliklər qarşısında Fond investisiya portfelini necə şaxələndirir?
- Vəsaitlərin idarə edilməsi təcrübəsində investisiya prosesi ilə yanaşı investisiyaların daimi monitorinqi, bu çərçivədə risklərin dəyərləndirilməsi və buna uyğun müvafiq addımların atılması xüsusi əhəmiyyət daşıyır. Bunlar arasında potensial çətinlikləri öncədən müəyyən etmək və onlara hazır olmaq üçün hərtərəfli strateji təhlil, qərarların effektivliyini təmin edən dayanıqlı idarəetmə və nəzarət mexanizmlərini qurmaq vacib faktorlar kimi qəbul edilir. Sözügedən yanaşmalar Fondun investisiya fəaliyyətinin səmərəli təşkil olunmasına şərait yaradaraq investisiyaların təmərküzləşməsini önləyir ki, bu da bazar dalğalanmaları zamanı portfelin mümkün itkilərdən sığortalanmasında olduqca mühüm rola malikdir.
Bununla yanaşı, Fond qlobal müstəvidə geosiyasi vəziyyətin getdikcə daha da mürəkkəbləşdiyini nəzərə alaraq, dəyişən dinamikadan, qeyri-sabitlikdən irəli gələn qeyri-ənənəvi riskləri azaltmaq üçün bu dəyişikliklərə adekvat cavab verən çevik portfel qurmağa çalışır. Bu əsasda ARDNF də digər qlobal investorlar kimi investisiya siyasətini maliyyə bazarlarının tələblərinə uyğun formada yenidən nəzərdən keçirib və yarana biləcək potensial təhlükələrə qarşı önləyici tədbirlər həyata keçirib. Belə ki, Fond müxtəlif aktiv növlərində, valyutalarda və yeni regionlarda investisiya imkanlarını dəyərləndirməyə şərait yaradan daha şaxəli portfelin formalaşdırılması məqsədilə investisiya siyasətində müvafiq dəyişikliklər edib, habelə yuxarıda qeyd olunan amillərin Fondun kapitalının qorunmasına mənfi təsirlərinin minimallaşdırılması məqsədilə qabaqlayıcı tədbirlərindən biri kimi portfeldə qızılın çəkisinin tədricən artırılmasını nəzərdə tutub. Yekunda qeyd etmək istərdim ki, gesosiyasi hadisələrin və digər gözlənilməz meyllərin portfelə təsirini qiymətləndirmək üçün Fond tərəfindən müntəzəm olaraq ssenari planlaşdırılması və stres testlərin edilməsi daha çevik olmağa, vaxtında qabaqlayıcı tədbirlər həyata keçirməyə, lazım gəldikdə strategiyamıza yenindən baxmağa imkan verir.
- Hazırda Dövlət Neft Fondunun qızıl ehtiyatı nə qədərdir? Bu, ümumilikdə Azərbaycanın qızıl ehtiyatının nə qədər hissəsini təşkil edir? Qızılın qiymətinin qalxdığı bir vaxtda ARDNF-nin investisiyası strategiyası necə təşkil olunur?
- Ötən ilin 9 ayı ərzində 1 milyard 929 milyon dollar dəyərində 25 ton qızıl alınıb. Əlavə alışlar və qızılın qiymət artımı nəticəsində, 2024-cü ilin 3-cü rübünə ARDNF-nin investisiya portfelində qızılın ümumi miqdarı 127 ton və ya 10 milyard 845 milyon dollara yüksəlib və beləliklə qeyd edilmiş tarixə portfelin 18 faizini təşkil edib. Qızıl ehtiyatlarının artırılması xarici valyuta ehtiyatlarının şaxələndirilməsi ilə yanaşı, risklərin azaldılması baxımından da strateji əhəmiyyətə malikdir. Qızıl inflyasiyadan qorunmaq üçün effektiv vasitə olaraq, xüsusən iqtisadi qeyri-müəyyənlik və artan geosiyasi risklər dövründə rezervlərin dəyərini qorumaq üçün mühüm rol oynayır.
Bundan əlavə, qızılın tarixən dəyər saxlayan bir aktiv kimi etibarlılığı onu xarici valyuta rezervlərində əhəmiyyətli yerə sahib edir. Son dövrlərdə yalnız Azərbaycan deyil, dünyanın bir çox ölkələri qızıl ehtiyatlarını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, mərkəzi bankların qızıl ehtiyatları 2024-cü il ərzində ümumi ehtiyatların təxminən 11 faizini təşkil edir ki, bu da 2008-ci ildə mövcud 6 faizlə müqayisədə kəskin artım deməkdir. Çin, Hindistan, Türkiyə və bir sıra digər ölkələr qızıl ehtiyatlarını artıraraq, valyuta ehtiyatlarını daha da şaxələndiriblər.
- Fondun qlobal daşınmaz əmlak bazarlarında yeri də maraqlıdır. Ötən il ARDNF xaricdə daşınmaz əmlakın alınmasına hansı regionlarda və nə qədər vəsait xərcləyib? Ümumiyyətlə ARDNF-nin xaricdə ümumi daşınmaz əmlaka sərmayəsi nə qədər təşkil edir?
- Öncə qeyd edilməlidir ki, daşınmaz əmlak investisiyaları inflyasiyaya qarşı mühüm müdafiə vasitəsi rolunu oynamaqla bərabər ümumi portfelin diversifikasiyasına xidmət edən bir aktiv növüdür və dünyanın bir çox suveren fondlarının investisiya portfellərində yer alır. ARDNF daşınmaz əmlak investisiyalarına 2012-ci ildə başlayıb və hazırda dünyanın 40-dan çox ölkəsində investisiyaları mövcuddur. ARDNF-nin daşınmaz əmlak portfelinin təxminən 40 faizi Şimali Amerika, 39 faizi Avropa, digər hissəsi isə, əsasən, Asiya və Sakit Okeanı hövzəsi regionunda yerləşir. Xüsusilə qeyd edilməlidir ki, portfelin böyük hissəsini müştərək investisiyalar təşkil edir (fondlar vasitəsilə edilən) və sözügedən investisiyalar qlobal miqyasda geniş təcrübəsi olan nüfuzlu şirkətlərlə birgə həyata keçirilir. Daşınmaz əmlak portfelinin hazırki dəyəri 3,5 milyard dollara bərabərdir və investisiyalara başlanan tarixdən etibarən bu portfel üzrə kumulyativ olaraq 78 faizdən çox gəlir əldə edilib.
2024-cü il ərzində isə ARDNF-nin daşınmaz əmlak portfeli üzrə ümumilikdə 200 milyon dollar həcmində yeni investisiya qoyuluşu həyata keçirilib. Bu investisiyalara dünya miqyasında tanınan PGIM və “Brookfield” şirkətlərinin müvafiq olaraq Asiya və Sakit Okeanı hövzəsi regionunda fəaliyyət göstərən və Amerika, Avropa və Asiya regionları üzrə qlobal investisiyalar həyata keçirən fondları daxildir. Həmin fondlar ənənəvi və alternativ daşınmaz əmlak sektorlarında investisiyalar həyata keçirəcək.
- ARDNF-nin ən çox investisiya qoyduğu ilk üçlükdə olan alətlər hansılardır? Fond gələn il investisiya siyasətinə yenidən baxa bilər?
- Qeyd etmək istərdim ki, ARDNF-nin hər il investisiya siyasəti hazırlanarkən qlobal iqtisadi trendlərin potensial təsirlərini özündə əks etdirən araşdırmalara xüsusi önəm verilir. ARDNF uzunmüddətli investor kimi yüksək gəlirli aktivləri portfelinə daxil etməklə yanaşı, qlobal bazarlardakı prosesləri daim izləyir və fəaliyyətində portfelin şaxələndirilməsi və qiymət dəyişkənliyi risklərinin minimuma endirilməsi prinsiplərinə üstünlük verir. Qlobal proseslərin investisiya portfelinə potensial təsirləri isə ARDNF-in atdığı taktiki addımlar da xüsusi diqqət mərkəzində saxlanılır. Bu çərçivədə ARDNF-nin ən çox investisiya qoyduğu ilk üçlükdə olan alətlərə portfelin 50 faizini təşkil edən və sığorta rolu oynayan istiqraz və pul bazarı alətlərini, portfelin 26 faizini təşkil edən uzunmüddətli gəlirlilik vəd edən və daha riskli aktiv növü sayılan səhmlər aktivlərini, habelə yuxarıda qeyd olunduğu kimi geosiyasi amillərin mənfi təsirlərinə qarşı qabaqlayıcı tədbirlər fonunda portfelin 18 faizini təşkil edən qızıl aktivlərini qeyd etmək olar.
Sonda bir daha bildirmək istərdim ki, illik əsasda təsdiqlənən İnvestisiya Siyasətində hər il olduğu kimi, bu il də əvvəl sadaladığım amillər nəzərə alınmaqla maliyyə aktivləri və valyutalar üzrə bölgülər nəzərdən keçirilib və bu istiqamətdə müəyyən addımlar nəzərdə tutulub.