PMI-nin vitse-prezidenti: Məqsədimiz siqaret satışına tamamilə son qoymaqdır - MÜSAHİBƏ Müsahibə

PMI-nin vitse-prezidenti: Məqsədimiz siqaret satışına tamamilə son qoymaqdır  - MÜSAHİBƏ

“Philip Morris International” şirkətinin (PMI) Beynəlxalq kommunikasiya və qarşılıqlı fəaliyyətlər üzrə vitse-prezidenti Tomasso Di Covanninin APA-ya müsahibəsi

- PMI-ni tüstüsüz gələcəyə dair öhdəlik götürməyə nə həvəsləndirdi və bu baxış zamanla necə meydana gəldi?

- Siqaret çəkənlər üçün ən yaxşı seçim tütün və nikotin məhsullarından tamamilə imtina etməkdir. Lakin əksəriyyət bunu etmir. Məhz buna görə də, biz Philip Morris International (PMI) olaraq siqareti tərgitməyən həddi-buluğa çatmış şəxslər üçün elmi cəhətdən əsaslandırılmış tüstüsüz məhsullar təklif etmək öhdəliyi götürmüşük. Bu məhsullar siqaretlə müqayisədə daha yaxşı alternativlərdir.

Hesablamalara görə, dünyada siqaret çəkənlərin sayı 1 milyarddan çoxdur və bu rəqəmin gələn illərdə də təxminən eyni qalacağı proqnozlaşdırılır. Bu insanlar onları siqaretdən uzaqlaşdıracaq praqmatik yanaşma və məntiqli çıxış yoluna layiqdirlər. Bu gün belə bir çıxış yolu var.

2008-ci ildən bəri biz innovativ tüstüsüz məhsulların hazırlanması, elmi cəhətdən əsaslandırılması və satışa çıxarılması üçün 12,5 milyard ABŞ dolları sərmayə yatırmışıq. Məqsədimiz siqaret satışına tamamilə son qoymaqdır. Tüstüsüz məhsullar tam risksiz deyil və onların tərkibində asılılıq yaradan nikotin var, lakin belə məhsullar siqaret çəkənlər üçün siqaretlə müqayisədə daha yaxşı alternativdir.

2023-cü ildə kommersiya səylərimizin 74%-i, elmi-tədqiqat xərclərimizin isə 99%-i tüstüsüz məhsullarımıza yönəlmişdi. Biz hamıya daha yaxşı gələcək naminə öz biznesini proaktiv şəkildə dəyişdirən yeganə şirkətik və bu istiqamətdə sürətlə irəliləyirik. Bizim çoxşaxəli tüstüsüz məhsul portfelimiz siqaretləri aradan qaldırmaq üçün ən gözəl fürsət təklif edir.

Biz cəmiyyətin dəyişiklik tələblərinə cavab verməyə sadiqik və tüstüsüz gələcək təmin etmək missiyamızda qərarlıyıq. Bu iddialı mövqe qabaqcıl texnoloji innovasiyalardan və ciddi elmi araşdırmalardan istifadə edərək biznes modelimizin hərtərəfli transformasiyasını tələb edir. İnnovasiya və elmi dürüstlüyü prioritetləşdirərək, biz yeni bir dövrə yol açırıq.

- PMI-nin tüstüsüz gələcəyə gedən yolda indiyədək keçdiyi əsas mərhələlər hansılardır?

- Bizim transformasiyamız çoxdan başlayıb. 2009-cu ildə İsveçrənin Nevşatel şəhərində yeni elmi-tədqiqat mərkəzimizin açılışını edərək elm və texnologiya əsaslı biznesə keçidimizi nümayiş etdirdik. 2014-cü ildə əsas tüstüsüz məhsulumuz - IQOS-un Yaponiyada və İtaliyada satışına başladıq. İki il sonra biz tüstüsüz gələcəyə nail olmaq ambisiyamızı rəsmi olaraq bəyan etdik.

2020-ci ildə şirkətimiz əsas qızdırılan tütün məhsulumuzu ABŞ-da riski dəyişdirilmiş və təsiri azaldılmış tütün məhsulu kimi satmaq üçün Ərzaq və Dərman İdarəsindən icazə aldı. Bu, belə icazə alan ilk elektriklə qızdırılan tütün məmulatı idi. Bu icazə qızdırılan tütün məhsulumuzun siqaretlərdən əsaslı şəkildə fərqli olduğunu təsdiqlədi və azaldılmış təsir səviyyəsinin əhalinin sağlamlığını təşviq etmək üçün uyğun ola biləcəyini müəyyən etdi. O vaxtdan bəri müxtəlif səhiyyə qurumları və daha çox ölkə tüstüsüz məhsullar ilə siqaretlər arasındakı əsas fərqi qəbul edir, siqaret çəkənlərin sayını daha sürətlə azaltmaq və əhalinin sağlamlığını yaxşılaşdırmaq üçün tütün zərərinin azaldılmasını əlverişli strategiya kimi müəyyən edir, bununla da, ənənəvi tütünə nəzarət tədbirlərini tamamlayır.

Artan istehlakçı tələbi və ehtiyaclarını qarşılamaq üçün 2022-ci ildə biz ağızla qəbul edilən nikotin məhsulları istehsalında lider hesab olunan “Swedish Match” şirkətini alaraq şirkətin aparıcı brendlərinin rəhbərliyi altında tüstüsüz məhsullar üzrə qlobal liderə çevrildik.

30 sentyabr 2024-cü il tarixinə qədər tüstüsüz məhsullarımız dünyanın 92 bazarında satışa çıxarılmışdı. Hesablamalarımıza görə, dünyada təxminən 36,8 milyon həddi-buluğa çatmış insan bizim tüstüsüz məhsullarımızdan istifadə edir, onların təxminən 72%-i siqareti tərgitərək tamamilə bizim qabaqcıl qızdırılan tütün məhsulumuza keçib.

Bir neçə ilin içində biz dəyəri 10 milyard ABŞ dolları olan tüstüsüz biznes qurmuşuq və 2023-cü ilin IV rübündə bizim qabaqcıl qızdırılan tütün məhsulumuzun xalis gəlirləri aparıcı siqaret markamızın gəlirlərini ötüb. Tüstüsüz biznesimiz 2024-cü ilin ilk doqquz ayında ümumi xalis gəlirlərimizin təxminən 38%-ni təşkil edib ki, bu da bizim 2030-cu ilə qədər əsas etibarı ilə tüstüsüz şirkətə çevriləcəyimizi göstərir.

- Siqaret istehlakının azaldılması ilə bağlı uğur hekayələriniz və ya əhəmiyyətli nailiyyətlərinizdən bir neçəsini deyə bilərsinizmi?

- Avropada tüstüsüz məhsulların siqaret çəkənlərin sayının azalmasına əhəmiyyətli şəkildə təsir etdiyini göstərən təqdirəlayiq nümunələr mövcuddur. Məsələn, İsveç siqaret çəkənlərin sayının azalmasında böyük uğur qazanıb. İsveçin ictimai səhiyyə agentliyinin son məlumatlarına görə, İsveç dünyada ilk tüstüsüz ölkə olmaq üzrədir, çünki siqaret çəkənlərin sayı 5%-dən bir qədər çoxdur – bu, qlobal səviyyədə tanınan 5%-lik tüstüsüz ölkə statusu həddinə olduqca yaxın göstəricidir. Bu uğur, ilk növbədə, siqaretlə müqayisədə daha yaxşı tütün və nikotin alternativlərinin əlçatanlığı, məqbulluğu və əlverişliliyi ilə əlaqələndirilə bilər. Bunlara qızdırılan tütün, elektron siqaretlər, nikotin kisələri, əsasən də, yuxarı damaqla dodağın arasına qoyulan və selikli qişa vasitəsilə dad və nikotin ayıran nəmli oral tütün - snus daxildir.

İctimai səhiyyə məlumatları göstərir ki, İsveçdə siqaret çəkmə faizi digər Avropa İttifaqı ölkələrinə nisbətən əhəmiyyətli dərəcədə aşağıdır, Avropada orta siqaret çəkmə faizi (24%) İsveçdəkindən təxminən beş dəfə yüksəkdir. 2014-2023-cü illərdə siqaret çəkmə faizi üzrə azalma 27 Avropa ölkəsində 11% müşahidə olunduğu halda İsveçdə bu göstərici 27% olub. İsveçdə siqaret çəkmə və tütünlə əlaqədar ölüm sayında azalma, siqaret çəkmə ilə bağlı daha sərt nəzarət tədbirlərinin görülməsi ilə əlaqədar ola bilərdimi? Belə görünmür, çünki bu ölkənin siqaret çəkmə ilə bağlı qanunları - minimum yaş həddi, marketinq məhdudiyyətləri, böyük sağlamlıq xəbərdarlıqları, xarakteristik dadların və qapalı yerlərdə siqaret çəkmənin qadağan olunması - Aİ-nin digər ölkələri tərəfindən qəbul edilən qanunlarla, demək olar ki, oxşardır.

- PMI elmi araşdırmalar və texnoloji innovasiyalardan istifadə edərək tüstüsüz məhsulları necə hazırlayıb?

- PMI-də elmi-tədqiqatlar bizim biznes transformasiyamızın katalizatorudur. Apardığımız tədqiqatlara ciddi yanaşmamız, metodologiyalarımızı və nəticələrimizi açıq şəkildə paylaşmağımız elmi ictimaiyyət, səlahiyyətli orqanlar və istehlakçılar arasında elmi nəticələrimizə etimadı artırır, bu isə bizə tüstüsüz məhsullarımızı dünya üzrə satışını həyata keçirməyə imkan verir.

Elmi-tədqiqat fəaliyyətimizi məsuliyyətli şəkildə icra etmək, elmi-tədqiqat metodlarımızı və nəticələrimizi açıq və şəffaf şəkildə paylaşmaq son dərəcə önəmlidir. Şəffaflıq elmi dürüstlük və ciddi yanaşma ilə birlikdə şübhə və etimadsızlığı aradan qaldırır, əməkdaşlıq və tərəfdaşlığı təşviq edir. Ciddi elmi işlərdən əldə etdiyimiz sübutlar və nəticələr həddi-buluğa çatmış siqaret çəkənlərin xeyrinə əhalinin sağlamlığı və tütün zərərinin azaldılması ilə bağlı müzakirələri gücləndirir. Bu günə qədər tüstüsüz məhsullar barədə 530-dan çox resenziyalı nəşrimiz və kitab fəslimiz dərc olunub, eyni zamanda 2015-ci ildən 2023-cü ilə qədər tüstüsüz texnologiyalarla bağlı 3,720 patent üçün ərizə verib təsdiqlətmişik.

1 586 alim, mühəndis, texniki işçi və dəstək heyətimizin məqsədi siqareti tərgitməyən böyüklər üçün elmi şəkildə əsaslandırılmış tüstüsüz alternativlər yaratmaqdır. İşimizin vacib bir hissəsi tüstüsüz məhsullar ilə yanma prosesini tamamilə aradan qaldırmağı nümayiş etdirməkdir.

Yanma prosesinin aradan qaldırılması siqaret çəkmə ilə müqayisədə zərərli və potensial zərərli kimyəvi maddələrə məruz qalma səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Siqaret çəkmə ilə bağlı xəstəliklərin kökündə dayanan səbəb bir çox insanın düşündüyü kimi, nikotin deyil, həmin kimyəvi maddələrdir. Nikotinin risksiz olmamasına və asılılıq yaratmasına baxmayaraq, siqaret tüstüsünün tərkibi ilə bağlı müxtəlif səhiyyə qurumlarının apardığı araşdırmalar göstərir ki, nikotin siqaretlə əlaqəli xəstəliklərin əsas səbəbi deyil.

- PMI-nin tüstüsüz gələcək təşəbbüsü ilə bağlı uzunmüddətli məqsədləri nədən ibarətdir?

- Bizim cəsarətli ambisiyamız var: siqaret çəkənlər, onların qayğısına qalanlar və əhalinin sağlamlığı naminə mümkün qədər tez bir zamanda siqaretləri elmi əsaslı tüstüsüz məhsullarla əvəz etmək istəyirik. Bu ambisiyaya mümkün qədər qısa müddətdə çatmaq üçün biznesimizi dəyişir, resurslarımızı yeniləyir, həm məqsədimizi, həm də fəaliyyətimiz əsaslı şəkildə dəyişirik. Biz tüstüsüz gələcəyə dair cəsarətli hədəfimizə doğru irəliləyərək 2030-cu ilə qədər tüstüsüz məhsulların ümumi xalis gəlirimizin üçdə ikisindən çoxunu təşkil etməsini planlaşdırırıq.

PMI-nin transformasiya səyahəti siqareti mərhələli şəkildə istifadədən çıxarmaq kimi kritik missiyaya əsaslanan bir hədəflə başlasa da, bu, şirkətimizin yeganə və ya son məqsədi deyil. Siqaretdən daha az zərərli olduğu elmi cəhətdən əsaslandırılmış yanmayan alternativlərin araşdırılması və hazırlanması sadəcə ilk addımdır.

Uzunmüddətli perspektivdə PMI-nin transformasiyasında növbəti mühüm addım təcrübəmizdən və imkanlarımızdan istifadə edərək tütün və nikotin məhsullarından kənara çıxmaq olacaq ki, bu da daha geniş sağlamlıq və rifah biznesinə keçidin bir hissəsini təşkil edəcək. Şirkətimizin aerozol kimyası və fizikası sahəsindəki təcrübəsindən, ən yaxşı səviyyədə preklinik təhlükəsizlik, toksikologiya və klinik araşdırma imkanlarımızdan istifadə etməklə, eləcə də öz potensialımıza və elmi-tədqiqat proqramlarına davamlı sərmayə qoymaqla, biz müvafiq olaraq innovativ və fərqli məhsullar hazırlamaq və məsuliyyətli şəkildə satışa çıxarmaq niyyətindəyik. Məqsədimiz xəstələrin və istehlakçıların qarşılanmayan ehtiyaclarını təmin etməkdir.

- Əhalimizin demək olar ki dörddə-birinin, kişilərin isə yarısının siqaret çəkdiyi bildirilir. Azərbaycan hökuməti siqaretlə mübarizə ilə bağlı bir sıra proqramlar, o cümlədən 2015-2020-ci illərdə qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair Dövlət Proqramı qəbul edib. Bununla belə, siqaret çəkənlərin sayı hələ də çoxdur. Digər tərəfdən, IQOS 2024-cü ilin iyun ayında Azərbaycanda satışa çıxarılıb. Sizcə, PMI-nin bu yaxınlarda bazara çıxardığı tüstüsüz məhsullar Azərbaycanda siqaret çəkənlərin sayını azalda biləcəkmi?

- Başqa ölkələrin təcrübəsinə nəzər salsanız, görə bilərsiniz ki, tüstüsüz məhsullar, həqiqətən də, siqaret çəkmə hallarını azaltmağa qadirdir. IQOS-un 2014-cü ildə ilk satışa çıxardığı ölkə olan Yaponiyada Səhiyyə, Əmək və Rifah Nazirliyi tərəfindən 1948-ci ildən bəri aparılan illik milli sağlamlıq yoxlama sorğusu - Milli Sağlamlıq və Qidalanma Sorğusuna (NHNS) əsasən, əhalinin sağlamlığı ilə bağlı son məlumatlar siqaret çəkənlərin sayının 2014-cü ildən bəri 46% azaldığını göstərir. Bu göstərici, bütün böyüklər üzrə 2014-cü ildə 19.6%-dən 2022-ci ildə 10.6%-ə enib. Bu azalma Yaponiyada qızdırılan tütün məmulatlarının satışa çıxarılması və siqaret çəkən milyonlarla həddi-buluğa çatmış insan tərəfindən onların geniş şəkildə qəbul olunması ilə əlaqədardır. Ölkədə qızdırılan tütün məmulatı istifadəçilərinin sayı durmadan artır və bu məhsulların satışa çıxarılmasından bəri siqaret çəkənlərin sayı artmayıb. Yaponiyada qızdırılan tütün məhsullarının satışa çıxarılması təkcə siqaret çəkənlərin sayının azalmasına səbəb olmadı, həm də həddi-buluğa çatmış bir çox insanın siqaretdən daha az zərərli alternativlərə keçməsinə kömək etdi. Bu, siqaret çəkən insanların sayının azalmasına gətirib çıxardı.

Azərbaycan yeniliklərə açıq olması ilə tanınır. Biz məhsulu bazara çıxardıq və istəyirik ki, siqaretləri tərgitməyən böyüklər daha yaxşı alternativlərə keçsinlər. Azərbaycanın tüstüsüz ölkəyə çevrilməsi hökumətin qətiyyəti və tüstüsüz məhsullara ictimai dəstəyin artırılması ilə mümkündür.