ABŞ Rusiya və Çin maşınlarını qadağan etdi
14 Yanvar 23:35
Xalq rəssamı Səlhab Məmmədovun APA-ya müsahibəsi
- Səlhab müəllim, müqəddəs söz var. Bəs müqəddəs rəng də varmı?
- Bilirsiniz, rəssam üçün bütün rənglər müqəddəsdir. Cəmiyyətdə belə bir anlayış var ki, ağ-qara rənglər nostalgiya aşılayır. Bəzən filmlərdə də bəzi epizodları ağ-qara verməklə rejissorlar bizi keçmişə aparmağa çalışırlar. Amma ümumilikdə müqəddəs rəng yoxdur, sadəcə bu, insanın əhval-ruhiyyəsindən asılıdır.
- Nə vaxtsa olub ki, hiss etdiyinizi, gördüyünüzü çəkə bilməmisiniz? Bir sözlə, əliniz sözünüzə baxmayıb?
- Ümumiyyətlə, insan uşaq vaxtı belə ilk dəfə fırçanı əlinə alanda, əgər onda duyum varsa, beynində olan kompozisiyanı yaratmağa başlayır. Amma nə qədər yaratsa da, heç vaxt bundan razı qalmır. Heykəldə də belədir – işləyirsən, sonra gedirsən evə, o duyğularla yatırsan, sonra qayıdıb heykələ və ya kətana baxırsan və fikirləşirsən ki, bəlkə bunu dəyişim? Ona görə mənə elə gəlir ki, sənətkar heç vaxt gördüyü işdən razı qalmır. Əgər razı qalsa, deməli, son nöqtəsi qoyulub.
- Söhbət heykəllərin üstünə gəlmişkən, xarici ölkələrdə də müəllifi olduğunuz heykəllər qoyulub. Bunlardan hansının sizin ürəyinizdə xüsusi yeri var?
- Mən sizə deyim ki, biz o heykəlləri Xalq rəssamı Əli İbadullayevlə bir yerdə işləmişik. Həmin heykəlləri işləyəndə biz bir şeyi fikirləşmişik ki, gördüyümüz iş həm bu günün tələblərinə cavab verməli, həm də milli ənənələrimizin üstündə qurulmalıdır. Bayaq da qeyd etdiyim kimi, hər heykəli yaradanda onunla yaşayırsan, heykəl bir növ övladına çevrilir. Başlayırsan heykəllə böyüməyə. Ümumiyyətlə, rəssamın, heykəltəraşın yaratdığı onun övladlarıdır. Ona görə də sən həyatının heç bir dövrünü silə bilməzsən. İstər heykəltəraşlıqda, istərsə də rəssamlıqda yaratdığımız əsərlər bizimlə yaşayacaq və tarix onlara qiymət verəcək.
- Qeyd etdiniz ki, yaratdığınız heykəllərin müasir olmasına da çalışırsınız. Amma bizim ictimaiyyət sənət məsələsində deyəsən, daha çox mühafizəkardır. Bunu Bakıda qoyulan avanqard heykəllərə münasibətdən də görmək mümkündür.
- Mənə elə gəlir ki, uşaq bağçalarında, məktəblərdə bu işlə ciddi məşğul olmaq lazımdır. Bu günün rəssamlıq əsərini, dizaynını başa düşmək üçün tamaşaçının sənətlə bağlı müəyyən nəzəri bilikləri olmalıdır. Xaricdə bir çox universitetdə incəsənət dərsləri keçilir. Məsələn, tələbə tibb və ya maliyyə sahəsində oxuyur, amma ildə bir neçə dəfə incəsənət dərsləri də keçilir. Müəllimlər onları muzeylərə aparır, müasir incəsənət haqqında söhbət açırlar. Bunlar mütləq lazımdır. Ona görə düşünürəm ki, əsasən də rayonlarda, kəndlərdə oxuyan uşaqları tez-tez muzeylərə, sərgilərə aparmaq lazımdır. Onlar muzeylərdə, sərgilərdə heç olmasa bir az vaxt keçirməlidirlər. İnsan öz tarixini bilməsə, onu sevməyəcək. Heç yadımdan çıxmaz, ötən əsrin 80-ci illərində SSRİ Rəssamlar İttifaqının bir neçə rəssamı ilə Yaponiyada idik. Həmin vaxt biz Yaponiyanın muzeylərini, tarixi məkanlarını da gəzdik. Hara gedirdiksə, azyaşlı uşaqlardan ibarət qruplarla rastlaşırdıq. Bu, mənim diqqətimi çəkdi, soruşdum. Mənə dedilər ki, uşaqlar gözlərini açandan onlara Yaponiyanın tarixi yerlərini göstərirlər. Bu çox vacib məsələdir, çünki həmin uşaqlar tarixi abidələri, heykəlləri görə-görə gəlib bugünkü müasir əsərləri də rahatlıqla qavraya biləcəklər.
- Deyirsiniz ki, rəsmə maraq məktəblərdən başlamalıdır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru olaraq burda təhsil alan tələbələr gələcəyin rəssamı, heykəltəraşları kimi sizi qane edirmi? Məktəblərdə yaradılmayan maraq rəssam olmaq istəyənləri nə dərəcədə geri atır?
- Mənim üçün birinci məsələ ondan ibarətdir ki, gənc rəssamlar çox şey görüb-götürməlidirlər. Bunun üçün də xarici rəssamlarla ustad dərsləri təşkil edirik. Həmçinin hazırda böyük bir layihəmiz var. Tələbələr Qarabağa gedir, orada müəyyən duyğuları yaşayır, Qarabağ mövzusunda işləyirlər. Ona görə biz çalışırıq ki, tələbələrimiz gəzib-görsün.
- Gənclərdən bəhs etdiniz. Onlar sənət sahəsində qazancın az olmasından gileylənir, gəlir götürə bilmədiklərini deyirlər. Bu gileylərin səbəbi nədir?
- Sovet vaxtı Bədii Fond var idi. Gənclər həm fondda işləyir, həm də yaradıcılıqla məşğul olurdular. O vaxt da Rəssamlar İttifaqının katibi idim, indi də katibiyəm, o dövrü də görmüşəm, indiki dövrü də. Bu gün dövlət tərəfindən həm gənclər, həm də yaşlılar daxil olmaqla 60-a yaxın rəssama təqaüd ayrılıb. Yəni hansı gənc doğrudan da çalışırsa, biz ona həmin təqaüdü veririk. Bilirsiniz necədir, indi dövr dəyişib. Yaradıcı adam başqa işlə məşğul olub yaradıcılığını saxlaya bilər. Bu xaricdə də belədir. Biz çalışdığımız qədər Rəssamlar İttifaqında pulsuz sərgilər təşkil edirik. Əsərlərini satıb pul qazananlar da var. Ona görə bir az fəal olmaq lazımdır.
- Belə fikir var ki, Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı kimi birliklər Sovetin qalığıdır, indiki dövrlə ayaqlaşmır, ləğv edilməlidir.
- (Gülür). Saydıqların hamısı Sovet vaxtı yaranan qurumlardır və o vaxt onlarda maliyyə də var idi. Açıq desək, hamısı Sovet propaqandasının maşını idi. Bayaq da dediyim kimi, Rəssamlar İttifaqı bu gün təqaüd ayırır, sərgilər təşkil edir. Lakin bu gün Rəssamlar İttifaqının böyük işlər görmək üçün vəsaiti yoxdur. Bu cür qurumlar təkcə bizdə deyil, xaricdə də var. Sadəcə, onlarda rəqabət gedir deyə sahə inkişaf edir. Bizdə böyük iş adamları var. Onlar incəsənətə maraq göstərməli, rəsm əsərlərini almalı, özləri kimi imkanlı dostlarını bu sahəyə çəkməli, Akademiyada seçilən tələbələrə təqaüd verməli, bir sözlə incəsənətə hər cür dəstək durmalıdırlar. Dünyada əsrlərdir belədir. Mədəniyyət bu cür inkişaf edir. İş adamları pul qazanırlarsa, bir hissəsini mədəniyyətə sərf etməlidirlər.
- Səlhab müəllim, Azərbaycan rəssamlarının digər rəssamlardan əsas fərqi nədir? O nədir ki, onu əsərdə ancaq biz verə bilirik?
- Mən sizə bir söz deyim. Başqa xalqlar nə qədər desələr də “dolma, piti bizimdir”, öz xanımlarımız onu bişirəndə dadından bilirik ki, bu bizə məxsusdur (gülür). Rəsm əsərlərində də incə bir nüans var ki, onu gözlə görmək mümkün deyil. Bizim rəssamlarımızın əsərlərinə də baxan kimi bilirsən ki, bu bizim ruha, ənənəyə aiddir.
- “İnturist”in binası üzərindəki işinizin aqibəti necə oldu?
- Həmin işi 1967-ci ildə dostum Eldar Əhmədov ilə birlikdə işləmişdik. Heyf ki, onu da başqa yerə köçürtdülər. “İnturist”in qarşısında bina var idi, o da tarixi bina idi. Bizə həmin binanın üstündə Azərbaycana aid tarixi kompozisiya işləməyi də tapşırmışdılar. Biz də bütün tarixi abidələri alovun fonunda işləmişdik. Həmin iş Sovet vaxtı “Haraları gəzmək olar?” adlı kitabın ilk səhifəsində yerləşdirilmişdi. 90-cı illərdə başladılar binanı sökməyə. Mən getdim və dedim ki, bu bizim işimizdir, tarixi işdir. O cür kompozisiya indi şəhərdə yoxdur. Sonda mən yalnız ona nail ola bildim ki, həmin binanın qarşısında başqa bina tikdilər və bizim işimiz qaldı arxasında.
- Yəni panolara toxunmadılar?
- Yox, panolar indi də ordadır. Nə vaxt qarşısındakı binanı söksələr iş yerindədir.
- Özünüzü hansı janra daha yaxın hesab edirsiniz?
- Mən həmişə çalışmışam bu günün adamı olum. Bu gün də elə əsərlər yaratmaq lazımdır ki, bu dövrün incəsənəti olsun.
- Onda sizə modernist rəssam demək olar?
- Olar (gülür).