AMB-nin departament rəhbəri: Könüllü sığorta xidmətləri genişləndiriləcək - MÜSAHİBƏ Müsahibə

AMB-nin departament rəhbəri: Könüllü sığorta xidmətləri genişləndiriləcək  - MÜSAHİBƏ

"APA-Economics" 2024-cü ilin yekunları və 2025-ci il üzrə sığorta bazarında gözlənilən yeniliklərlə bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanovla müsahibəni təqdim edir:

- Vüsal bəy, 2024-cü il sığorta bazarı üçün nə ilə yadda qaldı? Əsas yeniliklər sizcə nələr oldu?

- Bildiyiniz kimi, Mərkəzi Bankın başlıca funksiyalarından biri sığorta sektoru da daxil olmaqla maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlılığının təmin edilməsi, maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsidir.

Sığorta xidmətlərinin əhatəliliyinin artırılması, əhali və biznes subyektləri üçün bu xidmətlərin əlçatanlığının təmin edilməsi, xidmət keyfiyyətinin təkmilləşdirilməsi, eləcə də sığorta istehlakçılarına qarşı ədalətli rəftarın daha da gücləndirilməsi və bu məqsədlərə xidmət edən dayanıqlı sığorta sektorunun inkişaf etdirilməsi Mərkəzi Bankın əsas strateji hədəfləri sırasındadır.

2024-cü il sığorta sektoru üzrə Mərkəzi Bank tərəfindən həyata keçirilmiş tənzimləmə və nəzarət tədbirləri öz müsbət nəticələri ilə yadda qalıb. Müvafiq olaraq sığorta bazarının peşəkar iştirakçıları olan sığortaçılar və sığorta vasitəçilərində növbəti ardıcıl yoxlamalar aparılmış və ümumilikdə sektorun sabitliyinə xələl gətirə, həmçinin sığorta sektoruna olan etimada mənfi təsir göstərə biləcək situasiyaların baş verməməsi üçün intensiv nəzarət tədbirləri tətbiq edilib.

Sığorta xidmətlərinin əhatəliliyinin təmin edilməsi ilə əlaqədar həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq ötən il ərzində icbari və könüllü sığorta növləri üzrə əvvəlki illərdən daha çox sığorta haqları yığılmış və buna müvafiq olaraq vətəndaşlara ödənilən sığorta ödənişlərinin həcmi artıb.

2024-cü il ərzində həyata keçirilmiş təşəbbüslər ölkənin sığorta sisteminin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılmasına hədəflənib.

Mərkəzi Bankın əsas prioritetlərindən hesab edilən risk əsaslı tənzimləmə və nəzarətə keçid layihəsi üzrə bir sıra nəticələr əldə edilib. Belə ki, sığortaçılarda korporativ mühitin formalaşmasına xidmət edən, daxili nəzarət mexanizmlərinin, risklərin idarə olunması və hesabatlıq sistemlərinin təkmilləşdirilməsini əhatələndirən, beynəlxalq təcrübəyə əsaslanan korporativ idarəetmə standartları təsdiq edilib və tətbiqinə başlanılıb.

Eyni zamanda, maliyyə bazarlarında sistem risklərinin qarşısının alınması məqsədi ilə sığortaçıların fəaliyyətinin xüsusi rejimdə tənzimlənməsi, nəzarət proseslərinin sığorta sektorunun dəyişən risk profilinə uyğun inkişaf etdirilməsi və son nəticədə sektorun maliyyə dayanıqlılığının gücləndirilməsi məqsədilə sığortaçıların sistem əhəmiyyətliliyi üzrə meyarlar müəyyənləşdirilib.

Həmçinin katastrofik risklərin baş verməsi zamanı əhalinin maliyyə itkilərinə və dövlətin fiskal yükünə təsirlərini minimuma endirmək imkanına malik dayanıqlı sığorta sektorunun formalaşdırılması məqsədilə Mərkəzi Bank katastrofik risklər üzrə yeni tənzimləmələr həyata keçirib.

2024-cü ildə maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi istiqamətində də mühüm addımlar atılıb. Belə ki, kredit götürən fiziki şəxslərin həyat sığortası ilə müdafiəsinin gücləndirilməsi, ölüm və əmək qabiliyyətinin itirilməsi hallarında kredit götürənlərin və onların vərəsələrinin maliyyə sabitliyinin müdafiəsi üçün kredit həyat sığortası növü üzrə münasibətlərin tənzimlənməsi çərçivəsində yeni qaydalar təsdiq edilib.

Ötən il ərzində Mərkəzi Bank tərəfindən sığorta hadisələri üzrə zərərlərin ədalətli və mübahisəli halların yaranması zamanı bitərəf şəkildə qiymətləndirilməsinə istiqamətində də əhəmiyyətli yeniliklər gətirilib. Belə ki, sözügedən halların qiymətləndirilməsində rol alan müstəqil ekspertlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə müstəqil ekspert fəaliyyətini tənzimləyən bir sıra tənzimləmələr həyata keçirib. Bununla yanaşı, sığorta bazarının peşəkar iştirakçıları barədə məlumatların ictimaiyyətə açıqlanmasına imkan verən reyestr qaydaları təkmilləşdirilib.

Mərkəzi Bankın fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edən sığorta xidmətlərinin rəqəmsallaşması ilə əlaqədar tədbirlər, həmçinin müvafiq icbari sığorta növləri üzrə İcbari Sığorta Bürosunun elektron-informasiya sistemi ilə səlahiyyətli dövlət orqanlarının sistemləri arasında inteqrasiyaların aparılması da diqqətdə saxlanılıb.

Əhali və biznes subyektlərinin sığorta və risk üzrə maarifləndirməsi istiqamətində genişmiqyaslı təbliğat və təşviqat işləri aparılıb. Həmçinin sığorta bazarının kadr potensialının artırılması üzrə sektorda fəaliyyət göstərən əməkdaşlara peşəkar xarici mütəxəssis heyəti tərəfindən inkişaf proqramları və təlimlərin keçirilməsi davam etdirilib.

Ötən il ölkəmiz sığorta sektoru üçün böyük əhəmiyyət kəsb edən müxtəlif beynəlxalq tədbirlərin ev sahibi olub. Belə ki, katastrofik risklərin idarə olunmasına yeni baxış çərçivəsində katastrofik risklərin modelləşdirilməsi, bu risklərdən irəli gələn maliyyə nəticələrinin ölçülməsi və sığortalanma mexanizmlərinin inkişafı üzrə beynəlxalq təcrübələrin geniş mübadiləsini əhatə edən “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi” mövzusunda konfrans keçirilib. Eyni zamanda, Mərkəzi Bankın dəstəyi ilə növbəti “Beynəlxalq Sığorta Forumu” və ilk dəfə texnoloji transformasiyanın əsas istiqamətlərini ehtiva edən “Azərbaycan İnsurtech Zirvəsi” təşkil olunub.

- 2024-cü il üzrə sığorta bazarı nə qədər böyüyüb və gələn il üzrə gözləntiləriniz necədir?

- Ölkə iqtisadiyyatı hazırda özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub. Dayanıqlı iqtisadi inkişafda maliyyə sektoru, xüsusilə də sığorta sektoru mühüm rol oynamaqdadır. Mərkəzi Bank tərəfindən sığorta sektorunda davamlı institutsional islahatların həyata keçirilməsi, infrastrukturun daha da təkmilləşdirilməsi , həmçinin əhalinin sığorta xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində həyata keçirilən mühüm təşəbbüslər sektorda müsbət dinamikanın əsas hərəkətverici qüvvəsinə çevrilib.

2024-cü ilin üzrə göstəricilərə əsasən sektor üzrə ümumi sığorta haqları 1 353 mln. manat, sığorta ödənişləri isə 753 mln. manat təşkil edib. Sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə 11%, sığorta ödənişləri isə 28% artıb. Sığorta haqlarının 75%-i könüllü, 25%-i isə icbari sığorta növlərinin payına düşür. Eyni zamanda, sığorta haqlarının 54%-ni həyat, 46%-ni isə qeyri-həyat sığorta sahəsi üzrə yığımlar təşkil edib.

Mərkəzi Bank tərəfindən atılan addımların və görülən işlərin sığorta bazarının inkişaf etdirilməsinə xidmət etdiyini nəzərə alaraq qeyd olunan göstəricilərin növbəti ildə də müsbət dinamika ilə inkişaf edəcəyini söyləmək mümkündür.

- 2025-ci il üzrə sığorta sektorunda əsas yeniliklər nədən ibarət olacaq?

- 2025-ci il ərzində də Mərkəzi Bankın strateji prioritetlərindən irəli gələrək bir sıra tədbirlərin icrasının davam etdirilməsi nəzərdə tutulub.

Buna müvafiq olaraq risk əsaslı tənzimləmə və nəzarətə keçid çərçivəsində sığortaçıların ödəmə qabiliyyəti və maliyyə dayanıqlığının təmin edilməsinə yönələn tənzimləmələrin həyata keçirilməsi, sığortaçıların ictimaiyyətə açıqlamalı olduğu məlumatların dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Bundan əlavə, icbari sığorta növləri üzrə sığortaçılar tərəfindən istehlakçılara təqdim edilən xidmətlərin beynəlxalq təcrübələrə uyğun olaraq formalaşdırılması və istehlakçıların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi istiqamətində tədbirlərin görülməsi davam etdiriləcəkdir.

Eyni zamanda, 2025-ci il ərzində sığorta xidmətlərinin əhatəliliyinə artmasında rolu olan sığorta vasitəçiliyi institutunun inkişaf etdirilməsi, sığorta sektorunda beynəlxalq standartlara cavab verən bazar davranışlarının tənzimlənməsi, katastrofik risklərin idarə olunması, könüllü sığorta xidmətlərinin dairəsinin genişləndirilməsi və bir sıra digər strateji fəaliyyətlər üzrə işlərin davam etdirilməsi planlaşdırılır.

Bununla yanaşı, sığorta xidmətlərinin rəqəmsallaşmasına təkan verən tədbirlərin görülməsi istiqamətində də işlər davam etdirilməsi diqqətdə saxlanılacaqdır.

- Dövlət sektoruna münasibətdə həyatın yaşam sığortası üzrə tətbiq ediləcək yeniliklər bazara necə təsir edəcək?

- Digər sığorta xidmətlərində olduğu kimi bu növ üzrə də xidmətin əlçatanlığının və sığortaçıların xidmət səviyyəsinin artırılması ilə bağlı Mərkəzi Bank tərəfindən bir sıra işlərin görülməsi nəzərdə tutulub. Belə ki, qanunvericilikdə həyata keçirilmiş düzəlişlər də nəzərə alınmaqla həyatın yaşam sığortası növünün potensialının genişləndirilməsi üzrə əhəmiyyətli işlərin görüləcəyini demək mümkündür. Onu da qeyd edək ki, görüləcək müvafiq tədbirlərin nəticəsində bu sığorta növü üzrə orta müddətli dövrdə kəskin təsirlərin olacağını düşünmürük.

- Bu yaxınlarda BOKT-lərə kapital tələbi ilə bağlı dəyişiklik edildi. Sığorta üzrə həm həyat, həm də qeyri-həyat sığorta şirkətlərinə kapitalın artırılması bağlı tələb qoyula bilərmi?

- Sığortaçının maliyyə dayanıqlığı və ödəmə qabiliyyəti onun öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirmək imkanları ilə şərtlənir. Hazırda, Mərkəzi Bank tərəfindən mütərəqqi beynəlxalq təcrübə əsasında və “Solvency 2” prinsiplərindən irəli gələrək sığortaçıların götürdükləri risklərə adekvat maliyyə dayanıqlığının təmin edilməsi üzrə təkmilləşdirilmə layihələri icra olunmaqdadır. Qeyd edək ki, risk əsaslı tənzimləmə rejimi sığortaçının kapitalının onun genişlənən xidmət həcmi və qəbul etdiyi öhdəliklərini daha dərindən dəyərləndirərək maliyyə dayanıqlığının təmin edilməsinə xidmət edir.

- Bank sektorunda olduğu kimi sığorta sektorunun da oyunçuları getdikcə azalır. Ötən ilin sonundan etibarən bir neçə sığorta şirkətləri fəaliyyətini dayandırıb. Xüsusilə də, icbari avtosığorta üzrə xidmət göstərən şirkətlərin sayı azalıb. Sizcə bu xidmət keyfiyyətinə necə təsir edir? Rəqabət mühitinin artırılması üçün əvvəlki təcrübəyə əsasən sığorta bazarına xarici şirkətlər cəlb edilə bilərmi?

- Sığortaçılar tərəfindən qəbul edilmiş strateji qərarlara uyğun olaraq fəaliyyəti ilə bağlı müraciət edildikdə Mərkəzi Bank həm istehlakçıların, həm də investorların hüquqlarının qorunmasına xidmət edən qanunvericiliyə uyğun tədbirlər icra edir. Bu çərçivədə ləğvetmə prosesləri nəzarətdə saxlanılır və qanunvericilikdən irəli gələn tədbirlər həyata keçirilir. Həmçinin qeyd edilməlidir ki, sığorta növləri ilə bağlı şirkətlərin müraciətləri onların biznes strategiyasından irəli gələn məsələlərə aiddir.

Mərkəzi Bank tərəfindən sığorta sektoru üzrə mütəmadi olaraq müxtəlif təhlillər aparılır. Avto-icbari sığorta üzrə xidmət keyfiyyətinin artırılması məqsədi ilə Mərkəzi Bank ötən dövrlər ərzində müxtəlif tədbirlər icra edib. Zərərlərin birbaşa tənzimlənməsi, müqavilələrin elektron qaydada əldə edilməsi imkanları və bu sinif üzrə şikayət indeksinin açıqlanması qeyd olunan tədbirlər sırasındadır. Bu sığorta növü üzrə xidmət səviyyəsinin artırılmasına təkan verən inkişaf tədbirlərinin həyata keçirilməsi davam etdiriləcəkdir.

Ümumilikdə icrası davam edən layihələr ölkənin sığorta potensialının artmasına, sığorta qanunvericiliyinin və sığorta münasibətlərinin beynəlxalq sığortaçılıq prinsiplərinə uyğunlaşmasına, investorlar və sığortaçılar üçün effektiv ekosistemin qurulmasına fokuslanıb. Mərkəzi Bank tərəfindən qabaqcıl beynəlxalq standartlara uyğunlaşma üzrə həyata keçirilən tədbirlər sığorta sektorunun yerli və xarici investorlar üçün cəlbediciliyini artırır.

- Sığorta bazarı bu il həm də banklarla birlikdə maraqlı bir hibrid “bankasuranse” təqdim etdi- kredit sığortası. Bu sığorta üzrə son durum necədir?

- Mərkəzi Bank tərəfindən bank və sığorta sektoru ilə birlikdə kredit götürən şəxslərin ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası növünün beynəlxalq təcrübələrə uyğun olaraq təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

Nəzərə alınamlıdır ki, bank xidmətlərindən istifadə edərkən kredit götürən şəxslərin ölümü və ya əmək qabiliyyətinin itirilməsi halında şəxslərin maliyyə sabitliyin qorunması və öhdəliklərin effektiv təmin edilmə üsulu kimi sığorta mexanizminin tətbiq edilməsi üçün Mərkəzi Bank zəruri tədbirlər görüb.

Vətəndaşlara çevik xidmət göstərilməsi məqsədilə banklar və sığortaçılar arasında elektron sistemlərin inteqrasiyası üzrə işlər görülüb, qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətində aparılan işlər isə yekunlaşmaqdadır.

Bu növ fəaliyyətlər bank müştərilərinin maliyyə sabitliyinin qorunmasına xidmət edən sığorta məhsulları üzrə maarifləndirilmənin effektivliyini artıracaqdır.

- Hansı sığorta növlərində penetrasiya sizi qane etmir və AMB bu istiqamətdə fəaliyyətini daha da genişləndirməyi zəruri hesab edir?

- Bildiyiniz kimi sığortanın rollarından biri də sosial rifahın qorunmasına xidmət etmək olduğu üçün həm icbari, həm də könüllü növlər üzrə sığorta xidmətlərinin əhatəliliyin artırılması Mərkəzi Bankın başlıca prioritetlərindəndir. Beynəlxalq təcrübədə olduğu kimi, ölkəmizdə də katastrofik risklərin təsirinin azaldılması üçün sığorta effektiv müdafiə mexanizmi sayılır. Bununla əlaqədar olaraq daşınmaz əmlakın icbari sığortasının katastrofik risklər üzrə daha geniş kütləyə təsir edə biləcək əhəmiyyətli zərərlərin aradan qaldırılması istiqamətində sığortanın təsiredici imkanlarının artırılması nəzərdə tutulur. Bu sığorta növü üzrə beynəlxalq təcrübəyə əsaslanmaqla yeni konsepsiya hazırlanıb və aidiyyəti hüquqi aktların tərtib olunması üzrə işlər davam etdirilir.

Mərkəzi Bank tərəfindən istehlakçı və investorların hüquqlarının müdafiəsinin təmin edilməsi çərçivəsində görülən işlərin, eyni zamanda sığorta vasitəçilərinin fəaliyyətinin inkişaf etdirilməsinə yönələn tədbirlərin, sığorta məhsullarının rəqəmsallaşdırılması və əhalinin məlumatlılığının artırılmasının yekunda sığorta sektorunda əhatəliliyin genişlənməsinə mühüm təkan verəcəyinə inanırıq.

- İcbari sığortalar üzrə gələn il tariflərdə hər hansı bir dəyişiklik gözlənilirmi?

- Bildiyiniz kimi, Mərkəzi Bank tərəfindən sığorta xidmətlərinin təkmilləşdirilməsi ilə əlaqədar bir sıra tədbirlərin icrasını həyata keçirilir. Bu tədbirlərin həyata keçirilməsi zamanı başlıca prioritet qismində sığorta xidmətlərindən faydalanacaq şəxslərin məmnunluğunun artırılması çıxış edir. Eyni zamanda nəzərə almaq lazımdır ki, sığorta növlərinin tənzimlənməsi və sığorta xidmətlərinin həyata keçirilməsi ilə əlaqədar mütəmadi təhlillər aparılmaqdadır. Ümumilikdə isə müvafiq sığorta növlərinin tənzimlənməsi ilə əlaqədar görülən işlər çərçivəsində icbari sığorta məhsullarının inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.

Mərkəzi Bank sığorta xidmətləri ilə bağlı islahatlar həyata keçirərkən qabaqcıl beynəlxalq təcrübədə sığorta prinsiplərinə uyğunlaşmaların hansı formada tətbiq edildiyinə xüsusi diqqət yetirir. Bildiyimiz kimi, hər hansı bir sığorta məhsulunun tarifləri və ya dəyəri sığortaçı tərəfindən qəbul edilən sığortalana bilən risklərin baş vermə ehtimallarına və ehtimal olunan zərər həcminə uyğun olaraq hesablanır. Bunu diqqətə alaraq bütün sığorta mexanizmlərində risk əsaslı yanaşmaların olması zəruridir. Əlbəttə ki, məhsullar dizayn edilərkən qeyd etdiyimiz kimi, vətəndaş məmnunluğunun artırılması əsas diqqət etdiyimiz məqamdır. Mərkəzi Bank stratejik və ya nöqtəvi dəyişikliklər barədə əvvəlcədən ictimaiyyəti məlumatlandırılmasını daim diqqətdə saxlayır. Sığorta xidmətləri üzrə tariflər və ya digər hər hansı bir amillərdə dəyişiklik nəzərdə tutulduğu hallarda ictimaiyyətlə bu barədə qabaqcadan kommunikasiya olunacaqdır.

- Zərərlərin birbaşa tənzimlənməsi sistemi fəaliyyətini necə qiymətləndirirsiniz? Effekti necə olub? AMB-nin şikayət indeksini açıqlanması, ümumilikdə bu sahədə görülən işlər bazara necə təsir edib?

- 2022-ci ilin noyabr ayından tətbiqinə başlanan zərərlərin birbaşa tənzimlənməsi sistemi yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsin zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçıya müraciət etmədən sığorta ödənişini öz sığortaçısından almağı təmin edən bir mexanizmdir. Bu mexanizm effektivliyi baxımdan istehlakçılar tərəfindən müsbət qiymətləndirilir. Belə ki, vətəndaşlar yüksək tezliklə baş verən yol-nəqliyyat hadisələri nəticəsində maliyyə itkilərinə məruz qalmadan avtomobilinə vurulmuş zərərin əvəzinin öz sığortaçısı tərəfindən ödənilməsini təmin edə bilir. Sığortalı sığorta ödənişini aldıqdan sonra isə növbəti mərhələdə sığortaçılar arasında müvafiq tənzimləmələr həyata keçirilir.

Müvafiq tənzimləmənin tətbiqinə başlanıldıqdan sonra bu xidmətlərdən istifadə edən şəxslər arasında sorğular keçirilməkdədir. Aparılan təhlillər bizə onu deməyə imkan verir ki, qeyd olunan dəyişikliklər bu sahədə xidmət keyfiyyətinin və nəticə olaraq istehlakçıların məmnuniyyətinin nəzərəçarpan şəkildə artmasına gətirib çıxarıb.

Mərkəzi Bank tərəfindən 2022-ci ildən başlayaraq mütəmadi olaraq açıqlanan şikayət indeksi avto-icbari sığorta xidməti üzrə istehlakçıların məlumatlılığının və sığortaçıların istehlakçılara münasibətdə ədalətli davranışının yüksəldilməsi kimi mühüm məqsədlərə xidmət edir.

Beynəlxalq təcrübədə olduğu kimi ölkəmizdə də məlumatların ictimaiyyətə açıqlanması maliyyə sektorunda nizamın formalaşmasına və yekun etibarı ilə keyfiyyətli xidmətlərin göstərilməsinə təkan verir.