"Azərreyl"in prezidenti: Qar voleybolunun tarixinə də öz imzamızı atdıq Müsahibə

"Azərreyl"in prezidenti: Qar voleybolunun tarixinə də öz imzamızı atdıq

"Azərreyl" voleybol klubunun prezidenti Ramin Əzizov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçirildi. “Şahdağ” Turizm Mərkəzində təşkil olunan yarışla bağlı təəssüratlarınızı bilmək istərdik...

- Azərbaycanda qar voleybolu üzrə çempionatın keçirilməsi yenilikdir. Tamaşaçıların əhvali-ruhiyyəsindən də belə anlaşıldı ki, çox əyləncəli və möhtəşəm yarış izlədik. Yeni yarış olmasına baxmayaraq, voleybolçuların özləri də oynamağa həvəsli idilər. Final qarşılaşması olduqca maraqlı və gərgin mübarizə şəraitində keçdi. Bu da Azərbaycanda artıq voleybolun inkişaf etdiyinin və son 2 ildə idmanın bu növü ilə məşğul olanların sayının artdığının bariz göstəricisidir. Sevindirici haldır ki, artıq voleybolçular arasında sağlam rəqabət gedir.

- "Azərreyl"in həm kişilərdən, həm də qadınlardan ibarət komandaları çempionatın qalibi oldular. Bu qələbələrlə qar voleybolunun tarixinə düşdünüz...

- Bəli. Biz bundan öncə də çimərlik voleybolu üzrə Avropa Kubokunda həm kişilər, həm qadınların mübarizəsində qızıl medallara sahib çıxmışdıq. Orada da tarixə öz imzamızı atmışdıq. Ümidvaram ki, gələcəkdə qar və klassik voleybolda da dünya və Avropa arenalarında öz sözümüzü deyəcəyik.

- Ötən mövsüm klub üçün olduqca uğurlu keçdi. Bu mövsümə də titulla başladınız. Demək olarmı ki, “Azərreyl” yavaş-yavaş əvvəlki əzəmətini geri qaytarmağa başlayır?

- “Azərreyl”dən əlavə, Azərbaycan voleybolu yeni mərhələyə qədəm qoyub və federasiya əvvəlkindən də artıq işlər görmək qabiliyyətindədir. Avropa Kubokunda əldə olunan nəticə Azərbaycan idmanı və xüsusi ilə voleybolu üçün tarixi məqamdır. Hazırda klassik voleybolda Yüksək Liqa davam edir. Komandamız müntəzəm mövsümdə yalnız bir oyunda məğlubiyyət yaşayıb, digər oyunların hər birində isə qalib gəlib. Artıq klub tam tərkib hissəsi ilə formalaşıb. İnanıram ki, fevral və mart aylarında yüksək pillələrdə qərarlaşacaq və pley-offa vəsiqə qazanacağıq. Finalda da həm qadınlar, həm də kişilərin yarışında öz gücümüzü göstərəcəyik.

- Azərbaycanda qar voleybolunun gələcəyini necə görürsünüz? Sizcə, bu idman növünü ölkəmizdə inkişaf etdirmək mümkün olacaq?

- Qar voleybolu üzrə çempionatın yüksək səviyyədə keçiriləcəyini gözləsəm də, açığı, bu dərəcədə təxmin etmirdim. Bu da təbii ki, dövlətimizin idmana olan diqqət və qayğısının nəticəsidir. Azərbaycan Voleybol Federasiyasının yüksək təşkilatçılığı ilə belə möhtəşəm yarış keçirildi. Oyunçulardakı canfəşanlığı hamımız gördük. Hər biri yaxşı nəticə əldə etmək üçün həvəsli idilər. Bundan da yaxşı olacağına heç bir şübhəm yoxdur. Əminliklə deyə bilərik ki, gələcəkdə bundan da yaxşısına şahid olacağıq.

- Növbəti illərdə çempionatda komandaların sayının artırılması gözlənilirmi?

- Əlbəttə ki, qar voleyboluna maraq artdıqca idmançıların sayı da çoxalacaq. Oyunçuların sayı artsa, idman növü də inkişaf edəcək, rəqabət güclənəcək. Rəqabət olan yerdə isə həmişə inkişaf var.

- Gələcəkdə Azərbaycanı bu idman növü üzrə beynəlxalq yarışlarda təmsil etmək kimi fikriniz varmı?

- Təbii ki, bütün proseslər daxildən başlayır. Bu, bütün idman növlərində belədir. Əminliklə deyə bilərəm ki, daxili çempionata baxmayaraq, bütün idmançıların əsas məqsədi beynəlxalq arenada nailiyyət əldə etməkdir. Turnirin təşkilatçılığından, oyunçuların həvəsli olmasından və əzmindən belə görünür ki, biz beynəlxalq yarışlarda da ən yaxşısını bacaracağıq.