Şairə Leyli Salayeva: Fikirlərimi poetik formada ifadə etmək mənim üçün daha asandır - MÜSAHİBƏ Müsahibə

Şairə Leyli Salayeva: Fikirlərimi poetik formada ifadə etmək mənim üçün daha asandır - MÜSAHİBƏ

Qarşımızda şux görünüşü ciddi sadə üslubla heyrətamiz şəkildə birləşdirən, mübhəm düşüncəli xanım dayanıb. Bu gün o, üzərində Puşkinin portreti həkk olunmuş cemper geyinib, sağ əlinin çeçələ barmağında isə həmişə taxdığı üzük var. Ona deyirəm: “Üzüyünüz mənə çox maraqlı gəldi”. Cavab verir: “Anam bağışlayıb, həm də yaradıcılıq fəaliyyətimə başladığım vaxtda”.

Həmsöhbətimiz şairə, esse müəllifi, qiraətçi, eksperimental rəssam, Azərbaycan Yazıçılar Birliyinin, Böyük Britaniya Poeziya Cəmiyyətinin və Azərbaycan Animasiya Assosiasiyasının üzvü Leyli Salayevadır. O, özünün incəsənət layihələri, yeni kitabı, süni intellektlə qarşılıqlı fəaliyyəti, narahat şair ruhunun dolaşdığı mövzular haqqında mülahizələrini AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

- Leyli, oxucunuz kimlərdir?

- Əslində, bu, çox çətin sualdır. Kitablarım tez-tez xaricə “səyahət etdiyi” üçün oxucularımı tanımıram. Azərbaycanda onların kimlər olduğunu bilirəm. Əsasən, 20-dən 40-50 yaşa qədər qadınlardan iooibarət auditoriyadır. Şeiri konkret auditoriyaya xitab etmək naminə yazmırsınız. Əgər bu, bir layihə deyilsə. Müvafiq olaraq, onun kimlərdə rezonans doğurduğunu yalnız sonradan biləcəksiniz.

- Leyli Salayeva, sizcə o, necə şairdir? Ümumiyyətlə, sizə ancaq şair demək düzgündürmü? Çünki siz həm sənətkar, həm də ifaçısınız. Özünüzü yaradıcı insan kimi hansı yöndən tanıyırsınız?

- Burada dövrdən asılı olan dəyişikliyi qeyd etmək yerinə düşərdi. İndi özümü şair, esse müəllifi və eksperimental rəssam kimi görürəm, çünki mən bədii işlə məşğul olmuşam. Bəzən bədii tərcümələrlə də məşğul oluram, çox da olmasa da. Üslub məsələsinə gəlincə... Mən bu yaxınlarda ChatGPT-dən (danışıq rejimində işləyə bilən generativ süni intellektə malik chatbot – müəllif) poeziyamın hansı üslubda olduğunu soruşdum. Sualıma belə cavab verdi ki, məndə “intellektual səmimiyyət” var. Xoşuma gəldi, düşündüm ki, bu, əladır, yeni istiqamətdir. Həqiqətən, mənim üslubumu səmimi, eyni zamanda intellektual, şəxsi və çoxlarına xitab edən tərzdə təsvir etmək olar. Ötən əsrin 90-cı illərindən sonra Rusiyada “yeni səmimiyyət” hərəkatı yarandı və məndə isə “intellektual səmimiyyət” var.

- Süni intellektlə tez-tez ünsiyyətdə olursunuz?

- Son vaxtlar bunu tez-tez edirəm. Düşünürəm ki, onunla ünsiyyətdə olmaq faydalıdır, çünki bu təmaslar nə qədər çox olursa, ondan bir o qədər az qorxursan və insanın dəyərini daha çox başa düşürsən. Necə ki, qədim dövrlərdə insanlar ildırıma və oda sitayiş edirdilər. Onlar öz qüdrətlərini dərk edə bilmirdi, bu hadisələrdən xəbərsiz idilər və qorxudan ibadət edirdilər. Sonra bu hadisələrin mahiyyətini başa düşdükdə, ibadət etməyi dayandırır və həmin fenomenlə eyni səviyyədə olur, hətta ondan yuxarı səviyyəyə qalxırsınız. Beləliklə, mən qarşılıqlı əlaqə qururam, onun nə etdiyini izləməkdə maraqlıyam.

- Həqiqətənmi süni intellektdən qorxmalıyıq və o, yaradıcı insanları “səhnədən” sıxışdırıb çıxara biləcəkmi?

- İnanclarımda sadəlövh ola bilərəm, amma bunun mümkün olmadığını düşünürəm. Süni intellekt yeni fikirlər yarada bilməz. O, mövcud olanları emal edə, təkmilləşdirə bilər. Amma yeni ideyalar meydana gətirmək iqtidarında deyil. Bunun üçün yəqin ki, ona ən azı vücud lazımdır. Onun bədəni yoxdur. Biz bədən vasitəsilə çox şey qəbul edirik. Çünki beyin də bədənin bir hissəsidir, elə deyilmi? Amma süni intellekt məsələsində biz yalnız bir orqanı təcrid edirik və onun ən güclü olduğunu deyirik. Ancaq bədənimiz tamdır. Beyin isə ürəklə və digər orqanlarla bağlıdır. Buna görə də cismani olmayan cisminizi məğlub edə bilməz. Düşünürəm ki, bu apriori qeyri-mümkündür.

- Təkcə intellektə deyil, həm də bədənə sahib olan şairəyə qayıdaq. Bu yaxınlarda təqdimatınız olub. Yeni kitabınız nədən bəhs edir?

- (Gülür.) “Boğulmamaq” haqqında kitab... COVID dövründə, 2020-ci il üçün çoxlu sayda mətn toplamışam. Mənim üçün yaratdığım hər bir mətn övlad deməkdir. Mən həmişə onlara görə narahatam. Çünki bir söz səndən doğulubsa, artıq ona görə cavabdehsən və onunla bir şey etməlisən. Çox uzun müddət narahat idim. Nə edəcəyimi bilmirdim. Formatlar axtarırdım. Anladım ki, nə vaxtsa mətn məni boğacaq, yəni, o mənada ki, məsuliyyət mənim nəfəsimi kəsəcək. Özümüzü bundan xilas etməliyik. Ona görə də bütün mətnləri bir kitabda toplamaq qərarına gəldim. Həm də bütün mətnləri bir araya gətirəndə, bunun nə haqqında olduğunu başa düşdüm.

- Nə haqqında idi?

- Məsələ burasındadır ki, mən sufi ədəbiyyatı üzrə mütəxəssis Fatimə xanım Dursunovanın məruzəsində iştirak etmişəm. O, sufilikdə dörd mərhələdən, qapılardan - şəriət, təriqət, mərifət və həqiqətdən danışdı. Hətta o vaxtlar kitabım çapa hazırlanmışdı və onun konsepsiyasını bu prinsiplərə uyğun olaraq intuitiv şəkildə qurduğumu başa düşəndə təəccübləndim. Kitabı gözdən keçirən oxucu axırda özünə gəlir, amma təbii ki, ilk növbədə, onun qaranlıq tərəfini tanımalıdır.

Nə yaxşı ki, Fatimə xanım dəvətimi qəbul etdi və kitabın təqdimatında iştirak etdi. Hətta bir az çarpaz söhbətimiz oldu ki, bu da axşamı daha da xüsusi etdi.

“Gecə şairi” sərlövhəsi, təbii ki, mənim adıma işarədir (“Leyli” adı ərəbcə “leylə” sözündən gəlir və “gecə” deməkdir – red.). Bu kitabla mən rəsmi poetik fəaliyyətimin 10 illiyini qeyd etmək istədim, baxmayaraq ki, yubiley artıq keçən il olmuşdu. Bu dəfə kitaba şeirlərlə yanaşı, hekayələr də daxil edilib. Lakin şeirlər COVID zamanı yazıldığı üçün kitab “Nəfəsalma” bölməsi ilə açılır. Məhz karantin zamanı dünya hər bir nəfəsin nə qədər vacib olduğunu anladı, əvvəllər təbii görünən şeylər ən qiymətli və zəruri oldu.

- COVID-dən söz açdınız. Mən də soruşmaq istədim: hamı evdə oturmuşdu, o cümlədən yaradıcı insanlar. Yaradıcı insan üçün evdən çıxmaq nə dərəcədə vacibdir?

- Məsələn, mənim üçün karantinin başlanğıcı çox rahat vaxt idi. Bu, evdə oturub düşüncələrə dalmaq fürsəti idi. Həmin müddət ərzində çoxlu mətnlər yaratdım. Ola bilsin ki, bu, hətta həyatımın çiçəklənmə dövrü olub.

…Pəncərəmdən qarşıdakı binanı görürəm və orada bir pəncərə var ki, məni çoxlu mətnlər yazmağa ruhlandırıb. Orada kimin yaşadığını bilmirəm. Bəlkə bir gün onların qapısını döyüb deyəcəyəm, sağ olun, uşaqlar, pəncərənizə baxaraq nə qədər mətn yaratdığımı bilmirsiniz. Ona görə də düşünürəm ki, yaradıcı insan ümumiyyətlə evdən çıxmağa ehtiyac duymur.

Amma buna baxmayaraq, yaradıcı insan hər yerdə - küçədə, ictimai nəqliyyatda, müxtəlif dairələrdə olmalıdır. Çoxyönlü olmaq, həyatı görmək, hiss etmək istəyirsə, evinə qapanmamalıdır. O, xalq arasında olmalıdır.

- Yaradıcılığınızın zirvəsinin COVID dövrünə rast gəldiyini söylədiniz. Bəs günəşin doğuşu hansı dövrdə baş verdi?

- Məktəb illərində. İlk şeirimi 10 yaşımda Bakıya yağan güclü qardan təsirlənərək yazmışdım. Paradoks ondadır ki, mən təbiət haqqında tez-tez yazmıram. Amma birinci şeirim təbiət hadisəsi haqqında idi. Bundan sonra şeir yazmağa başladım. Fikirlərimi birbaşa nitqlə ifadə etmək mənim üçün həmişə çox çətin olub, poeziya isə nitqi qurur. İndi fikirlərimi poetik formada ifadə etmək mənim üçün daha asandır.

- Yaxşı! Sonra kiçik bir təcrübə aparacağıq. Amma hələlik üç dildə - Azərbaycan, rus və ingilis dillərində yazan nadir şair olduğunuz barədə danışaq. Müxtəlif dillərdə əsərləriniz bir-birindən fərqlənirmi? Yoxsa, hər yerdə Leyli Salayeva olaraq qalırsınız.

- Azərbaycan dilində yazanda mənim şeirlərim azərbaycandilli şairlərin, yəni sırf bu dildə yaradanların əsərlərinə oxşamır. Yenə də mənə elə gəlir ki, fərqli ədəbi mühitdə böyümüşəm. Mən Azərbaycan poeziyasını çox oxuyuram. Azərbaycan poeziyasında metaforalardan çox az istifadə edilir. Mən isə insanlara nəyisə yeni rakursdan göstərməyi sevən şairəm. Bunu azərbaycanca edəndə isə, bir az süni görünür...

Şeirlərim ingilis dilində rus dilində olduğundan daha cəsarətli səslənir. Çünki dil cəsarətli olmağa imkan verir. Rus dili mənə inadcıl olmağa imkan vermir. Çünki rusca cəsarətlə yazsan, kobud səslənəcək. Beləliklə, dil müəyyən dərəcədə sizin fəaliyyətinizin təyinatını diktə edir.

Mən rus dilində yazanda, bəlkə də daha çox olduğum kimi görünürəm.

- Siz Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz. Həm də Böyük Britaniya Poeziya Cəmiyyətinin üzvü oldunuz. Azərbaycan Yazıçılar Birliyi ilə hər şey aydındır, bəs Böyük Britaniya ilə işlər necə alındı?

- Bu mədəniyyət mənə yaxındır və ilk kolleksiyam ingilis dilində nəşr olunduğundan, onlarla bir növ əlaqə yaratmaq istədim. Onların saytında ərizə verdim və məni qəbul etdilər. O zaman Cəmiyyətin Azərbaycandan ilk üzvü mən idim. Amma onlarla o qədər də aktiv fəaliyyətim yoxdur. Onu inkişaf etdirmək istəyirdim, amma hələlik başqa layihələr ön plana çıxıb...

- Həqiqətən də çox maraqlı layihələriniz var. Xüsusilə tamaşalar. Fəaliyyətinizin bu istiqaməti necə başladı? Axı hər şair və ya yazıçı ifaçı ola bilməz.

- Mən istəyirdim ki, söz yaşasın, nəinki kağız üzərində və ya qiraətlə, həm də fəzada başqa cür təcəssüm etsin. Poeziyanın digər sənət növləri ilə inteqrasiyası ideyası belə yarandı və mən rəssamlar, fotoqraflar, rejissorlarla əməkdaşlıq üçün yeni ideyalar yaratmağa başladım. Ənənəvi şeir qavrayışını aşan birgə bədii əsərlər yaratmağa başladıq. Bu art-layihələrin bir hissəsi olaraq, həm yerli, həm də beynəlxalq rəssamlarla birlikdə sənət təşəbbüslərində iştirak edirəm. Birgə işlərimiz və şeirlərimiz Moskvadakı “Triumf” qalereyasında, Bakıda YAY qalereyasında, digər əhəmiyyətli məkanlarda, Tbilisi İncəsənət Sərgisində (TAF), Venesiya Beynəlxalq Festivalında təqdim olunub...

Mən “UpDown Poetry” istiqamətini düşünüb tapdım. İdeya ondan ibarət idi ki, klassik qiraətdən uzaqlaşaraq yerdə uzanıb şeir oxuduğum bir sıra videolar çəkim. Yaxınlıqda bu şeirlə bağlı bəzi atributlar qoyulmuşdu. Yerdə uzanaraq tamaşaçılarla unikal əlaqə yaratmağı, onları şeiri daha dərindən yaşamağa dəvət etməyi qarşıma məqsəd qoymuşdum. Bu layihə internet mədəniyyətinin və videoqrafiyanın smartfonlara müasir təsirini ehtiva edir. Burada qeyri-ənənəvi bucaqlar və perspektivlər alqışlanır. Bədənin üfüqi mövqeyi rəqəmsal dövrdə şeirin axıcı olmasını və uyğunlaşma qabiliyyətini əks etdirən bir simvolizm qatı əlavə edir. Daha sonra YARAT-da bu istiqamətdə tamaşa ilə çıxış etdim.

Sonra “57 portret” layihəsi var idi. Müasirlərimizin 57 şifahi poetik portretini gələcək nəsillərə xatirə olaraq yaratdım. Layihənin nəticəsi eyniadlı kitab oldu, onun bir nüsxəsi hazırda “Qaraj” Müasir İncəsənət Muzeyinin kitabxanasında saxlanılır. Çox maraqlı haldır; anladım ki, biz güzgüyə baxanda belə, çox vaxt öz əksimizi qəbul etmirik, çünki beynimizdə bir növ özümüzün yaratdığı obraz var. Həmin şifahi portretlərdə də eyni şey var idi. Daha sonra kimsə özü haqqında oxudu və dedi ki, bu, mən deyiləm! Maraqlı bir anlayış idi ki, biz özümüzü təkcə əksimizdə deyil, həm də fərd kimi fərqli şəkildə dərk edirik. Məncə, təkrarən bədənə qayıtdıq. Amma burada həm psixika, həm də mənəvi cəhətə toxunulur.

- Qadın şairlər haqqında maarifləndirmə sizin fəaliyyətinizin vacib hissəsidirmi? Bu barədə bizə ətraflı məlumat verə bilərsiniz?

- Bəli, bu mənim fəaliyyətimin vacib hissəsidir. Mən qadın şairlər haqqında maarifləndirmə işində fəal iştirak edirəm, çünki bir çox hallarda onların yaradıcılığının qiymətləndirilmədiyi və unudulduğuna inanıram. Həyata keçirdiyimi layihələrdən biri - Niyə o qadın?” adlı qısa videolar silsiləsi ilə məşhur şairələrin yaradıcılığına qısa və bənzərsiz şəkildə nəzər salıram. Mən də öz mühazirə və çıxışlarımda bu məsələni gündəmə gətirir, qadın müəlliflərin şeirlərini oxumağın dəyərini, onların ədəbiyyata verdiyi töhfələri vurğulayıram. Düşünürəm ki, dünya poeziyasının daha dolğun və ədalətli təqdimatını yaratmaq üçün səslərin müxtəlifliyini nümayiş etdirmək vacibdir.

- Leyli, siz artıq bu barədə bir az danışdınız, amma ayrıca soruşmaq istərdim. Fəaliyyətinizdə konkret bir missiya görürsünüzmü?

- Özüm üçün müəyyən etmişəm ki, mənim missiyam bu dünyada insanlığı qorumaqdır. Çünki mənim üçün insanlar hər şeydən önəmlidir. Mənim üçün vacibdir ki, insan olmağın nə olduğunu unutmayaq. İnsan olmaq isə fərqli olmaqdır. Bu, sadəcə yaxşı olmaq demək deyil. Bütün bu “fərq” özü bir insan deməkdir.

- Yeri gəlmişkən, süni intellekti müzakirə edəndə, biz söhbətimizin əvvəlinə qayıtdıq... Amma eksperimentlə bağlı söz vermişdim. Dediyiniz kimi, şeirlə düşüncələrinizi ifadə etmək sizin üçün daha asandır. Mənim bir sualım var, istərdim ki, hansısa poetik formada, bədahətən cavab verəsiniz. Ancaq bu sualı sizdən götürdüm: “Şairlər gecələr nədən yazır? Və onların narahat ruhu haraya gedir? (Leyli Salayevanın şeirindən bir sətir – müəllif).

- Bu şeiri sevirəm, mənim üçün özəldir! …Narahat şair ruhu haraya gedir? Çətindir, əlbəttə. Mən fristayler deyiləm. Sərbəst misraları sınaya bilərsiniz. Sadəcə, görəsən özümün narahat olan düşüncələrim haralarda dolaşır? Yəqin ki, məchul qapıları açır, qəlbə nəzər salır və hər sübh çağı, şəfəq doğarkən yaşamaq eşqi bəxş edir.