Hande Harmancı: COVID-19-un mənşəyini 100 faiz dəqiqliklə bilmək heç vaxt mümkün olmayacaq - MÜSAHİBƏ Müsahibə

Hande Harmancı: COVID-19-un mənşəyini 100 faiz dəqiqliklə bilmək heç vaxt mümkün olmayacaq - MÜSAHİBƏ

COVID-19-un mənşəyini 100 faiz dəqiqliklə bilmək heç vaxt mümkün olmayacaq

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancının APA-ya müsahibəsi

Bir müddət əvvəl ABŞ Nümayəndələr Palatasının Koronavirusla Mübarizə Komitəsinin hesabatı yayıldı. Hesabatda COVID-19 virusunun, böyük ehtimalla, Uhandakı Çin laboratoriyasında yaradılıb ordan sızması qeyd olunurdu. Nəzərə alsaq ki, ÜST də Çini COVID-19-a dair məlumatları paylaşmağa çağırır, bu barədə fikrinizi bilmək maraqlıdır. Koronavirusun mənşəyi ilə bağlı ÜST-ün tədqiqatlarının nəticəsi məlumdur?

– Əvvəlcə bunu nəzərə almaq lazımdır ki, biz bu dünyada digər canlılarla birlikdə yaşayırıq. Dünyada insan sayı artdıqca, əvvəllər yaşayış olmayan ərazilərə doğru yayılmağa başlamışıq. Nəticədə, insanlarla heyvanların təması artıb. Dünyada pandemiya yaradan xəstəliklərin çoxu heyvandan insana keçən xəstəliklərdir. İnsanlarla vəhşi heyvanların bir coğrafiyada sıx yaşaması dünyada bütün dövrlərdə pandemiya riski təhlükəsi daşıyır.

ÜST laboratoriyalarla birlikdə dünyanın hər yerində pandemiya riski yarada biləcək mikrobları müşahidə edir. Sualınıza gəlsək, COVID-19 virusunun mənşəyi ilə bağlı çox araşdırmalar aparılıb. ÜST də virusun mənşəyi ilə bağlı tədqiqatlar apardı. 2020-ci ildən başlayaraq dəfələrlə Çinə səfərlər oldu, eyni zamanda, dünyanın hər yerindən ekspertlər bir araya gəlib virusun mənşəyini axtardılar.

ÜST-ün yaydığı ən sonuncu hesabata görə, COVID-in mənşəyi barədə xeyli fərziyyələr var. Bu fərziyyələr içində ən ağlabatanı və mümkün hesab ediləni isə virusun Çində bir bazarda, heyvan mənşəli qidalar satılan “market”dən yarandığı fərziyyəsidir. Virusun mənşəyi ilə bağlı fərziyyələr içərisində ən böyük ehtimal olunanı budur. COVID-19-un mənşəyini 100 faiz dəqiqliklə bilmək heç vaxt mümkün olmayacaq.

COVID-19 tarixə qovuşa bilməz

– Bəs hazırda dünyada bu virusun mənzərəsi necədir? “COVID-19 tarixə qovuşdu” deyə bilərik?

– COVID-19 tarixə qovuşa bilməz. Bu virus hələ də davam edir. Hər mövsüm bizi xəstələndirən qrip kimi COVID-19 da yuxarı tənəffüs yolları infeksiyası qismində davam edir. İlk dəfə yarananda insan orqanizmi bu virusu tanımırdı. Ona görə pandemiya yarandı. İndi isə insan orqanizmi bu virusa qarşı immunitet qazanıb, ona görə də, bu virus artıq təhlükə daşımır. ÜST bu virusları daim müşahidə altında saxlayır, virusun mutasiya edib-etmədiyini yoxlayır, pandemiya riskini dəyərləndirir.

Azərbaycanda meymunçiçəyinin tapılması yaxşı haldır

ÜST meymunçiçəyi ilə bağlı insanları vaksinasiyaya çağırır. Artıq Azərbaycanda da ilk yoluxma halı aşkarlanıb. Necə düşünürsünüz, Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiyaya ehtiyac var?

Meymunçiçəyi virusu əsasən, Afrikada yayılıb. Avropada xəstəliyin faizi cəmi 5 faizdir. Qloballaşan dünyada xəstəliklərin bir ərazidən digərinə yayılması adi haldır. İnsanlar gedib-gəldikcə özləri ilə xəstəlik daşıyırlar. Əvvəlcə, onu deyim ki, Azərbaycanda bu virusun aşkarlanması yaxşı haldır. Bu o deməkdir ki, virus nəzarət və müşahidə altındadır ki, dərhal aşkarlanıb. Bildiyiniz kimi, meymunçiçəyi virusu çox yaxın təmasla və cinsi yolla ötürülür. Azərbaycan meymunçiçəyi ilə bağlı risk qrupuna aid ölkələrdən deyil. Sualınıza cavab olaraq qeyd etməliyəm ki, ÜST qlobal mənada vaksinasiyaya çağırmır, sadəcə bu virusa yoluxmaq ehtimalı olan şəxslərin vaksin olunmasına ehtiyac var.

ABŞ-nin ÜST-dən çıxması təşkilatı maddi çətinliklərə salır

ÜST qlobal sağlamlıq böhranları ilə mübarizədə 1.5 milyard dollar dəyərində yardıma ehtiyacı olduğunu açıqlayıb. ABŞ Prezidenti Donald Tramp isə ÜST-dən ayrılmaq qərarı verdi. ABŞ-nin ardınca Argentina da analoji qərar qəbul etdi. Bu qərar qlobal sağlamlıq böhranları ilə mübarizədə kritik rol oynaya bilər?

- ÜST maddi cəhətdən nə qədər zəngin olarsa, qlobal sağlamlıq böhranları ilə mübarizə də o qədər güclü olar. ABŞ-nin ÜST-dən çıxması bir tərəfdən diqqətləri təşkilata çəkdi. Hazırda bütün dünyada ÜST-ün önəmindən danışılır. Heç vaxt ÜST bu qədər diqqət mərkəzində olmamışdı. Mediada ÜST-ün dünya üçün əhəmiyyətindən danışan materialların sayı da artıb. Ekspertlər, professorlar ÜST-də qalmağın səbəblərini açıqlayır.

ABŞ ÜST-ün yarandığı dövrdən etibarən bu təşkilata liderlik edən ölkələrdən biridir. Eyni zamanda, təşkilata ən böyük maddi dəstəyi də ABŞ verirdi. ABŞ-nin ÜST-dən çıxması ÜST-ü maddi çətinliklərə salır. Hazırda ÜST maddi vəziyyətini yenidən gözdən keçirmək mərhələsindədir - həm Cenevrədə, həm də bütün bölgələrdə. Çünki bu vəziyyət hamımıza təsir edir. Maddi dəstəkdən başqa, eyni zamanda, ABŞ-la ÜST arasında həm də texniki əməkdaşlıq vardı. Amerikanın ÜST daxilində vəzifələndirdiyi mütəxəssislər, texniki ekspertlər vardı. Bu texniki əməkdaşlığın pozulması həm ÜST, həm ABŞ, həm də bütün dünya üçün təsiredici olacaq. Ümid edirik ki, ABŞ bu qərarını bir də nəzərdən keçirib, ÜST-lə əməkdaşlığa davam edəcək.

Azərbaycanın ÜST-ü tərk etməsi ilə bağlı ehtimal yoxdur

Bəs Azərbaycanın ÜST-dən çıxmaq ehtimalı var?

- ÜST ölkəyə həmin dövlətin rəsmi dəvəti ilə gəlir. ÜST-ün missiyası olduğu ölkədə Səhiyyə Nazirliyinə dəstək verməkdir. Bütün ölkələr nə vaxtsa təşkilatdan çıxa bilər. Amma hazırda Azərbaycanla bağlı belə bir ehtimal yoxdur.

Metapnevmavirusla bağlı pandemiya riski yoxdur

Hazırda dünyanın bir neçə ölkəsində metapnevmavirus infeksiyası yayılır. Bu infeksiya ilə bağlı pandemiya təhlükəsi var?

Metapnevmavirus təzə virus deyil. Bu, ötən il də var idi. Bununla əlaqəli xəbərlər ən çox Çindən gəlir. Hazırda bu virusun artması mövsümi səbəblərdəndir. Metapnevmavirusla bağlı pandemiya riski yoxdur, virus hazırda müşahidə altındadır.

HPV vaksinin Azərbaycanda peyvənd təqviminə salınması istiqamətində işlər gedir

Uşaqlıq boynu xərçənginə qarşı vurulan HPV peyvəndinin Azərbaycanda peyvənd təqviminə salınması istiqamətində hansı işlər gedir?

Hazırda dünyada əksər ölkələr, o cümlədən Avropada 53 ölkədən 47-si artıq bunu peyvənd təqviminə daxil edib. Vaksini peyvənd təqviminə daxil etmək ölkədə bu peyvəndləməni pulsuz təşkil etmək deməkdir. Səhiyyə Nazirliyinin HPV vaksininin profilaktik peyvəndlər təqviminə daxil edilməsi istiqamətində işlər aparması ilə bağlı məlumatlıyıq. ÜST-lə də bu barədə görüşlər, danışıqlar olub. Biz Səhiyyə Nazirliyinin bu təşəbbüsünü bütün imkanlarımızla dəstəkləyirik. Çünki HPV peyvəndi qadınları uşaqlıq boynu xərçəngindən qorumaq üçün ən effektiv yoldur. ÜST və Səhiyyə Nazirliyi bu vaksinin peyvənd təqviminə salınmasında maraqlıdır. Ümid edirəm ki, yaxın bir-iki il ərzində Azərbaycanda da HPV vaksini peyvənd təqvimə salınacaq.

Peyvəndin mənşəyinin bir fərqi yoxdur

Peyvənddən söz düşmüşkən, bizim cəmiyyətdə əksər insanlar peyvəndə qarşı ehtiyatla yanaşırlar. Hətta peyvəndlərə qarşı ayrı-seçkilik edənlərə, məsələn, Hindistan vaksini ilə Avropa istehsalı vaksinə fərqli yanaşanlara da rast gəlinir...

Vaksinlər bizim dostumuzdur. Onun mənşəyinin fərqi yoxdur. Hazırda bilirsiniz ki, uşaq doğulan kimi ilk sutkadan etibarən peyvəndləmə aparılır. Peyvəndlər uşaq ölümünün qarşısını almaq üçün ən güclü silahımızdır. Son 30 ildə bütün dünyada və Azərbaycanda körpə ölümləri azalıb.

Uşaq iflici yaradan təhlükəli virus hazırda dünyanın ikicə ölkəsində - Pakistan və Əfqanıstanda qalıb. Peyvəndsiz bir dünya düşünə bilmirəm. Azərbaycana gələn bütün peyvəndlər - həm uşaqlar, həm böyüklər üçün - ÜST-ün prekvalifikasiya etdiyi peyvəndlər siyahısından seçilənlərdir. Yəni, bu peyvəndlərin keyfiyyəti yoxlanılıb. Əsas olan peyvənd olunmaqdır. Peyvəndin mənşəyinin isə bir fərqi yoxdur.

Uşaqlarını peyvənddən yayındıran, peyvənd etdirmək istəməyən valideynlərə səslənmək istəyirəm: uşağınızı sevirsinizsə, onları peyvənd etdirin. Xüsusilə, ilk bir yaş ərzində uşağı xəstəliklərdən qorumaq üçün ananın iki yolu var: uşağı ana südü ilə qidalandırmaq və peyvənd etdirmək. Bunları etmirsinizsə, demək ki, uşağınızın həyatı təhlükə altındadır.

Azərbaycanda, xüsusilə bölgələrdə psixiatr sayı çox azdır

Müharibədən sonra posttravmatik stress sindromundan sonra əziyyət çəkən şəxslər var. Maraqlıdır, ÜST müharibə zonalarında müharibədən sonrakı dövrdə, posttravmatik stress sindromu ilə mübarizə üçün hansı tədbirləri görür? Nəzərə alsaq ki, bizim ölkəmiz də İkinci Qarabağ müharibəsindən yenicə çıxıb...

- Psixi sağlamlıq məsələsi həmişə bizim diqqətimizdə olub. Xüsusilə COVID-19 pandemiyasından sonra. Azərbaycanda pandemiya ilə müharibə üst-üstə düşdüyü üçün Azərbaycanda da bu məsələ diqqətimizi çəkdi. Əvvəlcə onu deyim ki, ÜST-ün xəstəxanası, klinikası, həkim-ekspertləri yoxdur. Bilirsiniz ki, biz olduğumuz ölkənin Səhiyyə Nazirliyi ilə birlikdə çalışırıq. Yəni biz sadəcə texniki dəstək verə bilirik. Azərbaycanda biz qiymətləndirmə missiyalarına getdik. Müharibə zonalarında işləyən həkimlərə TƏBİB və Səhiyyə Nazirliyi ilə birlikdə təlimlər verdik. Bunun üçün bir işçi qrupu yaradılmışdı. Biz xaricdən mütəxəssislər cəlb edib həkimlərlə birlikdə işlədik. Kolumbiya Universiteti və “Kuin Marqaret” Universiteti ilə əməkdaşlıq edirdik. Eyni zamanda, Ağcabədi, Bərdə, Fizuli, Ağdam və Bərdədə ilkin səhiyyədə çalışan bütün həkimlərə təlimlər keçmişik.

Fürsətdən istifadə edib bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanda, xüsusilə bölgələrdə psixiatr sayı çox azdır.

İqlim dəyişikliyinin ən çox təsir etdiyi ölkələrdən biri də Azərbaycan olacaq

Bilirik ki, hazırda dünyada ən aktual məsələlərdən biri də iqlim dəyişikliyidir. Bu yaxınlarda Azərbaycanda COP29 keçirildi. Necə düşünürsünüz, iqlim dəyişikliyi insan sağlamlığına necə təsir edəcək? Gələcəkdə bu səbəblə yeni xəstəliklər, pandemiyalar yarana bilər?

- İqlim dəyişikliyi haqqında gələcək zamanda danışmalı deyilik, iqlim dəyişikliyi hazırda var olan real bir problemdir. İqlim dəyişikliyi dünyanın bir çox ölkəsinə təsir edir və edəcək. Azərbaycan da iqlim dəyişikliyindən ən çox təsir görəcək ölkələr sırasındadır. Çünki Azərbaycan su stressi yüksək olan ölkələrdəndir.

Dünyanın 4.5 milyard yaşı var. Bu müddət ərzində dəfələrlə dünyadakı bütün canlılar, həyat məhv olub və yenidən yaranıb. Əgər yenə dünya belə bir təhlükə altındadırsa, bilməliyik ki, məhv olan insanlar, canlılar olacaq, dünya yox. Ona görə də, həyəcan siqnalları verilir. Ümid edirəm, ölkələr birləşib bu problemi həll edə bilər.

Dünyadakı orta temperaturun dəyişməsi artıq öz əlamətlərini göstərməyə başlayıb. Məsələn, malyariya xəstəliyi əvvəllər mövcud olmadığı ərazilərdə yaranmağa, yayılmağa başlayır. Eynilə də, “Denq qızdırması”. Ağcaqanadlarla yayılan bu xəstəliklər artıq Afrikada yox, Avropada görünməyə başlayıb.

ÜST 2023-cü ildə Azərbaycanı malyariyadan azad ölkə elan etdi. Amma hazırda malyariyadan azad elan edilmiş ölkələrdə də bu xəstəliklər görülməyə başlayıb. Meşəliklərin yox edilməsi insan-heyvan sərhəddini itirir, insanla heyvanın təması isə yeni xəstəliklərin meydana çıxmasını şərtləndirir. İqlim dəyişikliyi, yüksək temperatur yaşlı insanlarda günvurma hallarını artırır. Yəni, iqlim dəyişikliyi insan orqanizmi üçün ciddi xəstəliklər təhlükəsi daşıyır.