Baş katib: Orta Dəhliz sanksiyalardan azad dəhlizlərdən biridir - MÜSAHİBƏ Müsahibə

Baş katib: Orta Dəhliz sanksiyalardan azad dəhlizlərdən biridir - MÜSAHİBƏ

Dünən (04.03.2025 tarixində) Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin Ümumi Yığıncağının iclası keçirilib. İclasda assosiasiyaya üzv dövlətlərin dəmiryol administrasiyalarının rəhbərləri, nəqliyyat və logistika şirkətlərinin yüksək səviyyəli rəsmiləri daxil olmaqla ümumilikdə 10 ölkədən nümayəndə heyəti iştirak edib.

Tədbirdə qeyd edilib ki, əsas məqsəd yüklərin təhlükəsizliyini təmin etməklə, vahid tarifləri razılaşdırmaqla və yük axınının sürətini artırmaqla daşıma sisteminin səmərəliliyini artırmaqdır ki, bu da bütün tərəfdaşların tələbatını qarşılayacaq. Bu yanaşma Orta Dəhliz ölkələrinə uzunmüddətli perspektivdə uğur qazanmağa imkan verəcək.

Orta Dəhliz çərçivəsində daşımaların həcminin artırılması planları, dəhlizin inkişafı və bir sıra digər suallarla TBNM BN-nın baş katibi Qaydar Abdikerimova müraciət etdik.

“APA-Economics” Qaydar Abdikerimovla müsahibəni təqdim edir:

- İclasda ötən il əldə olunmuş yükdaşımaların həcmi və bu il üçün nəzərdə tutulan göstəricilər açıqlanıb. Növbəti beş il kimi daha uzun dövrlərdə yük daşımaları üçün gözləntilər nələrdir?

- 2030-cu ilə qədər biz marşrut üzrə bugünkü rəqəmləri 5-6 dəfə artırmağı qarşımıza məqsəd qoyuruq. Orta Dəhliz çərçivəsində qarşımızda konteyner daşımalarının həcmini ildə 300 min TEU-ya (konteyner daşımalarında standart ölçü, iyirmi fut ekvivalent vahidi – red.) çatdırmaq vəzifəsi durur. 2023-cü ilin yekunlarına görə, marşrut üzrə 20,5 min konteyner, keçən il isə 56,5 min konteyner daşınıb, yəni həqiqətən yüksək artım müşahidə edirik.

- Orta Dəhliz çərçivəsində istifadə olunan infrastruktur layihələri, infrastrukturun və donanmanın yenilənməsi istiqamətində hansı işlər görülür?

- Bütün ölkələr, bütün iştirakçılar bizim dəhlizimizin inkişafında, onun sinxron inkişafında çox fəal iştirak edirlər. Onlar lazımi sərmayələr ayırır, dəhlizin inkişafına böyük diqqət yetirirlər.

Biz hazırda dəhlizin imkanlarının genişləndirilməsi məsələsində böyük sıçrayış yaşayırıq. Qazaxıstan, Azərbaycan və Gürcüstan dəhlizin imkanlarını genişləndirmək üçün həm sərt infrastruktura (texniki məsələlər), həm də yumşaq infrastruktura (təşkilati məsələlər) külli miqdarda vəsait yatırır.

Bununla belə, bizim müəyyən problemlərimiz də var ki, onların da indi həlli tələb olunur və biz onları həll edirik.

- Məlum olduğu kimi, mövcud geosiyasi vəziyyət ənənəvi nəqliyyat və logistika zəncirlərinin fəaliyyətinə ciddi təsir göstərib, onların pozulmasına səbəb olub. Bütün bunlar Orta Dəhlizə marağı artırıb?

- Orta Dəhlizə maraq dəfələrlə artıb. Həqiqətən də dəhliz çox mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Bu gün o, heç bir məhdudiyyət olmadan malların istehsalçıdan istehlakçıya çatdırılmasını təmin edə bilən sanksiyalardan azad dəhlizlərdən biridir.


- Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı Fərmana əsasən, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın (Bakı Limanı) ona qoşulması formasında yenidən təşkil ediləcək. Sizcə, bu, dəhlizin inkişafına necə təsir edəcək?

- Biz istənilən dəyişikliyi müsbət baxımdan izah etməyə çalışırıq. Bu baxımdan indi qarşıda bizi böyük iş gözləyir. Bu, birbaşa dəhlizə aiddir, çünki bu, dəhlizin inkişafına fəal töhfə verən iki subyektlə (ADY və Bakı Limanı – red.), bizim dəhlizimizin iştirakçıları ilə əlaqəli prosesdir. Və yəqin ki, yaxın gələcəkdə biz bu töhfəni görəcəyik.

- Nəqliyyatdan, nəqliyyat dəhlizlərinin fəaliyyətindən söhbət gedəndə, əlbəttə ki, tariflərlə bağlı suallar böyük maraq doğurur. Orta Dəhlizlə müəyyən tarif sistemi artıq formalaşıb?

- Orta Dəhliz çərçivəsində tariflər 2021-ci ildən stabildir. Xırda dəyişikliklər var, amma ətrafımızda baş verən inflyasiya prosesləri fonunda tariflərimiz çox sabitdir.

Beş il ərzində tariflərimiz çox dəyişməyib və bizim vəzifəmiz bu səviyyəni saxlamaq, müştərilərimizi bu səviyyə ilə təmin etməkdir.