“Azərbaycan öz maraqlarını hər şeydən üstün tutur” Müsahibə

“Azərbaycan öz maraqlarını hər şeydən üstün tutur”

İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və ediləcək"

Azərbaycan prezidenti İlham Əliyev Avropanın "Neurope.eu" informasiya portalına müsahibə verib. "Xalq Cəbhəsi" "AzərTAc"a istinadən həmin müsahibəni ixtisarla təqdim edir:

NE: Siz ötən ilin oktyabrında keçirilən prezident seçkilərində növbəti dəfə qalib gəldiniz. Bunun başlıca səbəbini necə izah edərdiniz?

İlham Əliyev: 2013-cü ildə keçirilən prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olub. Bu seçkilər vətəndaşların son 10 ildə ölkəmizdə həyata keçirilən siyasi kursa münasibətini göstərdi. Son 10 ildə biz Heydər Əliyevin əsasını qoyduğu yolla irəliləmişik və ölkəmiz, cəmiyyətimiz qarşısında qoyduğumuz məqsədlərin reallaşmasına nail olmuşuq.

- Bu seçkilər beynəlxalq birlik tərəfindən necə qəbul edildi?

- AŞPA, ATƏT Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər nüfuzlu təşkilatlar birmənalı olaraq seçkilər barədə yüksək fikirlər bildirmiş və seçkilərin azad, ədalətli və şəffaf keçirildiyini vurğulayıblar. Bütün bunlar seçkilərlə bağlı xalqımızın və beynəlxalq ictimaiyyətin fikirlərinin üst-üstə düşdüyünü göstərir. Azərbaycan xalqı verdiyi səslə bu günədək həyatda müşahidə etdiyi siyasətə öz dəstəyini nümayiş etdirib və bu siyasətin davamlı olması üçün bizə mandat verib.

- Gələcək barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Bizim gələcəklə bağlı planlarımız böyükdür. Gündəliyimizdə bir sıra vacib məsələlər var. Azərbaycanın potensialının inkişaf etdirilməsi, iqtisadiyyatımızın rəqabətliliyinin artırılması, müasir cəmiyyət quruculuğu, əhalinin rifahının yaxşılaşdırılması, xarici siyasətin prioritetlərinə uyğun olaraq beynəlxalq mövqeyimizin möhkəmləndirilməsi, korrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemli mübarizənin daha da gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı ardıcıl şəkildə davam etdiriləcək.

- Regionların sosial iqtisadi inkişafı ilə bağlı üçüncü Dövlət Proqramı qəbul edilib. Bu proqram 2014-2018-ci illəri əhatə edir. İlk iki proqramın həyata keçirilməsini necə qiymətləndirirsiniz və üçüncü proqramdan nə gözlənilir?

- 2004-cü ildə ilk regional inkişaf proqramını qəbul edərkən məqsədimiz bölgələrin hərtərəfli inkişafını təmin etmək və paytaxtla ölkənin qalan hissəsi arasındakı uyğunsuzluğu aradan qaldırmaq olub. Hətta 2003-cü ildə keçirilən seçkilərdən öncə demişdim ki, əgər xalq mənə etimad göstərsə, ilk növbədə regionların inkişafı məsələsi ilə məşğul olacağıq və bu məqsədlə xüsusi dövlət proqramı qəbul ediləcək. Bu baş verdi. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı, bu proqramlara əlavə olaraq 250 sənədin imzalanması və həyata keçirilməsi regionların inkişafında dönüş nöqtəsi olub və bölgələrimizin sosial-iqtisadi mənzərəsini dəyişib. Nəticədə regionlardakı ictimai xidmətlərin keyfiyyəti və sosial infrastruktur əsaslı dərəcədə təkmilləşib, biznes mühiti daha əlverişli olub, sərmayələr artıb, minlərlə yeni müəssisə istifadəyə verilib və 900 mini daimi olmaqla, 1,2 milyondan artıq yeni iş yeri yaradılıb. Son 10 ildə regionlarda məhsul buraxılışı 3,2 dəfə, sənaye istehsalı isə 3,1 dəfə artıbr. Azərbaycanın bütün regionları və qəsəbələri abadlaşıb və müasirləşib. İnamla qeyd edə bilərəm ki, həyata keçirilmiş proqramlar ölkəmizin regionlarının, ümumilikdə Azərbaycanın iqtisadi potensialının inkişafına böyük töhfə verib.

- Qarşınıza qoyduğunuz strateji məqsəd nədir?

- Gündəliyimizdəki strateji məqsəd Azərbaycanın müstəqilliyini bundan sonra da gücləndirmək və ölkəmizi dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı ölkələri səviyyəsinə yüksəltməkdir. Buna görə də müasir dünyanın çağırışları da nəzərə alınmaqla, regionlardakı sürətli inkişaf davam etdiriləcək. İnanıram ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı"nın və digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradacaq, ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşəcək və Azərbaycan dünyanın aparıcı ölkələri sırasına çıxacaq.

- Yeni enerji layihələrinin region və dünya üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Hazırda Azərbaycan bir sıra yeni transmilli və regional layihələr irəli sürüb. Ölkəmizin həyata keçirdiyi enerji siyasəti təkcə bizim üçün deyil, həm də region və dünya üçün böyük əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, 2013-cü il dekabrın 17-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin qaz ehtiyatlarının hasilatı və dünya bazarlarına çıxarılması üzrə "Şahdəniz-2" beynəlxalq yekun investisiya qərarı imzalanıb. Hesab edirəm ki, TAP və TANAP layihələri ilə yanaşı, "Şahdəniz-2" dünyanın enerji xəritəsində yeni vəziyyətin yaranmasına səbəb olacaq və tarixə "XXl əsrin kontraktı" kimi düşəcək.

- Ölkənin həm iqtisadi, həm də sosial inkişafı, eyni zamanda, həm də güclü beynəlxalq status deməkdir. Xarici siyasətinizin uğurları barədə nə deyə bilərsiniz?

- Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən fəal xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin edib. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərlə və beynəlxalq əlaqələr sistemi ilə bağlı öz mövqeyi olan və böyük beynəlxalq nüfuza malik bir ölkə hesab edilir. 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi tarixi nailiyyət və xarici siyasətimizin böyük uğuru, həmçinin dünyadakı nüfuzumuzun göstəricisi olub. Aydın görünür ki, beynəlxalq aləm dövlətimizin mövqeyini dəstəkləyir, addımlarımızı təqdir edir. Azərbaycan bütün beynəlxalq təşkilatlarda ləyaqətlə çıxış edir və öz maraqlarını hər şeydən üstün tutur. BMT Təhlükəsizlik Şurasına ikiillik üzvlüyümüz, həmçinin təşkilata sədrlik dövründə Azərbaycan qlobal təhlükəsizliyə, dünyada sülhün bərpasına və ölkələr və sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verib.

- Beynəlxalq təşkilatlarla, xüsusilə Avropa İttifaqı ilə münasibətlər hansı vəziyyətdədir?

- Bizim dünyanın aparıcı beynəlxalq təşkilatları və ayrı-ayrı ölkələrlə münasibətlərimiz də inkişaf edib. Azərbaycan ATƏT, Avropa Şurası, İƏT və digər nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli münasibətlərini davam etdirib. Ötən il biz viza qaydalarının sadələşdirilməsi ilə bağlı Aİ ilə mühüm bir müqavilə imzaladıq. Bu, Aİ ilə əlaqələrin göstəricisidir. Əminəm ki, əməkdaşlığımızı inkişaf etdirmək üçün Aİ ilə strateji tərəfdaşlıq formatının yaradılmasına nail olacağıq.

- Yeni tərəfdaşlıq münasibətləri kontekstində Azərbaycanın nailiyyətləri barədə nə deyə bilərsiniz?

- Region ölkələri və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafına əlavə olaraq biz qeyri-ənənəvi tərəfdaşlarla da əlaqələr qururuq. Avropa və Asiyanın ənənəvi ölkələri ilə əməkdaşlıq münasibətlərini genişləndirməklə yanaşı, biz həm də Qoşulmama Hərəkatının üzvləri olan Latın Amerikası və Afrika ölkələri ilə siyasi, iqtisadi və humanitar əlaqələri inkişaf etdiririk. Bu, bizim xarici siyasətimizin prioritetlərindən biridir.
Artıq bəzi Latın Amerikası ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyiblər. Ümumilikdə, dünyanın 10 ölkəsi Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törətdiyi qırğını soyqırımı aktı kimi tanıyıb. Bu ölkələrin parlamentləri müvafiq qərarlar qəbul ediblər. Növbəti illərdə biz ölkəmizin siyasi və iqtisadi potensialını daha da gücləndirməyə, beynəlxalq nüfuzumuzu artırmağa, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə əməkdaşlığımızı genişləndirməyə davam edəcəyik. Bizim xarici siyasətimiz milli maraqların qorunması üzərində qurulub və bu istiqamətdə lazımi addımlar atılacaq.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişdən danışmaq olarmı?

- Təəssüflə qeyd edim ki, xarici siyasətimizin mərkəzində dayanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş əldə edilməyib. Ermənistan tərəfi danışıqlar prosesini gecikdirmək üçün müxtəlif bəhanələrdən istifadə edir və status-kvonu saxlamağa çalışır. Ötən ilin sonlarında danışıqlarda müşahidə edilən canlanma bizə 2014-cü ildə irəliləyiş olacağı ilə bağlı müəyyən ümidlər verdi. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç zaman imkan verməyəcək. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcək. Münaqişə həll olunmadıqca, Ermənistan dövləti bütün transmilli və regional layihələrdən kənarda qalacaq, erməni xalqının acınacaqlı vəziyyəti daha da pisləşəcək və ölkənin bütün imkanları tamamilə tükənəcək.

- Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Hazırlıq prosesi necə gedir?

- 2014-cü il Birinci Avropa Oyunlarına hazırlıq baxımından çox əhəmiyyətli ildir. Bildiyiniz kimi, bu cür genişmiqyaslı yarışlara hazırlıq prosesi 7-8 il vaxt tələb edir. Avropa Oyunlarını keçirmək üçün bizim yalnız iki il yarım vaxtımız var idi. Əminəm ki, yarışlarla əlaqədar bütün məqsədlərə nail olacağıq. Təşkilat Komitəsi yaradılıb və olduqca məhsuldar fəaliyyət göstərir. Oyunların keçiriləcəyi məkanların tikintisi bu ilin sonunadək tamamlanacaq. Amma hazırlıq prosesi müxtəlif binaların tikintisi ilə məhdudlaşmır. Təhlükəsizlik, nəqliyyat, Olimpiya Kəndinin yaradılması, qonaqların və idmançıların yerləşdirilməsi, məşqlərin keçirilməsi və s. məsələlər böyük diqqət və səy tələb edir. Azərbaycanın mövcud potensialını, müasir idman infrastrukturunun mövcudluğunu və beynəlxalq tədbirlərin keçirilməsi sahəsində təcrübəsini nəzərə alsaq, əminəm ki, Birinci Avropa Oyunlarını gözləniləndən də yüksək səviyyədə təşkil edəcəyik. Faktiki olaraq, Birinci Avropa Oyunları ilə bağlı Azərbaycanda yaradılmış standartlar gələcək Avropa Oyunları üçün əsas təşkil edəcək.