Ədəbiyyatımızın Naibəsi Ədəbiyyat

Ədəbiyyatımızın Naibəsi

Körpə xəyalıma bükmüşəm səni,

Şeirdən atalı, analı ömrüm.

Göylərin köksünə çəkmişəm səni,

Dodağı dualı, sənalı ömrüm.

Kiçicik boğçamda ətirlənmisən,

Körpə gülüşümdən çətirlənmisən,

Şeirlərə dönüb sətirlənmisən,

Məhəbbət ruhuma qonalı, ömrüm.

Girib ağuşuma dili lal kimi,

Asılıb dilimdən sirr, sual kimi,

Cismimi seyr edib bir xəyal kimi,

Gölləri yaşılbaş sonalı ömrüm.

Geyinib əyninə lalədən köynək,

Unudulub dərdlər, çəkilib göynək,

Naibə şeirdə çırpınan ürək,

Nəğməsi kəkliktək hənalı, ömrüm.

Əslində, hər bir şair bu dünyada anadan olan, amma alayı bir aləmdən göndərilən elçidir. Bu dünyadan ona qalan ad və təxəllüs, bu dünyada saxladıqları isə gətirdikləri olur. Bu gün sizə onlardan biri- şair Naibə Yusubludan söhbət açmağa səy göstərəcəm...

Deyir ki;-“Arzum dünyada Azərbaycanımızın xüsusi dəst-xəttini görmək; təhsilimizə ayaq açan yad ünsürləri aradan qaldırmaqdır. Niyə gizlədim, sovet dönəmindən qalma pafoslara, mədhiyyəçiliyə son qoyulmasını, ədəbiyyatımızın bütpərəstlərdən xilas olmasını istəyirəm...”

Naibə Yusublu Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya gəlib. Orta təhsilini Şirvan (Əli Bayramlı) şəhər 10 nömrəli orta məktəbdə başa vurub. Sonra ADPU-nun Filologiya fakültəsini bitirib. O vaxtdan da Şirvan şəhər 20 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir...

Qara-qura gecələrdən,

əyri-üyrü küçələrdən,

ilmələri hörülməyən keçələrdən

xoşum gəlmir.

Saxta, iblis gülüşlərdən,

dodaqaltı söyüşlərdən,

bar-bəhərsiz döyüşlərdən

xoşum gəlmir.

Ot-ələfsiz örüşlərdən,

ayaqüstü görüşlərdən,

haqqı danan yürüşlərdən

xoşum gəlmir.

Yad ellərdə rahat yatan

el dərdini başdan atan

halalına haram qatan

vətənsizdən,

ağ rəngi də qara görən

kəfənsizdən

xoşum gəlmir.

Xoşum gəlmir

kölgələnən təpələrdən,

sahilləri xımır-xımır,

asta yeyən ləpələrdən.

Xoşlamıram narın,

sısqa yağışları,

Sis-dumanı,

ağ alnıma damğa olan

qara-qara "naxış"ları,

ellərimə xəyanəti,

məlul, miskin, baxışları,

sərhəd boyu utancından

üz gizləyən barışları...

Xoşlamıram

korun-korun öləziyən ocaqları,

namərdlərə meydan verən

veyl, səfil bucaqları,

hər küncündə ilan yatan

soyuq, mənfur qucaqları.

Dağ çayıyam, himə bəndəm,

Soruşmayın kimə daşqın,

kimə bəndəm.

Kükrəməyə, çağlamağa

nazik, sarı simə bəndəm....

Bu, onun “İlmə” şeiridir. Ümumiyyətlə, Naibə xanım bədii yaradıcılığa hələ ədəbiyyatçı olmamışdan çox-çox qabaq, 5-ci sinifdə oxuyarkən başlayıb. Səkkiz kitabın müəllifidir. İlk şeirlər kitabı "Dünya, səndə nəyim qaldı" adlanır. "Özüm olmaq istəyirəm" şeirlər kitabı və "Qəzəllər" toplusu da oxucular arasında maraq doğurub. Nəşr olunası iki şeirlər kitabı, bir romanı və bir hekayələr kitabı var...

Adətən xanımlar “hamıdan gözəl mənəm mən” qənaətilə yaşamağı xoşlayırlar, amma o, yerli-yersiz öyünməkdən çox uzaqdır. “Hər kəs ədəbiyyatda, eləcə də həyatda çəkisini- yerini bilməlidir. Sənətə- sözə qiymət verməyi bacarmalıdır. Söz adamlarına rütbəsinə görə deyil, sözünün qüdrətinə görə hörmət etmək lazımdır. Püxtələşməkdə olan gənc nəslə təmənnasız dəstək olmağa çalışmalıyıq”- söyləyir...

Mütaliə etməyi və tarixi filmləri izləməyi xoşlayır. Yaradıcılıq uğurları isə az olmayıb. Bir-birinin ardınca yazdığı "Tənha köç", "Zərbə", "Gülün yarpıza dönsün", "Gəzən şəhid", "Yüz on ikinci gün" romanları oxucuların rəğbətini qazanıb. Şeirləri, qəzəlləri də oxucuların diqqət mərkəzindədir...

Naibə xanımın yaradıcılığı o qədər zəngindir ki, onu bir söhbətə sığışdırmaq çətindir. İnanıram ki, gələcəkdə Naibə Yusublu imzası Azərbaycanın ən çox sevilən qadın imzaları sırasında tez-tez sadalanacaq...

“Yenə lal xatirələr qəm dolu karvana dönüb,

Nəyə küskün, görəsən, qüssəli sarvana dönüb?

Dənizin gövhəritək gözdə yatan inci, sədəf,

Axıdır göz yaşı, köksüm dəli ümmana dönüb.

Aparır, bilməm hara fikrimi bu çərxi-fələk?

Gətirir kimləri gör, yol bizim ünvana dönüb?

Gecə düşcək yürüyür xatirələr cana qonaq,

Nə edim, can da bu günlər özü mehmana dönüb.

Gecənin pəncərəsindən asılıb hər diləyim,

Uzanan əllərimiz sirr dolu Pünhana dönüb.

Yerə en, Naibə, en xatirələrdən, göyə bax,

Diləyin sirri- Xudatək Ulu Sübhana dönüb

Elman Eldaroğlu