Kim bilir dünyada nə qədər kitab var Ədəbiyyat

Kim bilir dünyada nə qədər kitab var

Kim bilir dünyada nə qədər kitab var. Altı min il bundan əvvəldən başlamış daş, saxsı, kaşı, dəri…daha nələr üzərindən günümüzə varağadək yaz ki, yazasan. Elə hey yazılır bu kitablar. Son vaxtlar internet bumu kitab oxumağı bir az arxa plana keçirib desəm yanılmaram məncə. Hərənin əlində qarış uzunluğunda bir telefon, elə hey sosial şəbəkədə vurnuxur. Vərəq üzərindən kitab heç yada belə düşmür. Amma öz aramızdır, özüm araşdırmışam, kitabı heç nə əvəz edə bilmir.

Nə çox kitab – hamısı da dürlü-dürlü. Amma bir kitab da var ki, çoxumuza bəlli, tanış. Bu kitab Azərbaycan Respublikasının “Qırmızı kitab”ıdır. Kitab Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir. Mövcud "Qırmızı Kitab" 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 42 məməli növü, 71 quş növü, 5 balıq növü, 16 amfibi və 14 reptili növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumatı əks etdirir.

Respublika "Qırmızı Kitab"ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər. Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinənən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur. Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının "Qırmızı Kitabı"nın hər 10 ildən bir çap olunması nəzərdə tutulub. "Qırmızı Kitab"ın I nəşri 1989-cu ildə həyata keçirilib.

Deyəsən çox uzağa getdim axı deyilmi. Heyvanın, ya bitkinin növü azalar, nəsli kəsilər, eyb etməz, başqa ölkələrdən gətirərik. Necə ki, uzaq Braziliyadan, Argentinadan, İtaliyadan gətiririk. Bitkinin də, heyvanın da “Qırmızı kitab”a düşməsi faciə deyil, kişilik “Qırmızı kitab”a düşməsin əsla! Bax əsl faciə budur...