Cümhuriyyət dövründə Azərbaycan tarixinin öyrənilməsinə cəhdlər Ədəbiyyat

Cümhuriyyət dövründə Azərbaycan tarixinin öyrənilməsinə cəhdlər

1917-ci ilin fevral inqilabı və oktyabr bolşevik çevrilişindən sonra Rusiya imperiyasının dağılmasının davam etməsi, dünyada, eləcə də Güney Qafqazda baş verən çaxnaşmalar fonunda millətin və vətənin müdafiəsinə qalxan ziyalılarımız, 1828-ci ildə Guzey Azərbaycanda itirilmiş dövlətçiliyini bərpa etmək*, torpaq bütünlüyünü, millətin varlığını qoruyub saxlamaq üçün çox ciddi siyasi, sosial-iqtisadi və mədəni işlər görmüşdülər. Bu işlərdən ən möhtəşəmi müstəqil və demokratik Azərbaycan Xalq Cümhuriyyətinin (AXC-nin) qurulması olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti mövcud olduğu 23 ay ərzində (may 1918 - aprel 1920-ci illər) təhsil və elm sahəsinə də xüsusi diqqət vermişdilər.

AXC-nin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri Hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi oldu. Azərbaycan Hökuməti ilk günlərdən başlayaraq, milli kadrların hazırlanması, bu sahədə orta, texniki və ali təhsilin yenidən qurulması məsələlərinə də xüsusi önəm vermişdi.

AXC Hökumətinin 1-3-cü kabinələrində maarif naziri Nəsib bəy Yusifbəyli olmuşdur. N.Yusifbəylinin təşkil etdiyi 4-cü Hökumət kabinəsində bu vəzifəyə Rəşid bəy Qaplanov, 5-ci Hökumət kabinəsində isə əvvəlcə Həmid bəy Şahtaxtinski, sonra isə Nurməmməd bəy Şahsuvarov təyin olunmuşdular.

AXC Hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan (Türk) dilinin tədrisi isə məcburi surətdə həyata keçirilməli, ali, ibtidai və orta tədris müəssisələrində isə dərslər dövlət dilində aparılmalı idi. Azərbaycan (Türk) dilini bilməyən şagirdlər üçün 3-cü və 4-cü siniflərdə Azərbaycan dili şöbələri açılmalı və burada Azərbaycan dili elə intensiv tədris olunmalı idi ki, iki ildən sonra həmin şagirdlər artıq bu dildə təhsillərini davam etdirə bilsinlər.

Cümhuriyyətin Xalq Təhsili sahəsində ən mühüm tədbirlərində biri də məktəblərin milliləşdirilməsi, yəni ana dili - türk dilində tədrisə keçid oldu. AXC Hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 23 orta ixtisas təhsilli məktəbi və 637 ibtidai məktəb fəaliyyət göstərirdi. Müəllimlər seminariyaları istisna olmaqla, 1919-1920-ci tədris ilində Azərbaycanın orta məktəblərində 9611 şagird təhsil alırdı ki, onların da 3115 nəfəri azərbaycanlı idi.

1919-cu il dekabr ayının 2-də “Məktəblərin milliləşdirilməsi ilə bağlı orta məktəblərdə bəzi fənlərin həcmi və xüsusiyyətlərinin dəyişdirilməsi haqqında” Xalq Naarif Naziri (XMN) Rəşid bəy Qaplanovun orta məktəb direktorlarına göndərdiyi məktubu maraq doğurur. Həmin məktubda qeyd olunurdu ki, milli müqəddəratın təyinetmə ideyasının reallığa çevrildiyi, Rusiya dövlətçiliyinin Azərbaycan dövlətçiliyi ilə əvəz olunduğu Azərbaycan ərazisində məktəblər öz köhnəlmiş əvvəlki dövrünü qoruyub saxlaya bilməz. Məktubda, həmçinin, orta məktəbləri bu dövlətçilik ruhunda köklü şəkildə dəyişmək lazım olduğu və buna ancaq məktəbin milliləşdirilməsi ilə nail olmaq mümkün olacağı qeyd olunurdu. Bu məktubda tarix fənninin tədrisi ilə əlaqədar diqqətçəkici bir məqam da var. Belə ki, məktəblərdə Rusiya tarixi ayrıca fənn kimi keçilməsi ləğv olunurdu, onun yerinə Türk tarixi fənni tədris olunmalı idi. Rusiya tarixi ümumi tarix fənnin tərkibinə daxil edilir və orta məktəblərdə həmin fənnin mövzusu kimi tədris olunmalı idi. Coğrafiya, ümumi tarixi və Türk tarixi ilə əlaqədar orta məktəblər üçün hazırlanmış yeni tədris proqramına görə 2-ci sinifdə 2 saat, 3-cü sinifdə 1 saat olmaqla Türk tarixinin epizodik kursu tətbiq edilməli idi.

Xalq Maarif Nazirliyi tərəfindən məktəbləri dərs vəsaitləri ilə təmin etmək məqsədilə xüsusi komissiya da yaradılmışdı. Həmin komissiyanın fəaliyyətinə o dövrün görkəmli pedaqoqları Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Səməd bəy Acalov, Fərhad Ağazadə, Abdulla bəy Əfəndizadə və başqaları cəlb edilmişdilər.

XMN-nin yanında komissiyanın aparığı böyük işin nəticəsi olaraq Türk dilində aşağıdakı zəruri dərsliklər tərtib edilmişdir: “Türk əlifbası”, üç hissədən ibarət “Tazə elmül-hesab”, “İkinci il”, “Ədəbiyyat dərsləri”, “Müntəxabat”, “Yeni məktəb”, “Müəllimi-sərf”, “Sərfi-türki”, “Türk cələngi”, “Tarixi-təbiə”, “Rəhbəri-cəbr”, “iki hissədən ibarət “Coğrafiya”, “Hikməti-təbiə”. Eyni zamanda Universitetdə dərs deyəcək müəllimlər üçün də bəzi kitablar tövsiyə olunurdu.

AXC dövründə təhsillə əlaqədar qəbul olunmuş dövlət sənədlərinin, “Azərbaycan” qəzetinin (rus variantı) səhifələrində Şərq xalqlarının və Azərbaycan xalqının tarixi ilə əlaqədar işıq üzü görmüş (1918-1920-ci illər) məqalələrin, eləcə də “Müsəlman Şərqini öyrənən Cəmiyyət”in materiallarınin əhəmiyyəti xüsusi olaraq qeyd olunmalıdır.

Təqdim olunan məqalədə “Cümhuriyyət dövründə Azərbaycan tarixinin öyrənilməsinə cəhdlər (1918-1920-ci illər)”ə aydınlıq gətirilməsi üçün o dövrün dövrü mətbuatında “Azərbaycan tarixi”, eləcə də “Türk xalqlarının tarixi” ilə əlaqədar yazılmış əsərlərin, AXC dövründə qəbul edilmiş dövlət sənədlərinin (bu sənədlər içərisində 1919-cu ilin dekabr ayında Azərbaycan Xalq Maarif Naziriliyi tərəfindən ümumtəhsil məktəbləri üçün hazırlanmış proqram xarakterli “Orta məktəb şagirdləri üçün türk xalqları tarixinin sistematik kursuna izahat vərəqəsi” (Proqramı) və dördüncü dərəcəli kurslar üçün tərtib olunmuş “Türk xalqları tarixinin sistematik kursunun proqramı”nı qeyd etmək olar) və “Müsəlman şərqini öyrənən cəmiyyət”in materiallarının üzərindən təhlillər aparılır.

Məqalə hazırlanarkən ilkin olaraq aşağıdakı bir neçə suala cavab tapmağın vacibliyi də əsas kimi götürülüb: birincisi, Cümhuriyyət dövründə Azərbaycan tarixinin öyrənilməsinə, ümumiyyətlə cəhdlər olubmu?; ikincisi, “Azərbaycan tarixi”, eləcə də “Türk xalqlarının tarixi” ilə əlaqədar o dövrün dövrü mətbuatında çap olunmuş əsərləri Azərbaycan tarixinin öyrənilməsi üçün ilkin cəhdlər sırasına aid etmək olarmı?; üçüncüsü, XMN xətti ilə “Orta məktəb şagirdləri üçün Türk xalqları tarixinin sistematik kursuna izahat vərəqəsi”nin (proqramının) və “Türk xalqları tarixinin sistematik kursunun proqramı”nın hazırlanmasını Azərbaycan tarixinin öyrənilməsi istiqamətində ilkin addımlardan hesab etmək olarmı?; dördüncüsü, 1919-cu ilin noyabr ayından fəaliyyətə başlayan Bakı Dövlət Universitetinin nəzdində tarix-filologiya fakültəsinin açılması və burada tədris olunan Türk xalqları tarixini Azərbaycan tarixinin öyrənilməsi istiqamətində görülən işlər sırasına aid etmək olarmı?

Yuxarıda qeyd olunan suallara müəyyən aydınlıq gətirmək üçün, təqdim olunan məqalədə (məqalənin həcmi nəzərə alınmaqla) ilk olaraq o dövrün dövlət sənədləri və “Azərbaycan” qəzetinin materialları üzərindən təhlillərə üstünlük verilib.

AXC-nin hakimiyyəti dövründə Tarix elminin, xüsusilə Türk xalqları tarixinin sistemli şəkildə öyrənilməsi üçün orta, texniki və ali məktəblərdə tarix fənninin tədrisi ilə bağlı çox mühüm qərarlar qəbul edilmiş, xüsusi izahat vərəqələri və proqramlar hazırlanmışdır.

“Cümhuriyyət dövründə Azərbaycan tarixinin öyrənilməsinə cəhdlər”in ilk rəsmi işartılarını 1919-cu ilin dekabr ayında Orta məktəb şagirdləri üçün tərtib olunmuş “Türk xalqları tarixinin sistematik kursuna izahat vərəqəsi” (bundan sonra qısaldılmış formada “İzahat vərəqəsi” yazılacaq. “İzahat vərəqəsi”ni, həm də “Proqram” kimi də qəbul etmək olar. Burada üç bölmə var idi: “ümumi hissə”, “fərdi qeydlər. 4-cü sinif kursu”, “digər siniflər üçün”) və Türk xalqları tarixinin sistematik kursunun dördüncü dərəcəli kursları üçün yazılmış proqramı (bundan sonra qısaldılmış formada “Proqram” yazılacaq) üzərindən izləmək mümkündür.

Yuxarıda qeyd olunan birinci sənədin, yəni “İzahat vərəqəsi”nin maraq doğuran əsas tərəfi, ilk dəfə olaraq Türk xalqları tarixinin tədrisi ilə əlaqədar sistematik izahat vərəqəsinin hazırlandığını (proqram xarakterli) qeyd etmək olar. İkinci sənədin əsas cəhəti isə Türk xalqları tarixinin sistematik kursunun dördüncü dərəcəli kursları üçün “Proqram”ın hazırlanması idi.

İlkin olaraq orta məktəb şagirdləri üçün tərtib olunmuş “Türk xalqları tarixinin sistematik kursuna izahat vərəqəsi”ni qısa təhlil etməyə çalışaq. “İzahat vərəqəsi”nin “ümumi hissəs”i adlanan bölməsində Türk xalqları tarixinin tədrisi yeni olduğu, amma bu təlimin çətinliyi təkcə məsələnin yeniliyi ilə əlaqədar olmadığı qeyd olunmuşdur. Burada çətinliklər bir neçə amillə əlaqələndirilmişdir ki, onlardan da əsas olanlardan biri təlimin yeni olması; ikincisi, ümumilikdə Şərqin, xüsusən də türk xalqları tarixinin tədqiq edilməməsi; üçüncüsü isə, tədris üçün lazım olan çap dərsliklərinin tam olmaması və cari tədris ilinin əvvəlində onların yaradılmasının mümkünsüzlüyü idi.

“İzahat vərəqəsi”ndə Şərq tarixinin bütün mərhələləri araşdırılarkən, mümkün qədər, öyrənilən hadisələrdə türk xalqlarının roluna və Azərbaycan haqqında öyrənilən dövrə aid tədqiq olunanlardan əldə edilən məlumatlara diqqət yetirilməsinin vacibliyi göstərilmişdi.

“İzahat vərəqəsi”nin “Fərdi qeydlər. 4-cü sinif” adlı növbəti bölməsində bu kursun ilkin olaraq giriş xarakteri daşıdığı və türklərin geniş məkanda göründüyü zaman Asiyada mövcud vəziyyətlə tələbələri tanış etməyi qarşıya məqsəd kimi qoyulduğu qeyd olunmuşdur. Burada 4-cü kursda tədris olunacaq tarix fənni iki hissəyə bölünmüşdür: Qərb tarixi və ya Ön Asiya tarixi və Mərkəzi Asiya tarixi.

VAQİF ŞİRİNOĞLU

Tarix elmləri doktoru

(Ardı növbəti sayımızda)