Gənc Tamaşaçılar Teatrında "Mən Feyerbaxam" adlı monotamaşanın premyerası olacaq Ədəbiyyat

Gənc Tamaşaçılar Teatrında "Mən Feyerbaxam" adlı monotamaşanın premyerası olacaq

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Mən Feyerbaxam" adlı monotamaşanın premyerası keçiriləcək.

Teatrın mətbuat katibindən APA-ya verilən məlumata görə, alman dramaturq Tankert Dorstun eyniadlı pyesi əsasında hazırlanan "Mən Feyerbaxam" adlı monotamaşa Əməkdar artist Şövqi Hüseynovun təqdimatında nümayiş olunacaq.

Bir hissəli səhnə əsərinin bədii tərtibatçısı Şövqi Hüseynov, musiqi tərtibatçısı Zaur Rəşidov, işıq rəssamı Vadim Kuskov, fənd quruluşçusu İsa Həsənovdur.

Feyerbax adlı aktyor uzun illər ruhi xəstəxanada yatdıqdan sonra müalicə olunub yenidən çox sevdiyi teatra qayıtmaq qərarına gəlir. O, aktyorluğa həvəslidir və teatrı bir nemət kimi qəbul edir. O, aktyorların yoxlanılması və 7 il əvvəl teatrda itirdiyi əsl simasına qayıtmaq üçün yenidən səhnəyə çıxır. Vaxtilə birgə işlədiyi rejissorları görmək ümidi ilə səhnəyə çıxsa da, qarşısında onları görməz.

Tamaşa zahirən seçim imtahanı kimi görünsə də, daha dərindən bir aktyorun yaşadığı problemlərdən, o problemlərlə mübarizəsindən və mübarizədəki tənhalığından bəhs edir.

Premyera 2 noyabr, saat 19:00-da olacaq.

Qeyd edək ki, monotamaşa ölkəmizdə keçiriləcək monotamaşa festivalı üçün nəzərdə tutulub.