Cümhuriyyət dövründə Azərbaycan tarixinin öyrənilməsinə cəhdlər Ədəbiyyat
(Əvvəli ötən sayımızda)
“İzahat vərəqəsi”ndə səlcuqluların tarixini araşdırarkən Qərbdəki müxtəlif səlcuq sülalələrini, xüsusilə də Kiçik Asiyada osmanlıların yüksəlişinə qədər hakimiyyəti əlində saxlayan səlcuqluların, həmçinin səlcuqları əvəz edən azərbaycanlı və digər Atabəylərin də qeyd olunmasının lazım olduğu göstərilmişdi.
“İzahat vərəqəsi”ndə İranda Ərdəbilli Şeyx Səfiəddinin üzərində dayanmağı da tövsiyə olunurdu.
Beləliklə, “Türk xalqları tarixinin sistematik kursuna izahat vərəqəsi”nin qısa təhlili onu göstərir ki, həqiqətən də Cümhuriyyət dövründə “Azərbaycan tarixi”nə, eləcə də ümumtürk tarixinə diqqət artırılmışdı. Məsələn, “İzahat vərəqəsi”ndə Azərbaycan haqqında öyrənilən dövrə aid tədqiq olunanlardan əldə edilən məlumatlara diqqət yetirilməsinin, Azərbaycanın orta təhsil müəssisələrinin şagirdlərinə, milli mənsubiyyətindən asılı olmayaraq, yaşadıqları regionun tarixini sistemli şəkildə öyrədilməsinin, eləcə də səlcuqluları əvəz edən azərbaycanlı və digər Atabəylərin də qeyd olunmasının vacibliyi göstərilmişdi.
Araşdırılan mövzu ilə əlaqədar digər bir sənədin – “Türk xalqları tarixinin sistematik kursunun proqramı”nın da əhəmiyyəti qeyd olunmalıdır. “Proqram” dördüncü dərəcəli kurslar üçün nəzərdə tutulmuşdur. “Proqram”da Makedoniyalı İsgəndərin monarxiyasının süqutu və VI əsrə qədər olan dövrdən, Şərqdə müsəlman siyasi sisteminin parçalanmasına qədərki hadisələri özündə əks etdirən mövzular yer almışdır. Burada əsas üstünlük Şərq tarixinə verilmişdir. “Proqram”da Səfəvilər sülaləsinin meydana gəlməsi, Şah İsmayı, Şah Təhmasib, Şah Abbas, XVII əsrin ikinci yarısı XVIII əsrin birinci yarısı İran tarixi, Əfqanıstanın qısa tarixi, o cümlədən əfqanların İranı ələ keçirməsi, Nadir şah və onun yürüşləri, onun ölümündən sonra ixtişaşlar dövrü, Qacarlar sülaləsinin başlanması kimi mövzular öz əksini tapmışdır.
“Türk xalqları tarixinin sistematik kursunun proqramı”nı XMN R.X.Qaplanov və Ümumtəhsil məktəbləri şöbəsinin müdiri A.X.Usubbəyova imzalamışdılar.
Ümumiyyətlə, 1919-cu ildə Türk xalqlarının tarixi kursları üzrə izahat vərəqəsinin və proqramının hazırlanmasını həm Türk xalqları tarixinin, həm də Azərbaycan tarixinin öyrənilməsi baxımından müsbət qiymətləndirilməldir. Burada təkrar da olsa, bir məqamı xüsusi olaraq vurğulamalıyıq ki, bəhs olunan illərdə Azərbaycan tarixinin tədrisi Türk xalqları tarixinin içərisində verilməsi nəzərdə tutulurdu.
1919-cu il sentyabr ayının 22-də orta məktəb islahatı komissiyasının iclasında ümumi tarix və Türk xalqlarının tarixi ilə əlaqədar irəli sürülən fikirlər daha çox diqqəti cəlb edir. İclasın protokolunda yazılanlardan belə məlum olur ki, XMN tərəfindən coğrafiya, ümumi tarix və Türk tarixi ilə əlaqədar tərtib olunmuş yeni proqrama bəzi əlavələrin olunmasının vacibliyini təklif edilmişdir. Həmin təklifə görə proqrama 2 və 3-cü siniflərdə Türk tarixinin epizodik kursunun, 4-cü sinifdə isə Zaqafqaziya və Asiyanın, ona qonşu olan ölkələrin (Kiçik Asiya, İran və Türküstanın) tarixinin tədrisi nəzərdə tutulmuşdur. 2-ci siniflər üçün türk tarixi fənnindən epizodik kursun proqramında Türk boylarının köçəri həyatı, VI əsrdən başlayaraq qurulmuş Türk dövlətləri və hökmdarlarının (II Əbdül Həmiddə daxil olmaqla) tarixinin yer alması da təklif olunurdu. Həmin təklif olunan mövzuların içərisində türkmən Qaraqoyunlu və Ağqoyunluların, Şah Abbasın, Nadir şahın da adları var idi. Əlavə olaraq, orta məktəb islahat komissiyası Türk tarixi müəllimləri üçün bələdçi ola biləcək bəzi kitabları yenidən nəşr edilməsi, Türk tarixinin epizodik kursunun tərtibi üçün müsabiqə elan edilməsi, Lev Aleksandroviç Zimin tərəfindən Türk tarixi üzrə dərsliyin tərtib edilməsi və sair bu kimi təklifləri irəli sürülmüşdür.
Türk xalqları tarixinin epizodik kursunun “Proqram”ında Türküstan hökmdarları – Şeybani xan, Abdulla xan, Abdulqazi və başqaları, həmçinin Azərbaycan və Şah Abbas, Nadir şah və Şirvan xanları haqqında da tarixi məlumatların verilməsi nəzərdə tutulmuşdur.
Digər bir məqamı da qeyd etmək lazımdır ki, hələ Bakı Dövlət Universitetində (BDU-da) “tarix-filologiya” fakültəsinin fəaliyyətə başlamasına qədər, orta məktəblərdə və gimnaziyalarda Türk tarix fənni kursunun sistemli tədris edilməsi ilə yanaşı, tədris proqramında orta məktəblərdə oxuyan III və daha yuxarı siniflərin şagirdlərinin tarixi biliklərini inkişaf etdirmək üçün Azərbaycan haqqında tarixi məlumatların verilməsi bəndi də öz əksini tapmışdır.
1919-cu il sentyabr ayının 1-də Parlamentin 70-ci iclasının gündəliyinə salınmış 24 məsələdən 2, 3 və 4-cü məsələlər bilavasitə təhsillə bağlı olmuşdur. Gündəlikdəki 2-ci məsələ “Azərbaycan hökumət darülfünunun təşkili haqqında qanun layihəsi”, 3-cü məsələ “Əcnəbi məmləkətlərə yüz nəfər tələbənin hökumət tərəfindən göndərilməsi haqqında qanun layihəsi; 4-cü məsələ “Xalq kitabxanaları üçün kitab almaqdan ötəri bir milyon rüblə buraxılması haqqında qanun layihəsi idi.
BDU-nun yaradılması ilə əlaqədar Azərbaycan Parlamentinin qəbul etdiyi Qanunda Universitetin nəzdində açılması nəzərdə tutulan 4 fakültədən birinin tarix-filologiya (şərq şöbəsi də daxil olmaqla) fakültəsinin olması və bu hadisəni gələcəkdə Türk xalqları tarixinin və Azərbaycan tarixinin dərindən öyrənilməsi baxımından da yüksək qiymətləndirilməlidir.
Hökumətin qərarına əsasən BDU-nun rektoru Razumovski Vasili İvanoviç, “tarix-filologiya fakültəsi”nin dekanı, ümumi tarix kafedrasının dosenti Nikolay Aleksandroviç Dubrovski təyin olunmuşdur.
Beləliklə, “Türk xalqları tarixinin sistematik kursuna izahat vərəqəsi” və Türk xalqları tarixinin sistematik kursunun dördüncü dərəcəli kursları üçün yazılmış proqramı üzərindən aparılmış təhlillər, eləcə də BDU-nun nəzdində “tarix-filologiya fakültəsi”nin fəaliyyətə başlaması 1918-1920-ci illərdə orta, texniki və ali məktəblərdə “Türk xalqlarının tarixi”nin (“Azərbaycan tarixi” daha çox “Türk xalqlarının tarixi” proqramı çərçivəsində öyrənilməsi nəzərdə tutulmuşdur) vahid və sistemli proqram çərçivəsində tədris olunmasına başlandığını deməyə imkan verir.
1918-1920-ci illərdə aparıcı mövqe tutan “Azərbaycan” qəzetinin səhifələrində Azərbaycan və Şərq xalqlarının, xüsusi ilə Türk xalqlarının tarixi ilə əlaqədar maraqlı məqalələr çap olunmuşdur. Həmin məqalələrdən Şəfi bəy Rüstəmbəyovun “Azərbaycan Respublikasının yaranma tarixi”, S.M.Mixaylovun “Türk xalqlarının tarixi oçerkləri”, İ.Seqalın “Azərbaycan Respublikasının meydana gəlmə tarixi”, A.Şepotevin “Azərbaycan: onun keçmişi və bu günü ilə”, Adil xan Ziyadxanın “Azərbaycanın siyasəti, ədəbiyyatı və tarixinin oçerkləri”, L.Ziminin “Şərq məsələsi: keçmişdə və indi”, “İran və Azərbaycan” adı ilə çap olunmuş məqalələri misal göstərmək olar. Yuxarıda adları qeyd olunan məqalələrdən bəziləri problemin araşdırılması zamanı təhlil olunub.
1918-1920-ci illərdə “Azərbaycan” qəzetinin səhifələrində Azərbaycan tarixi ilə əlaqədar 5 məqalə çap olunmuşdur. Həmin məqalələrdən yalnız üçündə - “Azərbaycan: onun keçmişi və bu günü ilə”, “Azərbaycanın siyasəti, ədəbiyyatı və tarixinin oçerkləri”, “İran və Azərbaycan” adlı məqalələrdə Azərbaycan tarixi ilə əlaqədar geniş və müəyyən qədər sistemli məlumatlar öz əksini tapmışdır. Şəfi bəy Rüstəmbəyovun “Azərbaycan Respublikasının yaranma tarixi”, İ.Seqalın “Azərbaycan Respublikasının meydana gəlmə tarixi” adlı məqalələri yalnız qısa bir dövrü əhatə edir.
Şəfi bəy Rüstəmbəyovun “Azərbaycan Respublikasının yaranma tarixi” adlı məqaləsində AXC-nin yaranmasına qədər və ondan sonrakı vəziyyətlə əlaqədar bəzi məlumatları əldə etmək mümkündür. Məsələn, məqalədə bolşeviklərin Petroqrad və Moskvada siyasi hakimiyyəti ələ keçirməsindən sonra Güney Qafqazda yaranmış vəziyyətlə əlaqədar qısa bir məlumat verilmişdi. Ş.Rüstəmbəyov, Rusiyanın mərkəzində bolşeviklərin hakimiyyəti qurulduqdan sonra regionda həmin hakimiyyəti tanımayan bir Zaqafqaziya komissarlığının yaradıldığını və həmin iclasda Ümumrusiya Müəssislər Məclisinin çağrılmasına qədər Zaqafqaziya Seyminin çağrılması qərara alındığını qeyd etmişdir. O, Seymin birinci iclasını fevral ayının 14-ü göstərmişdi. Lakin Ş.Rüstəmbəyovun Zaqafqaziya Seyminin yaranma səbəbini və tarixini düzgün qeyd etməmişdir. Əldə olunan sənədlərdə Seymin yaranma səbəbi Ümumrusiya Müəssislər Məclisinin buraxılmasından sonra (yanvar 1918-ci il) Güney Qafqazda qanunvericilik səlahiyyətlərinə malik Seymin yaradılmasına qərar verildiyi və onun yaranma tarixi fevral ayının 10-na (yeni təqvimlə fevralın 23-nə) təsadüf edildiyi göstərilmişdi.
Azərbaycan dövlətinin yaranmasını xalqın iradəsi və siyasi vəziyyətin tələb etdiyini qeyd edən Ş.Rüstəmbəyov, Azərbaycanda yaşayan xalqlar arasında həmrəyliyin yaradılmasını, qonşu dövlətlərlə mübahisəli məsələlərin sülh yolu ilə həlli və davamlı ittifaqın yaradılmasını Azərbaycan hökumətinin uca prinsipləri hesab etmişdir.
A.Şepotevin “Azərbaycan: onun keçmişi və bu günü ilə” adlı məqaləsində tariximizlə əlaqədar daha geniş və maraqlı məlumatlar verilmişdir. Müəllif, məqalənin əvvəlində Azərbaycanın adını “Odlar yurdu” kimi qeyd etmiş, millətin adını isə doğru olaraq Türk adlandırmışdı.
Qafqazda türkləri yanlış olaraq “tatarlar” adlandırmasının əleyhinə gedən A.Şepotev, türk mənşəli xalqın Şərqi Zaqafqaziyanın bütün bölgələrini əhatə etdiyini yazmışdır. Onun məqaləsində Şirvan, Quba, Qarabağ, İrəvan, Gəncə, Bakı və Lənkəran xanlıqlarının adları qeyd olunur.
A.Şepotev məqaləsinin sonunda türk qoşunlarının Azərbaycandan getməsi (1918-ci ilin oktyabrın 30-da imzalanmış Mudros sazişindən sonra), ingilislərin gəlməsi (17 noyabr 1918-ci il), parlamentin açılışı (7 dekabr 1918-cil), Xan Xoyskinin başçılığı altında üçüncü hökumət kabinetinin koalision əsaslarla yenidən qurulması (26 dekabr 1918-ci il), Avropaya nümayəndə heyətinin göndərilməsi (sentyabr 1918-ci il) və sair tarixi hadisələr haqqında da qısa məlumatlar vermişdir.
Bir müddət AXC Hökumətində xarici işlər nazirinin birinci müavini vəzifəsində çalışmış, bəzi hallarda nazir vəzifəsini icra etmiş, daha sonra Guzey Azərbaycanın İran Qacarlar dövlətində ilk səfiri kimi fəaliyyət göstərmiş Adil xan Ziyadxanın “Azərbaycanın siyasəti, ədəbiyyatı və tarixinin oçerkləri” adlı məqaləsi “Azərbaycan” qəzetinin 23, 25, 27, 29 mart və 6, 12 aprel 1919-cu il tarixli saylarında çap olunmuşdur. Birinci məqalənin (“Azərbaycan” qəzetinin 23 mart tarixli sayı) “Ön söz” hissəsində məqalənin yazılmasının səbəblərinə aydınlıq gətirən Adil xan Ziyadxanın yazdıqlarından belə məlum olur ki, o, oktyabr ayının 30-da (1918-ci il) Xarici İşlər Nazirliyində işə başlayan kimi ölkədəki hazırkı siyasi vəziyyətlə bağlı məruzə hazırlamalı idi. Amma onun hazırladığı məruzə “oçerk” formasını almışdır. “Oçerk”də siyasətlə yanaşı, Azərbaycanın tarixi və ədəbiyyatı ilə əlaqədar məsələlər də şərh olunmuşdur. O, məqaləsində yazırdı ki, bu ağır dönəmdə hər bir vətəndaş bir damla da olsa öz xalqına xeyir gətirməyə çalışmalıdır.
VAQİF ŞİRİNOĞLU
Tarix elmləri doktoru
(Ardı növbəti sayımızda)