AMEA-da Sadiq Qarayevin yeni əsərlərinin təqdimat mərasimi baş tutub Ədəbiyyat
6 noyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında bioloq alim və yazıçı Sadiq Qarayevin yeni əsərləri – “N" Saylı Qəhrəmanlıq” romanı və “Azərbaycançılıq məfkurəsi” kitabının təqdimatı keçirilib. Tədbirə çoxsaylı kitabsevərlər və ziyalılar qatılıb. Təqdimatın başlanğıcında şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru və fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli açıb. O, hər iki əsərin son iki ilin məhsulu olduğunu və Azərbaycan zəfəri ilə bağlı mühüm tarixi məqamları əhatə etdiyini vurğulayıb. Tədbirdə AMEA-nın rəhbərliyi və digər tanınmış ziyalılar, o cümlədən Milli Cəbhə Partiyasının sədri və deputat Razi Nurullayev, AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Mehman Həsənli və filologiya üzrə fəlsəfə doktoru Yaşar Qasımbəyli iştirak ediblər.
Təqdimatda Sadiq Qarayev öz əsərlərinin məzmununu təqdim edib. O qeyd edib ki, “N" Saylı Qəhrəmanlıq” romanı, Azərbaycançılıq məfkurəsinin 200 illik ermənilik şovinizmi və havadarları üzərində tarixi həlledici zəfərinə, Vətən müharibəsi şəhidlərinin və qəhrəmanlarının əziz xatirəsinə ithaf olunub. “Müharibədəki qələbələr N sayda qəhrəmanlıqların cəmidir. Döyüşün həlledici anı sirli, N sayda qəhrəmanlıqlardan asılıdır”, – deyə yazıçı vurğulayıb.
Sadiq Qarayevin digər əsəri “Azərbaycançılıq məfkurəsi” isə Azərbaycançılıq yolunun müqəddəs, çətin və şərəfli olduğunu, bu yolu gedənlərin isə şəhidlər, dövlətçilik quran və qoruyan azərbaycanlılar olduğunu qeyd edir. Kitab həmçinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub. Eynulla Mədətli bu əsərdən bir hissəni səsləndirərək, “Ey Azərbaycanlı! Dünyanın harasında doğulsan, yaşasan da sən, Azərbaycanı vətən bilməlisən! Şərqin, Qərbin, keçmiş və indinin, həm də gələcəyin qovşağındasan, doqquz iqlimli, nurlu gecəli, qızmar günəşli, üç rəngli dünyadansan, Azərbaycandansan!” deyə qeyd edib.
Təqdimatda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Gənc Alimlər və Mütəxəssislər Şurası”nın sədri Ceyran Hüseynli “Azərbaycançılıq məfkurəsi” kitabından canlı olaraq “Aləmlərin söhbəti”, “Zəfər günü söhbəti” başlıqlı yazılarını səsləndirib. Təqdimatın sonunda isə yazıçı Sadiq Qarayev iştirak edən bütün qonaqlara təşəkkürünü bildirib.