İstiqlaliyyətin möhkəmləndirilməsi uğrunda mübarizə tarixindən Ədəbiyyat

İstiqlaliyyətin möhkəmləndirilməsi uğrunda mübarizə tarixindən

...“İstiqlalçı”ların əsas məqsədi Azərbaycanı müstəqil görmək, Bakı şəhərini, eləcə də Azərbaycanın digər işğal olunmuş torpaqlarını erməni və rus işğalçı qüvvələrindən azad etmək idi. Bunun üçün gənc Cümhuriyyət Hökuməti siyasi və hərbi yardım üçün Osmanlı dövlətinə müraciət etmişdir. Bu müraciət də razılqla qarşılanıb.

Yuxarıda qeyd olunduğu kimi, “ilhaqçılıq” tərəfdarları 1918-ci ilə birinci yarısında bölgədə siyasi və hərbi gərginliyin artması fonunda, xüsusilə erməni silahlı dəstələri tərəfindən türk-müsəlman əhaliyə qarşı qətl-qarətlərin törədilməsi, bu faciələrin qarşısını alan elə bir qüvvənin meydanda olmaması və başqa səbəblərdən Osmanlı dövlətinə müraciət etmək məcburiyyətində qalmışdılar. Onlar yeganə çıxış yolunu Azərbaycanın Osmanlı dövlətinin himayəsi altına girməsində görmüşdülər.

“İlhaqçılıq” məsələsinə tam aydınlıq gətirmək üçün, şübhəsiz, Cümhuriyyət xadimlərinin müxtəlif illərdə yazmış olduqları əsərlərə müraciət etmək olduqca vacibdir. Çünki həmin “acı” və çətin günləri yaşayan və mübarizə aparan onlar olmuşdular.

Cümhuriyyət xadimləri öz əsərlərində “ilhaqçılığı” doğuran səbəbləri çox düzgün və aydın izah etmişdilər.

Məsələn, M.Ə.Rəsulzadə “ilhaqçılığın” səbəblərinə toxunarkən, bolşeviklərin Bakıda törətmiş olduqları qətliamların “Şamaxı, Salyan, Lənkəran və Nəvahi qəsəbələrində də təkrar” olunması, hətta az qala Gəncə də süqut etmək üzrə olmasını misal kimi göstərmişdi. Daha sonra M.Ə.Rəsulzadə yazırdı: “Bütün Zaqafqaziya anarşi içində idi. Kişilər papaqlarını, qadınlar çarşaflarını başlarında saklaya bilmiyordu. Bütün bu fəlakətlərə məruz qalan azərbaycanlılar “Seym”dəki numayəndələrini ittiham ediyordular”. Onlar bu bəlalara çarə tapa bilmədiklərinə görə belə düşünürdülər. “Boylə ümidsizlik icində xəlqə öylə fikir gəliyordu ki, bu haldan kəndilərini qurtaracaq bir quvvət var isə o da qardaş Türkiyə quvvətidir. Turkiyə quvvətinə muraciət olunmuş, istimdad edilmişdi. Fəqət onun da vəqti vardı. Gəlinəcək yollar halbuki uzun idi. Cana doymuş xəlq bunu dərk edəmiyordu. Zənn ediyordu ki, “Seym”dəki xainlər istiqlal, muxtariyyət və kəndimizə məxsus hökumət şüarlarıyla turkləri Qafqasiyaya burakmaq istəmiyorlar”.

Millət numayəndələri ilə millət arasında bir yanlışlığın olduğunu qeyd edən M.Ə.Rəsulzadə, Şərqi Zaqafqasiyada anarxiyadan və ümidsizlikdən bir qrup macərapərəstlərə “ilhaqçılıq” cərəyanı meydana gətirmək imkanı verdiyini qeyd edib.

“Türkiyə naminə hərəkət edən bir taqım macərapərəstlər, yerli ürəfadan azərbaycanlıların kəndi istedadlarına imanı zəif olanlarla vəziyyəti-siyasiyyəyi və Türkiyə əhval və təmayülatım iyicəsinə bilməyənlər doğrudan doğruya bu cərəyanı körüklüyürlardi”.

“İlhaqçılar” türklərin Zaqafqasiyaya gəlmələrinin təxirə salınmasını “Seym”də olan istiqlalçıların təsiri ilə izah edir və belə güman edirdilər ki, əgər azərbaycanlılar “istiqlal” degil, “ilhaq” tərəfindən dursalar, o zaman türklərin də buraya gəlmələri gercəkləşmiş olar. Əlbəttə, “ilhaqçılar” həmin dövrün siyasi hadisələrindən düzgün baş çıxara bilmədiklərinə görə belə bir yanlış fikrə düşmələrini də qeyd etmək mümkündür.

Nəsib bəy Yusifbəyli Milli Şuraya göndərdiyi raportunda qeyd edirdi ki, istiqlaliyyətimizin qızğın tərəfdarı olmaqla bərabər mən, bu məsələ haqqında birinci olaraq danışmaq məcburiyyətindəyəm. Fəlakətin üzünə cəsarətlə baxmaq lazımdır. Çox fərəhli haldır ki, bizim işlərə müdaxilə edəcək xarici qüvvə bizimlə dost və qardaş olan Türkiyədir.

Xəlil bəyin də 1918-ci il mayın 26-da Zaqafqaziya sülh heyəti adına göndərdiyi memorandumda Qafqazda baş alıb gedən anarxiyadan, Osmanlı xalqı ilə eyni irqə, dinə mənsub olan xalqın təhlükəsizliyindən, Bakı və civarında yüz minlərlə türk, müsəlman özlərini inqilabçı adlandıran vicdansız quldurların qanlı pəncəsində inildəmələrindən və sair məsələlərdən bəhs etmişdir. Xəlil bəyin memorandumu mayın 26-da Zaqafqaziya sülh heyətinin rəhbərinə verilən gün Zaqafqaziya Seymi istefa verib və dağılıb.

H.Baykara haqlı olaraq qeyd edirdi ki, “Müsavat” partiyasının liderlərindən olan Nəsib bəy Yusifbəylinin nitqi və Xəlil bəyin memorandumu tarixi sənəd kimi öz dəyərini mühafizə etməkdədir.

Həmin vaxt Gəncədəki Milli Komitənin rəhbəri Nəsib bəy Yusifbəyli Nağı bəy Şeyzamanlını tezliklə Hüsamənddin bəylə İstanbula yola düşməyə tapşırmışdı. N.Şeyxzamanlı Gəncə Milli Komitəsinin rəsmi möhürlü etimadnaməsini aldıqdan sonra yolla düşüb. Nağı bəyi yola salarkən Nəsib bəyin ona dediyi sözlər də maraq doğurur: “Nağı bəy sən İstiqlal Komitəsinin üzvüsən. Olub-keçənləri Osmanlı dövlətinə anlat və de ki: Millətimiz müstəqil yaşamağı qarşısına məqsəd qoymuşdur və bu yolda hər cür fədakarlığı etmişdir. Ancaq bizi özlərinə ilhaq etmək istəsələr gəlməsinlər. Biz öz düşmənlərimizlə birtəhər hesablaşıb başımıza çarə qılarıq”.

İstanbulda çox yüksək səviyyədə qarşılandığını yazan N.Şeyxzamanlı sonralar öz xatirəsində qeyd edirdi ki, mən etimadnaməmi çıxarıb Tələt Paşaya verdim. Aldı oxudu və möhürdəki ay-ulduzun gözəlliyindən çox məmnun qalaraq etimadnaməni Ənvər paşaya və Xəlil bəyə göstərərək “möhürdəki ay-ulduzun gözəlliyinə baxın” dedi. N.Şeyxzamanlı Tələt Paşaya müraciətində bildirdi ki, Azərbaycan xalqı sizdən yardım gözləyir. Siz qardaş əlinizi bizə uzadaraq yardım edin. Müstəqil olaq. Siz bizi çəkib özünüzə qatmaq istəsəniz biz buna razı ola bilmərik. (Bu zaman mərhum Tələt paşa salondakılara “baxın ilhakı nə gözəl Türkcə anladır” dedi.) Tələt paşa Xəlil bəyə baxaraq “bravo Xəlil bəy” dedi və bizə tərəf dönərək “Əfəndim dünən firqə mərkəzində bu məsələni müzakirə edirdik”. Xəlil bəy nəyin bahasına olursa olsun hər fədakarlığa qatlaşıb Qafqazda bir İslam dövləti qurmamız fikrini müdafiə edirdi. (Mən dərhal sözə qarışdım: “Bəli, biz islamıq, ancaq Türk olduğumuzdan Milli Türk hökuməti qurulmasını düşünürük və istəyirik” dedim). Bu vəziyyətə çox məmnun olduq və “inşallah edəcəyik” dedi.

Nağı bəyin İstanbulda Osmanlı dövlətinin sultanı Mehmet Rəşad və paşalarla (Ənvər, Tələt, Camal, Xəlil) görüşündə “İlhaq”la bağlı xüsusi olaraq söhbət getməmişdi. Əgər Nağı bəyin Tələt paşaya dediyi sözləri nəzərə almasaq, onda tam yəqinliklə deyə bilərik ki, bu məsələ əsas müzakirə məsələsi olmayıb. Bunu ən azından N.Şeyxzamanlının xatirəsində və əlimizdə olan başqa sənədlərdə (ola bilsin kimsə bu görüş zamanı “ilhaqçılıq”la bağlı müzakirənin olması ilə bağlı bir sənəd tapıb, məlumatımız yoxdur) rast gəlinmir.

Lakin bununla belə, Batumda Nuru paşanı qarşılayan azərbaycanlılar Nağı bəylə söhbətlərində bildirdilər ki, Seymin üzvləri istiqlal istəyirlər. Biz isə Azərbaycanın Türkiyəyə ilhaqını istəyirik deyirlər. Nağı bəy yazır ki, onlara əsl həqiqətin nə olduğunu anlatmaq imkansız olduğunu hiss edib bir şey söyləmədim. Onlar “fəaliyyətimizin hədəfinin istiqlal olduğunu bilməmiş deyildilər. Əgər mən də istiqlalçıyam desəm əleyhinə gedəcəklərinə əmin idim”.

Daha sonra N.Şeyxzamanlı yazırdı ki, ilhaqçılarla mübahisə etmək mənə çox çətin idi. Ruslarla mübarizəmizdə bu qədər güc sərf etməmişdim. Bu məsələni həll edə bildikdən sonra dərin nəfəs aldım.

Nağı bəy “ilhaqçı”ların nümayəndələri ilə görəşkən İstanbulada Tələt və Ənvər Paşa ilə görüşdüyünü və istiqlalı müdafiə etdiklərini onlara bildirmişdi. Növbəti gün Nağı bəy onları Xəlil bəylə görüşdürdü. “Tanışlıqdan sonra onların hər biri minlərlə imza atılmış kağızları Xəlil bəylə göstərdilər və hamısı birdən “Möhtərəm bəyimiz xalqımız istiqlal istəmir, biz də istəmirik. Osmanlı dövlətinin bir parçası olmaq istəyirik” dedilər. Xəlil bəy gözəl söhbəti ilə bunları razı sala bildi. Bizim birləşməmizi nə düşmən, nə də dost dövlətlər qəbul edər. Biz sizə yardım edirik və edəcəyik. İstiqlaliyyət qurub müstəqil yaşamanız üçün lazımi qədər əsgərimizi göndərəcəyik. Hər cəhətdən yardım edəcəyik. Öz vətənimiz kimi sizin vətəninizi də qoruyacağıq. Evlərinizə dönün və qurulacaq istiqlaliyyəti dəstəkləyin” dedi.

Nağı bəy qeyd edirdi ki, axşam Məmmədəmin və Nəsib bəylərlə görüşüb Xəlil bəylə ilhaqçıların arasında olan söhbətin nəticəsini bildirdim. Onlar vəziyyətin belə nəticə ilə qurtarmasından çox razı qaldılar.

Hüseyn Baykara isə Azərbaycanın siyasi xadimlərinin əsl istiqlalçı olduqlarını və onların istiqlalçılıq xəttini müdafiə etməklə uzaqgörənliyini belə ifadə edib: “Azərbaycan xalqının ruhundan doğan bu istiqlal hadisəsi tarixin axarı içində öz yerini tapmış və Azərbaycan siyasi tarixinin taleyini əllərində tutanlar, tam zamanında siyasət adamı olduqlarını sübut edərək istiqlal hərəkatına yerində və vaxtında lazımi qiymət vermişlər”.

“İlhaqçılıq” məsələsinə münasibət bildirən H.Baykara yazırdı ki, Azərbaycanda olan və Azərbaycan tarixinin hər dövründə mürtəce qüvvə kimi tanınan bir zümrə - “geriçi-mürtəce” ortaya “İlhaqçılıq” məsələsi atmışdı. Yəni Azərbaycan Osmanlı dövlətinə birləşdirilərək bu dövlətin bir vilayəti kimi idarə olunmalıdır. Azərbaycanda islam ordusunun komandiri olan Nuru Paşa ağıllı bir general olsa da siyasi görüşü o qədər də yetkin deyildi. Mürtəce ilhaqçılar Nuru paşanın bu vəziyyətindən istifadə etmək istəyirdilər...

Vaqif Şirinoğlu, tarix elmləri doktoru

Ardı var