Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya yeni üzvlər TƏYİN EDİLDİ Ədəbiyyat

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya yeni üzvlər TƏYİN EDİLDİ

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına Milli Məclis tərəfindən yeni üzvlər təyin olunub.

Xalqcəbhəsi.az xəbər verir ki, məsələyə parlamentin 10 dekabr tarixində keçirilən iclasında baxılıb.
Deputatlardan parlament sədrinin müavini Ziyafət Əskərov, deputatlar Arzu Nağıyev, Əminə Ağazadə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov komissiyaya üzv təyin ediliblər.
Həmçinin Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev də quruma üzv edilib.

Xatırladaq ki, 2004-cü il martın 3-də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yaradılıb.

Komissiya korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur.

Komissiya 15 üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın beş üzvü Prezident, beş üzvü Milli Məclis, beş üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.
Qeyd edək ki, bunadək Komissiyanın Milli Məclis tərəfindən təyin edilən üzvləri Adil Əliyev, Əminə Ağazadə, Elşad Mirbəşiroğlu, Arzu Nağıyev və Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev olub.