

Fevralın 21-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun akt zalında həmin institutun “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı III cildliyinin (əlavələrlə təkrar nəşrinin) təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, Prof. İlham Məmmədzadə açaraq III cildiyinin əlavələrlə təkrar nəşrinin nəşr edilməsi ilə bağlı müəllifi təbrik edərək ona yaradıcılığında uğurlar arzulayıb. O bildirib ki, bu uğur həm də Fəlsəfə və Sosiologiya İnstitutunun uğurudur. İ.Məmmədzadə qeyd edib ki, üç cildlik olduqca böyük zəhmət hesabına başa gəlib, bu kitablarda maraqlı və yeni məqamlar çoxdur, burada müəllifin dəsti-xəttinin özünəməxsus olması xüsusi olaraq seçilir və müəllif bu kitablarında zəngin mənbələrdən istifadə etməklə tarixən cavabı verilməyən bir çox suallara aydınlq gətirib.
Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Eynulla Mədətli çıxışında müəllifin əsərlərində Azərbaycan tarixinə, ədəbiyyatına, mədəniyyətinə və s. bütöv yanaşma olduğunu, bu mənada kitabların olduqca əhəmiyyət kəsb etdiyini, bu əsərin institutda meydana çıxmasının vacib amil olduğunu qeyd edib: “Müəllif üç cilddən ibarət olan kitabda çox məharətlə tədqiqi etdiyi mövzular arasında məntiqi ardıcıllıq yarada bilib. Araşdırmaçı alimin gərgin zəhmətinin bəhrəsi olan bu 3 cildlikdə filosof Azərbayan Türk fəlsəfi və ictimai fikir tarixini sistemli şəkildə təhlil etmiş, uğurlu tədqiqat aparıb. Burada həm dövrün ictimai-siyasi, mədəni-fəlsəfi mənzərəsini hərtərəfli şəkildə araşdırmış, eyni zamanda, bütün bunların fonunda mütəfəkkirlərimizin irsini oxuculara təqdim edib”.
Millət vəkili, siyasi elmlər doktoru, Prof. Hikmət Babaoğlu bildirib ki, F.Ələkbərlinin 3 cildliyi milli birliyi, bütövlüyü ifadə etmək Türk ruhunu yenidən canlandırmaq baxımından çox önəmlidir: “Çünki dövlət başçımız, prezidentimiz İlham Əliyev də çıxışlarında yeni milli ideyanın vacibliyindən, Türk ailəsindən bəhs edir. Ona görə də, bu institutda bu kimi əsrlərin nəşri prezidentimizin irəli sürdüyü məqsədlərə, ideyalara da uyğundur”.
Tarix üzrə fəlsəfə doktoru, Dos. Səməd Bayramzadə qeyd edib ki, bütöv Azərbaycan fəlsəfəsini, tarixini, ədəbiyyatını öyrənmək baxımından F.Ələkbərlinin əsərləri çox önəmlidir. Onun sözlərinə görə, bu üçcildliyin Azərbaycanda və ondan kənarda geniş şəkildə təbliğatını aparmaq lazımdır. Fəlsəfə elmləri doktoru Füzuli Qurbanov çıxışında bildirib ki, F.Ələkbərlinin kitabları özünəməxsus bir iradə, axtarış, yanaşmadır. F.Qurbanov əlavə edib ki, müəllifin üç cildlikdə əsas qayəsi Azərbaycan xalqının fəlsəfəsinə, elminə təfəkkürünə xidmət etmək olub.
Üçcildliyin elmi redaktoru fəlsəfə elmləri doktoru, Prof. Rafail Əhmədli bildirib ki, F.Ələkbərlinin üçcildlik kitabı XIX-XX əsrlərdə yaşamış Azərbaycan mütəfəkkirləri haqqında ensiklopedik bir külliyyatdır: “Birincisi, müəllifin kitablarında qırmızı xətt odur ki, bütün mütəfəkkirlər bütöv Azərbaycan Türk identikliyi formasında verilib. Yəni tarixən bu torpaqları Türk dövlətləri idarə edib ki, buranın İran adlanması isə yalnız Pəhləvilər dövründə baş verib. Müəllif də, Azərbaycan Türk mütəfəkkirlərini yalnız Quzey Azərbaycan xalqının deyil, bütöv bir Azərbaycan xalqının, millətinin aydınları şəkilində araşdırıb. Faiq müəllim doğru yanaşır ki, Azərbaycan xalqına, onun fəlsəfəsinə, tarixinə, mədəniyyətinə bütöv bir şəkildə yanaşmaq lazımdır. İkincisi, müəllifə görə dövlətin, coğrafiyanın deyil, millətin fəlsəfəsi, tarixi, mədəniyyəti yazılmalıdır. Müəllif də, bu anlamda doğru olaraq “Azərbaycan Türk fəlsəfəsi” adı altında Azərbaycan coğrafiyasında yerləşən Azərbaycan türklərinin fəlsəfəsini qələmə alıb”.
Siyasi elmlər doktoru, Dos. Ramilə Dadaşova bildirib ki, F.Ələkbərlini 20 ilə yaxındır bütöv Azərbaycan uğrunda mübarizə aparan, Türk xalqlarının birliyinə çalışan bir alim kimi tanıyıb: “Müəllifin bu kitabları da ötən həmin illərin məhsulu olub, özünəməxsus bir xətt, yol ortaya qoyub. Bu gün Faiq müəllimin Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri olmasının da böyük əhəmiyyəti var. Çünki bundan sonra Faiq Ələkbərli doktorantlar, dissertantlar yetişdirəcək ki, bu da Faiq Ələkbərlinin məktəbi olacaq”.
Məruzəçilərdən fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov, fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. Şölət Zeynalov, tarix üzrə elmlər doktoru, Dos. Vaqif Abışov, ADNSU THİK Kitab Klubunun sədr müavini Azər Bədəlov, fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. Aygün Xəlilqızı, fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. Zeynəddin Şabanov, tarix üzrə fəlsəfə doktoru, Dos. Əzizağa Ələkbərov, BDU-nun Fəlsəfə Tarixi və Mədəniyyətşunaslıq kafedrasının müəllimi Elçin Sərdarov və digər iştirakçılar müəllifi təbrik edərək, kitab haqqında fikir və mülahizələrini bölüşüblər.
Sonda müəllif – Faiq Ələkbərli təqdimata gələn hər bir kəsə minnətdarlığını bildirib. O qeyd edib ki, bu 3 cildliyi ərsəyə gətirməkdə əsas məqsədi Azərbaycan xalqının mədəni-fəlsəfi, tarixi bütölüyünü, Türk xalqlarının həmrəyliyini ifadə etmək olub.