“Yoxdan var” Ədəbiyyat
Rafael Hüseynovun Məhəmməd Füzuli haqqında monoqrafiyası işıq üzü görüb
Tərlan
Görkəmli ədəbiyyatşünas alim, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynovun dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzuliyə həsr edilmiş "Yoxdan var" adlı yeni monoqrafiyası işıq üzü görüb. AMEA-nın məlumatına görə, Məhəmməd Füzuli haqqında Azərbaycan ədəbiyyatşünaslığında çoxsaylı məqalə və kitabların yazılmasına baxmayaraq, Rafael Hüseynovun əsəri yazı və yanaşma tərzinin yeniliyi və özünəməxsusluğu ilə seçilir. Müəllif Azərbaycan, Orta Asiya, İran, Türkiyə və bir sıra Avropa ölkələrindəki arxiv və əlyazma xəzinələrində uzun illər ərzində apardığı araşdırmalarının yekunu olaraq XVI əsr ədəbi və fəlsəfi fikrimizin bu müstəsna nümayəndəsi haqda elmdə yeni söz olan tədqiqat əsəri yaratmağa müvəffəq olmuşdur.
Şairlikdə mahirliyi qədər elmiliyi ilə də fərqlənən Füzulinin əsas məziyyəti ondan ibarətdir ki, yaradıcılığında elm və sənəti üzvi şəkildə qovuşdurma?ı bacarmışdır. Ona görə də Füzulidən bəhs edərkən Rafael Hüseynov onu sadəcə olaraq şair, yaxud yalnız alim adlandırmır, iki vacib dəyəri eyni zamanda varlığında və yaradıcılığında daşıyan mütəfəkkir söz ustasını bütövlüyü ilə təhlil edir.
Müəllif göstərir ki, ana dilindən savayı fars və ərəbcə də mükəmməl bədii və elmi əsərlər yaradan Füzuli özündən sonrakı türkdilli ədəbiyyatın inkişafına güclü təsir göstərmişdir. Yaşadığı əsrdən başlayaraq müasiri olan sənət nəzəriyyəçiləri və ədəbiyyatşünaslar onun yaradıcılığı ilə maraqlanmış və Füzulinin əsərləri rus, alman, ingilis, fransız, italyan, ispan, rumın, macar, polyak, gürcü və sair dillərə tərcümə edilmişdir.
Kitabın adı Füzulinin öz məşhur qəzəlindən götürülüb. Sözün və onun daşıdığı rəngarəng mənaların yoxluqdan yaranmasına heyrətlənən Füzuli yaradıcılığında bədii sözün elə bir plastikasına nail olmuş və son dərəcə dar məkan içərisində çox böyük fikir genişliyini ifadə etməyi bacarmışdır. Rafael Hüseynovun monoqrafiyasındakı bir neçə fəsildə Füzuli yaradıcılığının bu xüsusiyyətləri təfərrüatları ilə izlənilir. Monoqrafiyada həm Füzulinin qəzəl janrına gətirdiyi yeniliklər, nail olduğu ifadə gözəllikləri nəzərdən keçirilir, həm də şairin qəzəl yaradıcılığının özündən sonrakı lirik poeziyanın irəliləyişlərinə təsiri araşdırılır.
Kitabda Füzulinin ən məşhur əsəri olan "Leyli və Məcnun" məsnəvisi də diqqət mərkəzində saxlanılır, əsərdəki Leyli obrazına münasibətdə ilk dəfə olaraq bəlli stereotiplərdən kənara çıxılır və Füzulinin təsvir etdiyi Leyli məhz müəllifin təqdim etdiyi mürəkkəbliyi ilə təhlil olunur. Məsnəvidən iqtibas edilən parçalar və VIII - XI əsrlərə aid ərəb məxəzlərindən toplanmış məlumatlar əsasında Füzuli məsnəvisində Leylinin fərqli situasiyalarda dəyişən xarakteri və davranışları təsvir edilir.
Tədqiqatda bu qənaət təkidlə vurğulanır ki, istənilən klassikin yaradıcılığının doğru-düzgün öyrənilməsindən ötrü ilk növbədə onun əsərlərinin kamil elmi tənqidi mətninin hazırlanması gərəkdir. Bununla əlaqədar əsər boyu indiyədək Füzuli mətnlərinin nəşrlərində yol verilmiş bəzi qüsurlar üzərində dayanılaraq onlar islah edilir və həmin yanlışlıqların doğurmuş olduğu səhv qənaətlər xatırlanır.
Araşdırmada Füzuli irsində müstəqil şəkildə öyrənilməsi vacib olan problemlərin mümkün dairəsi də cızılır, şairin bütün yaradıcılığından keçərək sistemə çevrilən ayrı-ayrı obrazlara diqqət yönəldilir.
Füzuli öz ədəbi vəzifəsinin ən vacibini milli dilə xidmətdə görürdü və lirik poeziyanı ana dilində farsca ilə müqayisədə rəqabətə qadir bir duruma çatdırmağa can atırdı. Rafael Hüseynov böyük şairin bu çətin tarixi öhdəliyi necə icra edə bildiyini dəlillərlə şərh etmişdir. Füzulini daha yaxşı tanımaq və tanıtdırmaq məqsədi daşıyan bu kitabda həm də Füzuli əsərlərinə müxtəlif dövrlərin miniatürçü və rəssamlarının çəkdiyi illüstrasiyalar yer almışdır.
Görkəmli şərqşünas alim, akademik Vasim Məmmədəliyevin elmi redaktoru olduğu bu dəyərli monoqrafiya Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi Şurasının məsləhəti ilə nəşr olunmuşdur. 50 çap vərəqi həcmində olan 808 səhifəlik bu fundamental əsər "Elm və təhsil" nəşriyyatı tərəfindən çap edilib. Elmi ictimaiyyətlə yanaşı, geniş oxucu auditoriyası üçün də maraqlı olacaq əsər oxunaqlı dildə yazılmış, kitabın sonunda müxtəlif dillərdə olan məxəzlərdən, adlar göstəricilərindən istifadə edilmiş, əsərin ingilis, fars, rus dillərində xülasələri verilmişdir.