Qənaətin mübarək, Azərbaycan! Siyasət

Qənaətin mübarək, Azərbaycan!

Elçin Mirzəbəyli

...Son bir neçə ay bizə dünənimizə və gələcəyimizə yenidən baxmağı öyrətdi. Bu baxış daha öncə də vardı, şübhəsiz. Amma bir az utancaq, bir az lazım gəldiyindən daha artıq təvəzökar...
... Dedilər, eşitdik. Amma dinləmədik, gözümüzün içinə tüpürmək istəyənlərin sözünün içinə tüpürüb yolumuza davam etdik. Özümüzə güvəndik! Çünki güvəndiyimiz özümüzkü idi! Artıq bu ölkənin cəmiyyətini paramparça edib bizi bizə qarşı qoymaq istəyənlərin sözünün 1 qəpiklik dəyəri də qalmayıb. Bizi urvatdan salmaq istəyənlər, özlərini araba təkəri altında qalmış təzəyə çevirdilər...


Ləyaqətin kapitulyasiya aktı

Müstəqilliyimizin 25-ci ilinə adlamağımıza bir neçə ay qalıb. Geridə buraxdığımız zamanın yükü isə o qədər ağırdır ki, heç 250 ilə də sığmaz. Bu illər ərzində bizimlə 250 ilin dövləti kimi davranıblar. Sağdan-soldan..., dörd bir yandan ətrafımızı sarmağa, imkan düşdükcə bütün qapıları üzümüzə bağlamağa çalışıblar.
Boynubükük, başıaşağı, ələbaxan görmək istəyiblər bizi...
Yıxılmışıq baltalayıblar, ayağa qalxmışıq... yenə baltalayıblar...
Bəs düşmən necə olur?
Bundan başqa nə etməliydilər ki...?
Çətin günündə yanında olmayanın, xoş gününə sevinməyənin adını daha necə çağırmaq olur, görəsən?
1991-ci ildən bu yana başımızın üzərindən çox küləklər əsib. Aclıq, səfalət, müharibə, xaos, terror, qətliam... Bu millət qısa bir zaman ərzində başqalarının yüzillər boyu yaşamadıqlarını yaşayıb. Azərbaycan xalqı müharibə uşağı kimidi... Müharibə uşaqları isə yaşlarından tez, həm də çox tez böyüyürlər. Biz də böyümüşük artıq...
İndi "demokratiya", "söz azadlığı", "insan haqları" maskası arxasından üzərimizə qıcanan dişləri daha aydın görə bilirik...
İndi başqalarına ünvanladığımız sualları özümüzə ünvanlaya və cavablarını da özümüz tapa bilirik...
Məsələn, başa düşürük ki, Con, Jan, Şults, yaxud İvan Azərbaycan xalqının "qara qaşına, qara gözünə aşiq olmayıb" və onlar heç vaxt bizi bizdən çox istəyə bilməzlər.
"Demokratiya", "söz azadlığı", "insan haqları" Conun ölkəsində heç vaxt ideoloji dəyər olmayıb, Janın vətənində isə artıq xeyli vaxtdır ki, praqmatik maraqlar ideoloji dəyərləri məzara gömüb. Şults əl uşağıdı və 70 il öncə dünayaya yaşatdırdıqlarının əvəzini haq etdiyi qədər ödəməsin deyə, ləyaqətin kapitulyasiya aktına imza atmaq üçün daim marığdadır...
Solovyovun yazdığı kimi, İvanın "qadın xislətli" vətəni təkbaşına heç bir dəyər yaratmaq iqtidarında deyil. Ona mütləq əkinçi və təbii ki, toxum lazımdı...
...Biz isə suallarımızı adlarını ardıcıllıqla sıraya düzsək burdan ta BMT-yə qədər uzanacaq beynəlxalq təşkilatlara ünvanlamaqdan, giley siyasətindən əl çəkdiyimiz, cənab Prezidentin dediyi kimi, hücum siyasətinə üz tutduğumuz andan uğur qazanmağa başlamışıq. İndi ən yaxşı halda növbətçi təbəssümlə və sükutla qarşılanacaq "niyə"lərimizin cavabını yüksək səslə verməyi bacarırıq...
Niyə?
- Ona görə ki, beynəlxalq təşkilatlar yalnız ayrı-ayrı güclərin maraqlarını ifadə etmək, onların cinayətkar əməllərinə haqq qazandırmaq üçün yaradılmış qurumlardır. Yoxsa bu qurumları saxlamaq üçün milyardlarla dollar vəsaiti niyə külə sovursunlar ki...?
- Ona görə ki, ayrı-ayrı ölkələrə müxtəlif problemlər yaratmaqla onları nəzarət altında saxlamaq daha asandır.
- Ona görə ki, 5-10 xəyanətkarı, nanəcibi öz xalqının, dövlətinin əleyhinə yönəltməklə, cinayət xarakterli addımlar atmağa sövq etməklə onlara qarşı həyata keçiriləcək hüquqi tədbirləri "insan hüquq və azadlıqlarının pozulması" kimi körükləmək, təzyiq üçün yeni mexanizmlər, bəhanələr əldə etmək mümkündür.
- Ona görə ki, sivilizasiyalar arasında süni qarşıdurmaya yol açmaqla, etnik və milli ədavəti qızışdırmaqla total xof və qorxu yaratmaq, səninlə eyni cərgədə dayanmaq üçün hər cür aşağılanmaya hazır olanların sayını artırmaq sınaqdan keçmiş texnologiyadır.
- Ona görə ki, islamafobiya qərb dövlətlərini bir arada saxlamaq üçün səlib yürüşlərindən üzü bəri istifadə olunan və işə yarayan bir vasitədir. Əgər "xoxan" yoxdursa, deməli onu yaratmaq lazımdır. "Əl Qaidə", yaxud "İŞİD" kimi...


Bizi məzur tutun...

Yüz il öncə Sabir Azərbaycan insanının timsalında "görmə", "dinmə", "eşitmə", "gülmə" əmrlərinə müntəzir olub "qanma" deyənlərə etiraz edirdi:

Görmə! – Baş üstə, yumaram gözlərim.
Dinmə! – Mütiəm, kəsərəm sözlərim.
Bir söz eşitmə! – Qulağım bağlaram.
Gülmə! – Pəkey, şamu səhər ağlaram.
Qanma! – Bacarmam! Məni məzur tut,
Boyləcə təklifi-məhalı unut!

İndi bu bir neçə misrada yer alan əmrlərin də, etirazın da yerləri dəyişib artıq:
Görürük!
Eşidirik!
Qanırıq!
Dinirik!
Və...
Bizi qanmaz yerinə qoymaq istəyənlərə, qonaqpərvərliyimizi, səmimiyyətimizi, dözümlülüyümüzü qanmazlıq kimi qəbul edənlərin gözünün içinə... gülürük.
İndi özümüzüə güvənirik! İndi güclü, istedadlı, bacarıqlı bir xalq olduğumuza daha çox inanırıq! Bu inamı yaratmaq üçün ən amansız təzyiqlərə qarşı dayanmağa, ən böyük məhrumiyyətlərə dözməyə belə dəyərdi!
Qənaətin mübarək, Azərbaycan!
Sonunadək... Vətən!
Sonunadək...
P.S. Hər kəsin bildiyi ünvanın adını çəkməyə ehtiyac duymadım...