Zahid Oruc: “22 il əvvəl Ulu öndərə bağışlanmış hədiyyə indi prezidentin qurucu əlləri ilə ünvanına qaytarılsa” Siyasət
Vətən müharibəsində Qələbə təkcə gələcəyimizə deyil, həm də keçmişimizə, çox min illik tariximizə həssas münasibətə, onu yenidən qiymətləndirməyə fürsətlər açır. “Erməni düşməni və işğal” terminlərini tarixə qovuşduran, bununla da yeni siyasi və milli kimlik qazanan xalqımız indi İrəvana və Zəngəzura, Göyçəyə və bütün tarixi torpaqlara gedən yolları inşa edir, çoxəsrlik qan yaddaşını qaytarır və mədəni-mənəvi intibahının yeni mərhələsinə qədəm qoyur.
Prezident İlham Əliyevin “İrəvana qayıdacağıq, lakin dinc yolla” çağırışı hər hansı sülh razılaşmalarını gerçəkləşdirmək üçün taktiki təzyiq planından çox, uzağa gedən strateji dövlət kursudur.Ona görə də ölkə rəhbərinin Qarabağdan sonra dövlətimizin yeni milli hədəflərə yönəlmək, onun ideoloji-siyasi konseptini və elmi əsaslarını formalaşdırmaq çağırışına cavab olaraq, Sosial Tədqiqatlar Mərkəzi institusional bir əsəri Azərbaycan ictimaiyyətinə təqdim edir.Kitab yalnız dövlət rəsmiləri və diplomatik-siyasi heyət üçün deyil, daha çox xalqımıza onun taleyi ilə eyni aqibəti yaşayan, yüz illərlə dağıdılmaya məruz qalsa da yazılı mənbələrdə, bir-birini əvəzləyən nəsillərin yaddaşında diri və canlı qalan maddi-mədəni irs nümunələrini bir araya gətirməklə ümumxalq ensiklopediyası yaratmağa çalışır. Mühüm milli və mənəvi ideyalara söykənən tədqiqatın nəticəsi olan “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabı təkcə hazırki Ermənistanda azərbaycanlılara məxsus irsin məhv edilməsi və yer üzündən silinməsinin miqyasını, statistikasını göstərmir, həm də abidələrin daşıdığı yaddaşı, əfsanələri, inanc və hekayələri onların pasportu, ruhi və fiziki kimliyi, milli tariximizin hard diski şəklində yenidən bərpa edir.
Kitabda 244 abidənin tarixi hərtərəfli araşdırılır və düzgün elmi təsnifata uyğun onların reestri verilir.Göründüyü kimi, 44 rəqəmi millətimiz üçün fərqli ruh yaradaraq keçmişimizə münasibəti dəyişir, yüzillliklər əvvələ gedərək tarixin silinmiş səhifələrindən qurucu kimliyimizi görməyə imkan verir.
Əsərdə 49 pir / ocaq / ziyarətgah, 40 məscid, 38 qəbirüstü abidə, 15 məbəd, 13 qala, 19 alban kilsəsi, 13 karvansara, 8 türbə, 6 etnoqrafik-arxeoloji abidə, 6 günbəz, 5 qəbirüstü heykəl, 5 körpü, 3 məqbərə, 3 sərdabə, 3 arxeoloji abidə, 3 daşüstü yazı, 2 mədrəsə, 2 məhəllə, 2 imarət, 9 qayaüstü təsvir, qədim yaşayış məskənləri haqqında yerli və xarici mənbələrdən toplanan məlumatlar ilk dəfə aşkar edilərək mövcud siyahıya əlavə edilib, yüzlərlə xarici və mötəbər ədəbiyyat sənədlərinə, etibarlı, nüfuzlu mərkəzlər tərəfindən qəbul olunan müəlliflərə istinad olunub.
Hörmətli dostlar,
Azərbaycan xalqının zəngin tarixi keçmişinə, min illərlə qurub yaratdığı sərvətlərə hücumlar həmişə olub.Əgər biz bütün əsrlərdə yaradılan irsimizin kataloqunu-reestrini çıxarsaydıq, müasir dövrümüzə gəlib çatanların küll halında sərvətlərimizin çox cüzi hissəsi olduğunu görərdik. Xalqımızın qədimliyini şübhə altına alanlar da elə həmin siyasətin müəllifləridir.Dağıdıcı siyasət, maddi-mədəni irsin məhvi azərbaycanlıların yaşadıqları ərazilərin ələ keçirilməsi ilə sinxron aparılıb, eyni zaman və məkan paralelində baş verib.
“Bəs “qurucu və qədim” ermənilərin yaratdıqları mədəni əsərlər niyə belə azdır” sualına son 30 illik işğaldan qalan mənzərə aydın cavab verir.Çünki müxtəlif formasiya və quruluşlarda belə dağıdıcı on illiklər çox olub.Halbuki nəsillərarası rabitəni qoruyub saxlayan məhz maddi-mədəni sərvətlərdir.Biz onları bir araya gətirməliyik, pasportlaşdırmalıyıq,millətimizin şəxsiyyət vəsiqəsinə çevirməliyik.Çünki mədəni mirası olmayan millətlər çox kasıb görünürlər.
Hörmətli dostlar,
Ümumdünya mədəni irsinin qorunmasına məsul olan UNESCO-nun Bakı təmsilçiliyinin rəsmi səhifəsindəki məlumatın yalnız birini səsləndirək:Qarabağ və ona bitişik yeddi rayonun, Qazax rayonunun və Naxçıvanın Kərki kəndinin 738 tarixi abidəsi, 83500-dən çox eksponatla 28 muzeyi, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəni müəssisədən ibarət 1891 ədəd mədəni resursu işğal nəticəsində böyük itkiyə məruz qalıb.Həmin ərazilərdə milli əhəmiyyət kəsb edən tarixi abidələrə VI əsrin Alban Ağoğlan monastırı, Laçında XIV əsrin Məlik Əjdər türbəsi, XVIII əsrin Əsgəran qalası, Xocalıda XIV əsrin türbələri və Füzulidə XIII-XIV əsrlərin Mirəli türbəsi və XVII əsrin karvansarayı, Şuşada XVII-XIX əsrlərin Gövhərağa və Saatlı məscidləri öz dağılma estafetini İrəvandakı Qacar dövrünün qiymətli saray arxitekturası olan “Sərdar sarayı” və ya “Xan sarayı” kompleksi, Sərdar məscidi və minlərlə digər irs nümunəsindən alarkən itkilərimizin coğrafiyası və miqyası tam aydın görünür.Halbuki mədəni mülkiyyətin hansı millətə mənsub olsa da xüsusi qorunduğu hamıya bəllidir. 1949-cu il IV Cenevrə Konvensiyası, 1954-cü il Haaqa və ya “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya”, “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyası mədəni irsə qarşı aktları beynəlxalq cinayət hüququ ilə müharibə cinayəti sayır və hüquqi məsuliyyət, onların yenidən təkrar olunmayacağına dair müvafiq vəd və təminatlar, kompensasiya və zərərə görə tam təzminat tələbi yaradır.
Xüsusi vurğulayaq ki, Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü, siyasi iradəsi ilə 1998-ci ilin 10 aprelində “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun qəbulundan sonra beynəlxalq təşkilatlar, ilk növbədə UNESCO təmsilçiləri ölkəmizə dəvət olundular. Mədəni abidələrin soyqırımını aparan Ermənistanın dövlət siyasəti faktlarla təqdim edildi, müxtəlif tədbirlər keçirildi və çoxlu qiymətli əsərlər yazıldı. Lakin əfsuslar ki, bir vaxtlar taliblərin Budda məbədlərinə hücumunu 20 illik işğalla cavablandıranlar ermənilərin çoxəsrlik cinayətlərini sükutla qarşıladılar. Beynəlxalq təşkilatların reaksiyasından danışarkən, UNESCO-nun Baş direktoru Adre Azulayın Rusiya-Ukrayna savaşı nəticəsində dağıdılan 152-dən artıq dünya miqyaslı mədəni irs nümunəsinə qarşı etirazını xatırlatmaq yerinə düşər.O, humanitar hüququn tələblərinə söykənərək Rusiyanı hücumları dayandırmağa çağırır.Göründüyü kimi, dünya mədəni irsinin mühaziçisi ,hər il böyük üzvlük haqlarının ödəndiyi UNESCO istəyəndə sərt mövqe göstərə bilir, lakin onlar nəinki Qarabağda, o cümlədən İrəvandan Zəngəzuradək ərazilərdə dağıdılan minlərlə mədəni obyektin taleyini araşdırmaq üçün faktaraşdırıcı komissiya göndərmir, açıqlama vermir. O üzdən Prezidentin məsələyə münasibəti haqlı olaraq, sərtdir. Sitat: “…on minlərlə beynəlxalq nümayəndənin Şuşanı ziyarət etməsi və onların hamısının erməni kilsəsinə toxunulmamasını görmələri faktı, əksinə ermənilərin dağıtdığı məscidlərə rəğmən bu kilsənin bərpa edilməsi indi UNESCO-nun regiona gəlmək marağını aşağı salır”.Göründüyü kimi, qurum ölkəmizlə on illərlə mövcud olan yüksək humanitar əlaqələrin ruhuna zidd olaraq, mədəni və dini müxtəliflik ünvanı olan Azərbaycanı xristian irsini qorumağa çağırır və təşkilatın nizamnaməsinə zidd olaraq, siyasi mövqe tutur.
Xüsusi bir haşiyə-erməni milyonçularının maliyyə mənbələrini araşdırsanız dünyaya səpələnmiş və böyük sərvətlərin sahibi olan gülbekyanların ilkin kapitalının azərbaycanlı irsinin dağılmasından çıxdığını görəcəksiniz.Birinci nəsil ermənilər kimi, son 30 ildə də Qarabağ və ətraf ərazilərin mədəni sərvətləri, hətta məzarlqları belə varlanmanın obyektinə çevirilib. Biz hər əsrdə sərvətlərimizi itirib Vətən və dövlət quruculuğuna yeni sətirdən başlamışıq. Baxmayaraq ki, məscidin, məbədin, qayaüstü abidənin qiyməti normativlərlə ölçülmür, lakin onlar düşmən tərəf üçün yalnız ticari, yaxud saxtalaşma hesabına erməni irsinə çevrilmək əhəmiyyəti daşıyır.
Hörmətli dostlar,
Biz 26 sentyabra 2020-ci ilə qədər qədim yurdlara münasibətdə məğlubiyyət dövrünün leksikonu, şikayətçi üslubundan istifadə edirdik.Lakin Vətən müharibəsində qələbədən sonra İrəvan termini indi əzəli mənasını özünə qaytarırır, erməni siyasətinin paytaxtı obrazından çıxır. İrəvan Bakı kimi azərbaycanlıların tarixini, mədəniyyətini, ənənələrini, etnik və milli kimliyini özündə daşıyır.Beləliklə, tarixi yurdlarımız arasında mənəvi sərhədlər və divarlar götürülür, onlar öz məna bütövlüyünü bərpa edir və vahid bir xalqın keçmişini özündə əks etdirir. Azərbaycanlıların yaşadıqları dövrdə İrəvan heç vaxt Bakıya qarşı olmayıb, əksinə onu tamamlayıb, bütün xətlərlə bir-birinə bağlı olub.Biz Ermənistana ərazi iddiası edəcəyik deyərkən də ölkə baçısının tələbi, “İrəvan Azərbaycandır” deyənlərin məntiqi məhz həmin tarixi gerçəkliyə söykənir.
Elə bu yerdə bir tarixi hadisəni xatırlatmaq yerinə düşər.2000-ci ilin 9 may günündə faşizm üzərində Qələbənin 55-ci ildönümündə Amerikanın keçmiş səfiri Kerri Kavano bir çoxları üçün gözlənilməz şəraitdə Ağdam məscidinin bir parçasını Ulu öndər Heydər Əliyevə hədiyyə etdi.Doğum günü qarşısında aldığı qeyri-adi hədiyyədən hədsiz təsirlənən Heydər Əliyev on illərlə hakimiyyət zirvəsində hislərini peşəkarlqıla idarə edərkən bu dəfə insani emosiyalarını siyasətçi soyuqqanlılığından üstün tutaraq son dərəcə kövrək ifadələr işlətdi, səfirin hərəkətini millətimizin tarixinə, mədəniyyətinə və dini inanclarına verilən yüksək qiymət adlandırdı,onu əvəzsiz sərvət saydı.Üstündən 20 il keçəndən sonra bəlli oldu ki, həmin Ağdam məscidi bütün dağıdılan şəhərlərimizin sağ qalan tək simvolu, qalası, qibləğahıdır.Görünür, burada da rəmzi bir məna var-yeni Ağdamın və Vətənin quruculuğu Allah evindən başlayır, hamını xilasa çağıran müqəddəs ocaqlardan start götürür.İnanırıq ki, Vətən müharibəsində qələbəyə töhfə verən Ulu öndərə bağışlanmış həmin nişanə prezident İlham Əliyevin qurucu əlləri ilə öz doğma ünvanında, məğrur divarda yerinə qoyulacaq və ilahi ədalət bərpa olunacaqdır. Eyni zamanda, 22 il əvvəlki tarixi hədiyyənin yolunu gedərək İrəvandan-Göy məsciddən bir parçanı gətirib dövlətimizə bağışlayan şəxs bu dəfə xarici ölkə səfiri deyil, görünməz səngərdə savaşan oğullarımız olacaq!
Beləliklə, prezidentin “Böyük Qayıdış planı” bütün torpaqlarda maddi-mədəni irsimizi təzədən yaratmağı və bizi Kürəkçay, Gülüstan, Türkmənçay və Qars müqavilələrindən əvvəlki torpaqlara qaytarmağı hədəf alır.
Bu əlbəttə, silahlı və hərbi işğalları deyil, məhz silahsız müharibələri, sülh savaşlarını nəzərdə tutur.
Şübhə yoxdur ki, bu mübarizə fərqli ordunun-elmi, intellektual və ideya komandolarının, siyasi xüsusi-təyinatlılarının yaradılmasını tələb edir.
Deməli, Böyük qayıdış təkcə Qarabağa deyil, bütün tarixi torpaqlara gedən yolun başlanğıcıdır.Planın Birinci və İkinci mərhələsi babalarımızın, əcdadlarımızın mirası olan yerlərə dönüşü təmin etməklə bir milləti bütövlüyünə və əsli-kökünə qovuşduracaqdır.
Ona görə də gələcək illərimizi 44 günə bölüb yaşamalıyıq ki, bir daha işğallara məruz qalmayaq, irsimizi və gələcəyimizi itirməyək!
Axı torpağa dönüş həmişə müqəddəs işdir!Ən böyük abidə Vətən torpağıdır!
Diqqətinizə görə hər birinizə təşəkkür edirik!