“Xoruzu milli simvol kimi qəbul edənlər bilməlidirlər ki...” Siyasət

“Xoruzu milli simvol kimi qəbul edənlər bilməlidirlər ki...”

Musa Quliyev: “Sabahın açılmasının xoruzun banlaması ilə heç bir əlaqəsi yoxdur”

“Fransa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son dərəcə riyakar və qərəzli qətnamə hamımızda hiddət, nifrət doğurur”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. M.Quliyev diqqətə çatdırıb ki, bu qətnamələr siyasi sənəd deyil, müstəqil dövlət olan Azərbaycana böhtan atmaq, hədə- qorxu gəlməkdir: “Qətnaməni oxuduqca dəhşətə gəlirsən: Bəlkə, fransız parlamentariləri yatıb yuxularında irqçi, işğalçı, qaniçən müstəmləkəçi babalarını görüblər və hesab ediblər ki, Azərbaycan xalqı da onların müstəmləkəsi olmuş xalqlardan biridir? Hesab edirlər ki, Azərbaycana qarşı istədikləri kimi davrana bilərlər və əks reaksiya görməzlər?
Hər kəsə aydındır ki, Fransanın canfəşanlığının səbəbi gorbagor olmuş Minsk qrupunun fəaliyyətini yenidən bərpa edərək, Ermənistanın vasitəsi ilə bölgədə qalmaq istəyidir.
Makron hökumətinin əxlaqsız davranışının digər səbəbi isə gələn il Fransada keçiriləcək seçkilərlə bağlıdır.
Makron və makronoidlər bu qətnamə ilə erməni lobbisindən seçki kampaniyasına maliyyə dəstəyi adı altında aldıqları çirkli pulları və seçkilər zamanı erməni elektoratının səslərini "ağartmağa" çalışırlar.
Fransaya adekvat və bir az da artıq cavab verməliyik. Bu cavablar Azərbaycanın dövləti, höküməti, parlamenti, ictimaiyyəti tərəfindən verilir və hədəfə çatmaqdadır.
Biz qalib xalq, güclü dövlətik, nə iqtisadi, nə hərbi, nə də siyasi cəhətdən Fransadan asılılığımız və qorxumuz yoxdur.
Belə kağız- kuğuz parçaları könül bulandıra bilər, amma yolçunu yolundan saxlaya bilməz.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə, dost ölkələrin dəstəyinə arxalanaraq kommunikasiyaları açacağıq,
bölgədə sülhü təmin edəcəyik, Zəngəzurun və Qarabağın tərəqqisinə nail olacağıq, daha da zəngin ölkəyə çevriləcəyik.
Qarşıda daha işıqlı, daha aydın sabahlarımız bizi gözləyir.
Xoruzu milli simvol kimi qəbul edənlər isə bilməlidirlər ki, sabahın açılmasının xoruzun banlaması ilə heç bir əlaqəsi yoxdur”.

Əli