“Ermənilər Qarabağ naminə ölümə getmək istəmirlər” Siyasət

“Ermənilər Qarabağ naminə ölümə getmək istəmirlər”

Zahid Oruc: "Ermənistana gedən tabutlar erməni analarını ayağa qaldırır"

Atəşkəsin son zamanlar daha intensiv pozulması məhz mövcud regional şəraitlə birbaşa bağlıdır.
Yəni, Qarabağda açılan atəş əmrləri Ermənistanın Prezident Administrasiyası tərəfindən verilir, Sarkisyan hələ də özünü səngərdə hiss edir, böyük bir siyasət adamı olmadığından hərbi qüvvə olaraq qalır və təbii ki, bu da Ermənistanın hazırki faciələrinin səbəblərindən biridir.
Bu fikirləri millət vəkili Zahid Oruc bildirib.
Onun sözlərinə görə, regional şərait isə müəyyən mənada dəyişikdir, yəni, Rusiyayla Türkiyə siyasi müttəfiqliyin az qala ən yüksək zirvəsinə çatdıqları halda, münasibətlər birdən-birə geriyə çevrilib, bu fonda qarşılıqlı sanksiyaların tətbiq edilməsi qərarları yaşanır.
O, deyib ki, bu baxımdan, Azərbaycan da bu şəraiti dəyərləndirir, lakin Ermənistan özü üçün əlavə cəbhənin açıldığını hiss edir və keçmişdən, ən azı son 10 ilin vəziyyətindən fərqli olaraq, Türkiyə əleyhinə açılan cəbhədən Azərbaycanı vurmaqla da istifadə etməyə çalışır:"Ona görə də bir-birinin ardınca müxtəlif həmlələrin şahidi oluruq, amma təbii ki, Azərbaycan tərəfi də onlara layiqli cavab verir".

Z.Orucun dediyinə görə, bununla bərabər, o, atəşkəsin belə şəraitdə pozulmasının tərəfdarlarından biridir:"Bunu da açıq söyləmək istəyirəm ki, ermənilərin bizimlə bu mənada rəqabət apara biləcək gücü yoxdur. Yəni, atılan hər bir güllənin yerini ermənilər doldurmalıdır. O cümlədən, insan resursları da burada daim bir-birini əvəz etməlidir. Haradansa gətirilmiş erməni də gəlib səngərdə avtomatik onların döyüşçüsünə çevrilməyəcək.
Üstəlik Ermənistana gedən tabutlar da erməni analarını ayağa qaldırır və 90-lardan fərqli olaraq, indi bu adamlar Qarabağ naminə ölümə getmək istəmirlər.
Belə olan şəraitdə, daha qaynar müharibə fazası bizim tərəfimizdən də arzuolunmazdır. Etiraf etmək lazımdır ki, bizim siyasi masa və ya danışıqlar əsnasında tərəfdarlarımızı, xüsusilə də, Minsk qrupundan tərəfdarlarımızı artırmağımız mümkün olmadı, əksinə, bəlkə də bu, qeyri-real vəzifədir.
O mənada ki, nə Fransa, nə ABŞ Azərbaycana "vur" deyəcəklər. Rusiya isə 90-cı illərdən fərqli olaraq, indi regionda müharibəni istəmir. Ona görə də biz daimi atəşkəs pozuntuları ilə ermənilərə ciddi itkilər verdirməliyik. Onların təsərrüfat həyatı quruculuğuna, insanların gəlib orada dinc yaşamasına, hansısa subsidiyalarla orada ocaq qurmasına şərait yaratmamalıyıq".
Millət vəkili bildirib ki, Azərbaycan xalqı ermənilərdən 3 dəfə artıq sürətlə artır:"Bizim iqtisadi imkanlarımız, neft dollarlarımız nə qədər azalsa da, ermənilərlə müqaiysə olunmayacaq səviyyədə artıqdır. İndi əsas başlıca məsələ neft iqtisadiyyatından müharibə iqtisadiyyatına yox, normal-real iqtisadiyyata keçidi bu dövrdə təmin etməkdir. Bu, ayrı söhbətin mövzusudur, amma 2016-cı ildə müharibə bir neçə səbəbə görə gözlənilmir.
Düzdür, ermənilərin mediasına baxanda görürsən ki, onlar isterikanı qaldırıblar, yəni, Türkiyə Qarabağdan Rusiya əleyhinə ikinci cəbhə açacaq, həmçinin, Qərb də bunda maraqlıdır ki, Ukrayna və Suriyadan sonra Rusiyanın başını qatmaq üçün burada problemləri dərinləndirsin və burada da mühüm "silah" Azərbaycan olardı, hətta, Türkiyənin guya Qərbin əlində alət olaraq Rusiyaya qarşı buradan İkinci Dünya Müharibəsində kimi məlum "ikinci cəbhə" açılışını görə bilərik, kimi versiyalar ortdadır.
Versiyalardan, müxtəlif təhlil nəzəriyyələrdən asılı olmayaraq, ancaq qərar Azərbaycan tərəfindən verilir. Ona görə biz 2016-cı ildə ona görə müharibəyə getməməliyik ki, faktiki olaraq geopoltik savaş dərinləşib və o savaşın nəticəsini gözləməliyik".
Z.Orucun bildirdiyinə görə, bu gün açıq deməliyik ki, Yaxın Şərqdə döyüşən Avropa-Rusiya-Ərəb dünyası, Ərəb dünyası-İran və İran və ABŞ-dır:"Bu, dəqiqdir. Bayraq İŞİD-indir, onun arxasında vuruşan başqalarıdır. Biz o savaşın da nəticəsini ğözləməliyik.
Ona görə də 2016-cı ildə Azərbaycan ermənilərə nə qədər gündəlik zərbələr vurub onun itkilərini artırsa, bu onlarda ciddi bir yəqinlik yaradacaq ki, Qarabağ erməni xalqının demoqrafik artımını da dayandıran bir silaha çevrilib, ora gələn, orada yaşayan, hətta, sovet dövrü illərindəki kimi orada məskunlaşıb həyatını quran insanların da intizuazmını, planlarını, təsərrüfat fəaliyyətini əngəlləyib.
Həmçinin, Ermənistanın və ya dünya erməniçiliyinin də Qarabağa yardımları azalıb. Ona görə də mənə elə gəlir ki, biz hərbi xəttimizi o qüvvədə saxlamalıyıq ki, bir zərbəyə onqat artıq cavab verək. Əslində, müharibənin də bir növü elə budur. Onu bir həftəlik "ildırımsürətli savaşa" çevirmirsən, ilin bütün günlərinə paylayırsan"-deyə, Z. Oruc daha sonra sözlərinə əlavə edib.