Hacı Şahin Həsənli: "Həm aidiyyətli qurumlar, həm də dini icmalar daha ayıq-sayıq olmalıdır"
Arzu Nağıyev: "Şeyxin fətvasını tək şiəliyin təbliği kimi qələmə verdilər"
Azər Rəşidoğlu: "Kimlərsə Azərbaycanda məzhəblər arası düşmənçilik yaratmaq istəyir"
Azərbaycanlıların döyüşmək üçün Suriyaya getməsi hallarının artması və tez-tez onların ölüm xəbərinin gəlməsi ölkədə bir sıra qurumları hərəkətə gətirib. Vəziyyətin getdikcə ciddiləşməsi Qafqaz Müsəlmanlar İdarəsinin Qazilər Şurasını fətva vermək məcburiyyətində buraxdı: "İslam dinində şəhidlik - iman, haqq-ədalət, Vətən uğrunda mübarizənin yüksək zirvəsidir. Peyğəmbərimiz Məhəmməd (S) buyurur ki, qərəzli, təmənnalı niyyətlə döyüşərək öldürülən şəxs şəhid deyil". QMİ Qazılar Şurası bəyan edir ki, bu şəxslərin əməllərinin cihad və şəhidlik məqamına aid edilməsinin heç bir şəri əsası yoxdur. Belələrinin əsl məqsədlərinin fitnə-fəsadlarda iştirakdan dolayı hansısa şəxsi təmənnalar olduğunu dərk edir və bəzi vətəndaşlarımızın bu və ya digər məramlı ixtilaflarda muzdla iştirakını, başqa dövlətlərin daxili işinə qarışmalarını qətiyyətlə pisləyirik.
Amma bu fətvadan sonra QMİ və onun rəhbəri Hacı Allahşükür Paşazadənin ünvanına təxribat xarakterli məlumatlar yayılmağa başladı.
Mətbuata ötürülən yeni məlumatlarda Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşükür Paşazadənin aşkar surətdə "Həcc biznesi" ilə hədələndiyi də hiss olunur.
"ŞEYX-LEAKS" adlandıran qrupun göndərdiyi məlumatda bunlar qeyd olunur: "Səudiyyə Ərəbistanın Bakıdakı Səfirliyində toplantı olub. Toplantıda bu ildən etibarən həcc vizasının sadəcə QMİ deyil, basqa turist firmalarına verilməsi məsələsi müzakirə olunub. Səfirikdə deyilib ki, şeyx, qardaşı və qudası Səudiyyə Ərəbistanını bilərəkədən, İran-Amerika yaxınlaşmasından sonra hədəfə alır. Orta Şərqdə İrana meyilli qüvvələr ümumiyyətlə İran-ABŞ yaxınlaşmasından sonra Səudiyyə Ərəbiatanını hədəfə alır və terrorçu dövlət kimi qələmə verirlər. Bu işdə Amerikanın da rolu var.
Müzakirə zamanı qeyd edilib ki, bundan sonra Şeyxin və qardaşının Səudiyyə barədə dedikləri diqqətə alınsın. Əgər şeyx yenə də çirkin açıqlamalarına davam edərsə, viza təkcə QMİ deyil, başqa turist firmalarına da verilsin.
Səfirlikdə işçilərdən biri "şeyxin Həccdən qazandığı milyonlarla məbləğin həcmini açıqlamağı" təklif edib: "İndiyə kimi məbləğin həcmini bizdən başqa heç kim bilmir". Konsul söhbətə müdaxilə edib və tələsməmələrini bildirib".
Qeyd edək ki, hədələmələr bununla bitmir. Özünü "Fətullah Gülən sevdalıları" adlandıran qrupun elektron poçt ünvanından mətbuata Allahşükür Paşazadəni hədələyən məktublar göndərilib. Məktubda Türkiyədə Baş nazir Rəcəb Tayyib Ərdoğanla Fətullah Gülən arasındakı qarşıdurmaya diqqət çəkilərək, Baş nazirin ünvanına "münafiq" ifadəsi işlədilib. Həmçinin Türkiyədə baş verən hadisələrin sonda kimin qələbəsi ilə nəticələnəcəyinə dair qeydlər yer alıb. Qafqaz Şeyxinə baş verənlərdən nəticə çıxarmaq və nurçuların adını vəhhabilərlə bir sırada çəkməmək tövsiyə olub".
İlahiyyatçı, "Məşədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənli bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin məsələyə reaksiya verməsi labüd idi: "Həmin fətvada şəhidliyin əsl anlayışı haqda məlumat verilir. Qeyd olunur ki, şəhidlik yalnız ali dəyərlər uğrunda öldürülən insanlara şamil oluna bilər. Amma Suriyada gedən müharibə sırf hansısa dövlətlərin siyasi maraqlarına xidmət edir. Buna müqəddəs döyüş, cihad adı qoymaq yolverilməzdir. Bu məzmunda fətvaların verilməsi, din xadimlərinə tövsiyələrin verilməsi zəruridir. Çünki din xadimləri bilavasitə insanlarla təmasda olurlar. Ümumiyyətlə, bu məsələdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Əgər dini maarifləndirmə yüksək səviyyədə olmazsa, belə radikal cərəyanlara üz tutanların sayı çoxalacaq". Onun sözlərinə görə, bu cərəyanlara meyilli olanlar hansısa ilahiyyatçının fikri ilə razılaşmırlar, heç kimi dinləmirlər: "Nə qədər nüfuzlu din xadimi olsa belə, onu dindən çıxmış şəxs, kafir hesab edirlər. Ona görə belə adamlarla həmin qruplara qoşulmazdan əvvəl iş aparmaq lazımdır. Digər məqam da var: Təəssüf ki, Azərbaycanda bəzi din xadimləri mətbuat üçün bir cür, arxada isə başqa cür danışırlar. Şübhəsiz ki, Azərbaycanda Suriyaya yönləndirilən insanlar var. Buna görə də həm aidiyyətli qurumlar, həm də dini icmalar daha ayıq-sayıq olmalıdır".
Siyasi ekspert Arzu Nağıyev bildirdi ki, Şeyx çox ehtiyatlı bir bəyanat verib, ancaq bununla belə məmur övladları haqqında deyəndə çoxlarının marağına toxundu: "Əlbəttə, bu gözlənilən idi. Ancaq mən belə düşünürəm ki, hər şey maraq və səbəbdən əmələ gəlir. Eyni zamanda şeyxin fətvasını tək şiəliyin təbliği kimi qələmə verdilər. Azərbaycanda isə malikilər, şafeyilər, hənəfilər, həmbəlilər də var. Nə qədər ki, dini icmaların şəffaflığı yoxdur, daha doğrusu maliyyə gəlirləri və digər işlərdə şəffaflıq yoxdur, sosial şəbəkələri, sayt, facebook səhifələri, maliyyə hesabatı yoxdur bu söhbətlər olacaq. Çox maraqlıdır ki, o biri tərəf də Nardaranı və Hizbullahın tərkibində vuruşanları misal gətirir...".
Siyasi şərhçi Azər Rəşidoğlu isə diqqətə çatdırdı ki, kimlərsə Azərbaycanda məzhəblər arası düşmənçilik yaratmaq istəyir: "Baş verənlər provakasiyadan uzağa gedə bilmir. Ölkəmizdə dini müstəvidə tolerantlıq hökm sürür və kimlərinsə islamçılardan əcaib düşmən düzəltməsi ssenarisi uğursuzluğa düçar olacaq"
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov isə bildirib ki, təkcə Suriyada baş verən münaqişəyə deyil, ümumiyyətlə, dini təbliğat nəticəsində xarici ölkələrdəki münaqişələrə cəlb edilən Azərbaycan gənclərinin həyatının itirilməsi ilə nəticələnən, kütləvi intiharlara gətirib çıxara biləcək, insanların sağlamlığı, psixoloji vəziyyətinə mənfi təsir edən istər dini, istərsə də digər sahədəki hər hansı fəaliyyət dövlətin diqqətində olmalıdır: "Çünki yanlış yolların bəzən hətta insanın özünə xəsarət yetirə biləcəyinə kimi aparması dövlətin qanunlarına görə cinayətdir və bunun qarşısı alınmalı, vətəndaşın hüquqları müdafiə olunmalıdır". Elşad İskəndərov deyib ki, digər tərəfdən, bu, bizim milli təhlükəsizliyimizlə bağlı məsələdir: "Çünki məsələn, vaxtilə müxtəlif ölkələrdən cihad adı ilə Əfqanıstanda vuruşmağa gedən insanlar vətəninə qayıdandan sonra qoşulduğu şəbəkələr, əlaqələr vasitəsilə öz ölkələrində sabitliyin pozulmasının çox təhlükə mənbəyinə çevrilmişdilər. Nəhayət, bu, insanların, xüsusilə gənclərin vətənpərvərlik hisslərinə xələl gətirməsi baxımından da ciddi problemdir".
Onun sözlərinə görə, xaricdə vuruşan, dini təbliğat nəticəsində xaricdəki münaqişələrə cəlb edilən insanların hərəkətlərinin qanunauyğun olub-olmadığını araşdırmaq hüquq-mühafizə orqanlarının səlahiyyətindədir və bu, qanunvericilik çərçivəsində həll olunmalıdır: "Buna hansı proseslərin, təbliğatın, dünyagörüşün, ideologiyanın, "beyin yuyulma" əməliyyatlarının, dini təsirin gətirib çıxardığını öyrənməyə gəlincə, bununla həm cəmiyyət, həm də din-dövlət münasibətlərində tənzimləyici rol oynayan Dövlət Komitəsi maraqlanmalıdır. Fikrimcə, burada səbəblər nəticədən daha önəmlidir və biz bu səbəblərlə mübarizə aparmalıyıq. Hazırda Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması kimi milli strateji məqsədi var. Bu məsələ xüsusilə gənclərimizin həyat fəlsəfəsi olmalıdır. Əgər bu gün aparılan hansısa təbliğati və siyasi yollarla istər gənclərimiz öz enerji və bacarıqlarını Qarabağ məsələsinə sərf etməkdən, lazım gələrsə, Vətən uğrunda vuruşmaqdan, öz həyatlarını onun uğrunda fəda etməyə hazır olmaqdan, o cümlədən milli və dini tələblərdən irəli gələn digər məsələlərdən yayındırılırsa və yanlış istiqamətə yönəldilirsə, eləcə də Azərbaycanın milli maraqları çərçivəsində olmayan xaricdəki münaqişələrə cəlb edilirsə, bu, ciddi problemdir və bu problemə həm ictimaiyyət, həm də dövlət orqanları ciddi yanaşmalıdır".
Elşad İskəndərov hesab edir ki, şübhəsiz, burada həm ideoloji, həm də digər amillər var: "Lakin bütün məsələlərin yalnız maddi amillərə bağlanmasının tərəfdarı deyiləm. Əgər insan öz həyatını nəyinsə uğrunda fəda edirsə və həmin şey onun Vətəni, Vətininin dərdi, milli maraqları ilə əlaqədar deyilsə, deməli burada bir yanlışlıq var. Söhbət təkfirçi və radikal dini ideologiyadan gedir. Əfsuslar ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan dövlətinin zəifliyindən, 1 milyon qaçqının olması kimi sosial problemlərdən istifadə edərək müxtəlif xarici cərəyanlar gəlib burada öz köklərini sala biliblər. Onlar öz ideologiyalarının, təbliğatlarının toxumlarını Azərbaycanda artıq çoxdan səpiblər. Söhbət bütün müsəlman aləmi tərəfindən rədd edilən, məzhəbindən asılı olmayaraq buna mənfi yanaşılan təkfirçi dünyagörüşdən gedir. Bəs təkfirçi dünyagörüşün əsasında nə dayanır? Onun əsasında subyektiv mülahizələrə söykənən bir qrup insanın digər müsəlmanları, dindarları və ya dindar olmayanları "dindən çıxmış", "dindən kənar" elan etməsi, onlarla istənilən mübarizə üsulunu, o cümlədən onların vəhşicəsinə öldürülməsinin və digər zorakılıq metodlarının təbliğ edilməsi və ona haqq qazandırması durur. Məhz belə ideologiyaya əsaslanaraq gənclərimizə dini baxışları fərqlidirsə, insanlara əl qaldırılması, hətta öldürülməsi, buna haqq qazandırılması və hətta əməl edilməsinin ən böyük savab olması təlqin edilir. Ona görə də ilahiyyatçılarımız, din xadimlərimiz bu dünyagörüşün yayılması ilə dini müstəvidə mübarizə aparmalıdırlar. Belə baxışların yayılmasına qarşı inzibati müstəvidə isə dövlət öz tədbirlərini görür və görəcək. Lakin digər tərəfdən, bu radikal dünyagörüşün daşıyıcıları, təkfirçi, radikal sələfi qruplarının nümayəndələri çox ciddi şəkildə təbliğat aparırlar və artıq bu istiqamətdə ixtisaslaşıblar. Həmin təbliğatın ifşa olunması, düzgün dini biliklərin ortaya çıxarılması isə xüsusi təlim tələb edir. Bununla əlaqədar, DQİDK tərəfindən respublikada 8 regional konfrans, o cümlədən kurslar, seminar-treninqlər keçirilib. Artıq 150 nəfərə yaxın din xadimi bu kurslarda iştirak edib...".
Əli