Seçici siyahısı ilə bağlı böyük müəmma -1 milyon adam “yoxa çıxıb”? Siyasət

Seçici siyahısı ilə bağlı böyük müəmma -1 milyon adam “yoxa çıxıb”?

Bu qədər fərq həm MSK-nın, həm Dövlət Statistika Komitəsinin apardığı qeyri-peşəkar siyahıyaalmanın nəticəsi ola bilər
Mərkəzi Seçki Komissiyası təqribən beş ay ərzində ardıcıl və sistemli şəkildə həyata keçirilən prosesdən sonra 2023-cü il üzrə daimi seçici siyahılarının hazırlanmasına yekun vurub. Siyahıların tərtib edilib dəqiqləşdirilməsinə aşağı seçki komissiyalarının otuz səkkiz mindən artıq üzvü cəlb olunub və bütün proses boyunca Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin müvafiq orqanları, yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq edilib.

2023-cü il mayın 26-da MSK üzvləri media təmsilçilərinin də iştirakı ilə komissiyanın inzibati binasında vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantına baxış keçirib və siyahıların saxlanma şəraiti ilə tanışlıq olub. Seçici siyahılarının çapı və saxlanması şəraiti ilə tanışlıqdan sonra Məzahir Pənahovun sədrliyi ilə MSK-nın iclası keçirilib. İclasda 2023-cü ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiqi və ictimailəşdirilməsi məsələsinə baxılıb.

Komissiyanın iclasında 2023-cü ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək, siyahıların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunması üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına göndərilməsinə, Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiqləndikdən sonra komissiyanın internet saytında yerləşdirilməklə ictimailəşdirilməsinə qərar verilib.

Məlumat üçün qeyd edək ki, dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 6334178 seçici daxil edilib ki, onların da 47,44 faizi kişi, 52,56 faizi isə qadınlardır.

Demokrat.az xəbər verir ki, MSK-nın açıqladığı seçici sayı ilə Dövlət Statistika Komitəsinin (DSK) əhalinin sayı ilə bağlı açıqladığı məlumat arasında böyük fərq var. Bildiyimiz kimi, Azərbaycanda 18 yaşından yuxarı vətəndaşlar seçici sayılır. DSK-nın açıqladığı əhalinin yaş qrupları üzrə məlumatlarda 0-18 yaş aralığındakı insanların yox, 0-19 yaş aralığındakı insanların sayı göstərilir. Lakin buna baxmayaraq, 19 yaşdan yuxarı əhalinin sayı da seçicilərin sayından çoxdur. Qeyd edək ki, DSK 2023-cü il üçün əhalinin yaş qrupları ilə bağlı məlumatları açıqlamayıb, amma ehtimal etmək olar ki, aradakı fərqdə ciddi dəyişiklik olmayacaq. Açıqlanan məlumatlardan belə görünür ki, təxminən 1 milyon Azərbaycan vətəndaşı seçici kimi qeydiyyata alınmayıb. Hətta əvvəlki illərdə seçici kimi qeydə alınmayan vətəndaşların sayı təxminən 2 milyon olub. MSK-nın siyahısı ilə Statistika Komitəsinin siyahısındakı bu fərq nədəndir? MSK doğrudanmı təxminən 1 milyona yaxın seçicini siyahıya almayıb?

Cənubi Qafqazda sülhün təminatı bu prosesdən keçir - Niyaməddin Orduxanlı - VİDEO

Niyaməddin Orduxanlı

Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü Niyaməddin Orduxanlı “Yeni Müsavat”a bildirdi ki, Mərkəzi Seçki Komissiyası ilk dəfə deyil ölkə üzrə vahid seçicilərin siyahısını tərtib edir. Qanunvericiliyə görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq hər il yanvar ayından başlayaraq, məntəqə seçki komissiyalarında, sonra dairə seçki komissiyalarında və sonda Mərkəzi Seçki Komissiyasında seçicilərin dəqiqləşdirilməsi prosesini həyata keçirir, bununla da ölkədə seçicilərin siyahısının tam dəqiqləşdirilməsi yekunlaşdırılır: “Yanvar ayından etibarən də 2023-cü il üçün eyni prosedur həyata keçirilib. MSK-nın 1 milyona yaxın seçicini siyahıya almaması barədə yayılan xəbər isə kökündən yalandır, böhtan xarakterli məlumatdır. Bu, qeyri-mümkün haldır. Hər il siyahıya alınmanın yekununda MSK ölkə üzrə 18 yaşından yuxarı seçicilərin dəqiq sayının nə qədər olması ilə bağlı məlumat verir və bu, dəqiq məlumatdır. Dövlət Statistika Komitəsinin yaydığı məlumatla tanış deyiləm. Ümumi əhalinin sayının seçicilərin sayından çox olması isə təbiidir. Çünki 18 yaşından yuxarı şəxslər seçici sayılır. 18 yaşından aşağı şəxslər əhali sayına daxildir, lakin seçki hüquqları olmadığı üçün seçici siyahısına alınmırlar. Siyahıda fərq bu səbəbdən ola bilər. Ola bilsin, bu fərqi kimlərsə yanlış başa düşüblər. Azərbaycanda qanunvericiliyə görə 18 yaşı tamam olmuş vətəndaşlar səsvermədə, seçkidə iştirak edə bilirlər”.

Ekspertlər isə hesab edir ki, bu, köhnə problemdir və hər il olduğu kimi qalır. Mərkəzi Seçki Komissiyasına hər il seçici siyahılarının dəqiqləşdirilməsinə təxminən 6 milyon manat pul ayrılır. Dövlət Statistika Komitəsinə də əhali sayının dəqiqləşdirilməsi üçün də milyonlarla manat vəsait verilir. Amma təəssüf ki, hər iki qurumun açıqladığı rəqəmlərdə hər il uyğunsuzluq ortaya çıxır. Səbəblərdən biri kimi hər iki qurumun metodologiyasının bir az fərqli olması göstərilir. MSK məntəqə seçki komissiyaları və bəzən də dairə seçki komissiyaları səviyyəsində bəzən seçicilərin sayını az göstərməyə çalışır. Bu, daha çox seçkilərdə seçici fəallığını yüksək göstərməyə kömək edir. Lakin istənilən halda, bu hallar da 1 milyon fərqini yarada bilməz. Çünki 1 milyon adamın adı seçki siyahısında olmasaydı, seçki günü yüzlərlə, minlərlə insanın seçki məntəqələrində adlarının tapılmamasına gətirib çıxarardı.

Bu qədər fərq həm MSK-nın, həm Dövlət Statistika Komitəsinin apardığı qeyri-peşəkar siyahıyaalmanın nəticəsi də ola bilər. Dövlət Statistika Komitəsinin metodologiyası köhnəlib. Dövlət Statistika Komitəsi Azərbaycandan miqrasiya etmiş şəxsləri də siyahıda ölkədə yaşayan əhali kimi göstərir. Daxili miqrasiya ilə bağlı da problem var. Adam yaşadığı yerdən harasa köçəndə bəzən onun adı hər iki ünvanda siyahıya alınır. Prezidentin 12 sentyabr 2018-ci il fərmanı ilə təsdiqlənən “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydaları”na görə, dövlət informasiya ehtiyatının və sisteminin səmərəli təşkili və istifadəsi, informasiyanın ilkin mənbədən əldə edilməsi və təkrarçılığın aradan qaldırılması üçün dövlət informasiya ehtiyatının və sisteminin inteqrasiyası aparılmalıdır. Mərkəzi Seçki Komissiyası və Dövlət Statistika Komitəsi fərdlərin fərdi məlumatlarını ilkin mənbədən əldə edib ona uyğun istifadə etməli idi.