“İrana dəva üçün gedən bəla tapır” Siyasət

“İrana dəva üçün gedən bəla tapır”

Turan Rzayev: “İran səhiyyə turizmindən həm də agentura şəbəkəsini genişləndirmək məqsədi ilə istifadə edir”

“Uzun illərdir ki, ölkəmizdə doğru bilinən, əslində isə yalnış olan bir anlayış var: “İranda keyfiyyətli və ucuz səhiyyə” mövcuddur”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib. Turan Rzayev bildirib ki, bu, xalq arasında dildən-dilə, qulaqdan-qulağa yayılan və ən nəhayətində qəbul edilən vahid fikir halını alıb: “Lakin bir çox insan İran səhiyyəsinin “keyfiyyətini və ucuzluğunu” yalnız bu ölkəyə sağlamlığı ilə bağlı üz tutarkən görür. Özü də olduqca acı və dəhşətli şəkildə. Ümumiyyətlə İran 1979-cu il inqilabından sonra həm Qərbin, həm də ABŞ-ın sərt sanksiyalarına məruz qalır. Bundan əlavə uranı zənginləşdirməsi və nüvə silahını əldə etmək üçün göstərdiyi səylər bu ölkəyə olan inamı dünya miqyasında sarsıdıb. Sanksiyaların 40 ildən artıqdır davam etməsi bütün sahələrdə olduğu kimi, İranın sahiyyə sahəsində də dünya standartlarından geridə qalmasına səbəb olub. Məntiqlə yanaşdıqda bu qədər uzun müddət sanksiyalara məruz qalan bir ölkənin səhiyyəsində yeni nəsil avadanlıqlar olmamalıdır. Reallıq bundan ibarətdir ki, bu gün İranda xəstəxanalarda ən yeni texnoloji avadanlıq 90-cı illərdən qalmadır. Molla rejimi mövcud vəziyyətdən çıxış yolu kimi Qərb və ABŞ-la münasibətləri normallaşdırmaq yerinə, səhiyyə turizmindən gələn gəlirlərini itirməmək üçün işbazlığa əl ataraq “İranda yüksək tibbi xidmət” adı altında vətəndaşlarımızı aldatmaqla İrana səfərə cəlb edir. Bu da azmış kimi bir çox vətəndaşlarımızı İrana cəlb edib onların müxtəlif yollarla həm pullarını mənimsəyirlər, həm də davamlı İrana gedib gəlmələri üçün mövcud xəstəliklərini ağırlaşdırırlar. Yəni sadə vətəndaş bu ölkəyə dəva tapmaq məqsədi ilə gedirsə bəla taparaq geri dönür. İran səhiyyə turizmindən həm də agentura şəbəkəsini genişləndirmək məqsədi ilə istifadə edir. Təsadüfi deyil ki, davamlı İrana səhhəti ilə bağlı gedib-gələn insanlar ilə bir müddət sonra təmasa keçərək onları xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb etmək istəyirlər. Buna nail olmadıqda isə təhdid və şantaja əl atırlar. Hətta İrana sağalmaq ümidi ilə gedən, lakin həyatını orda itirən bir çox vətəndaşımız yaxınlarının cənazəsini ölkəyə gətirməkdə ciddi problemlər yaşayır. Bu problemin həlli müqavilində molla rejimi yenə Azərbaycan vətəndaşlarını xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb etməyə çalışırlar. Nəticə etibarilə Azərbaycan vətəndaşları hansı səbəbdən olur-olsun bu ölkəyə səfər etməkdən çəkinməli, bunun üçün müvafiq tədbirlər görülməlidir”.

Əli