Cümşüd Nuriyev: "Amma işğalçı siyasət yürüdən Ermənistana qarşı hər hansı blokada siyasəti yürüdülmür?"
"Almaniyanın Potsdam şəhərində ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirələrindən müsbət nəticə əldə ediləcəyinə inanmıram". Bunu politoloq Cümşüd Nuriyev deyib. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nüfuz savaşı getdiyini deуən politoloq qeyd edib ki, bu savaşda ATƏT, eləcə də Avropa İttifaqı da iştirak edir: "Bilirisiniz ki, bir müddət əvvəl Amerika élan etdi ki, münaqişənin həllində Rusiya aparıcı dövlət kimi çıxış etməlidir. Bu məsələ Avropa İttifaqı tərəfindən böyük qısqanclıqla qarşılanıb. Məhz bu səbəbdən də onlar tez bir zamanda yığışıb müzakirələr aparmaq qərarına gəliblər. Bütün bu məsələlər də məhz Fransanın təkidi ilə gündəmə gəlir. Çünki Avropanın siyasətini daha çox Avropa İttifaqı, Fransa müəyyən edir, diplomatiya onların əlindədir. Bu baxımdan da həm ATƏT, həm də Aİ münaqişənin həlli ilə bağlı gedən nüfuz savaşından istifadə etməyə çalışırlar". C.Nuriyev bildirib ki, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi rolu görünmür: "ATƏT indiyədək problemin həllinə o qədər qeyri-ciddi yanaşıb, yalan danışıb ki, hətta düzgün iş gördükləri zaman belə onlara inanmaq olmur. Amma bir fakt var ki, Azərbaycan Prezidentinin münaqişənin həlli ilə bağlı öz iradəsini həddən artıq ortaya qoyaraq problemi günədəmə gətirərək onun həllini tələb etməsi, eləcə də aprel döyüşləri onların fəaliyyətində bir qədər canlanmaya səbəb olub. Bu döyüşlərdən sonra onlar da bildilər ki, Azərbaycan öz problemini həll etməyə qadirdir və siyasi cəhətdən onlara ehtiyacı da yoxdur. Bu baxımdan problemin həllini tez-tez müzakirə edib, gündəmə gətirməyə çalışırlar".
"Əgər ATƏT bu qədər düzgündürsə, o zaman BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnaməsinin yerinə yetirilməsinə nail olsun. Necə olur ABŞ istədikdə digər dövlətə qarşı iqtisadi blokada elan olunur, amma işğalçı siyasət yürüdən Ermənistana qarşı hər hansı blokada siyasəti yürüdülmür? Amerika etmir, Aİ etsin. Demək ki, onlar da Amerikanın etdiyinə baxırlar. Bu baxımdan bugünkü müzakirədən müsbət nəticə əldə ediləcəyinə inanmıram"- deyə, poltoloq əlavə edib.