ABŞ-nin sülh danışıqları prosesində aktivləşməsinin səbəbi nədir?- ÖZƏL Siyasət

ABŞ-nin sülh danışıqları prosesində aktivləşməsinin səbəbi nədir?- ÖZƏL

"Biz, son zamanlar ABŞ-nin sülh danışıqları prosesində aktivləşdiyini müşahidə edirik. Bu təsadüfi deyil". Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib: "ABŞ Fransadan fərqli olaraq praqmatik siyasət yürütməyə çalışır və bölgədə Azərbaycanın yaratdığı yeni reallıqları nəzərə almağa məcburdur. Hesab edirəm ki, ABŞ-nin son zamanlarda aktivləşməsi təsadüfi deyil. ABŞ burada öz maraqları konteksindən çıxış edir, amma çalışır ki, bu yanaşma reallığa adekvat olsun. O'Braynın açıqlamasında diqqət çəkən dəhlizlər məsələsidir. Biz bilirik ki, dəhlizlərlə bağlı Rusiya, Çin, ABŞ, Aİ, Böyük Britaniya öz maraqlarını həyata keçirməyə çalışırlar. Təbii ki, Zəngəzur dəhlizi burada ön sıradadır. Halbuki Azərbaycan düzgün siyasət yürüdərək, burada tərəf olmaq istəmir. Azərbaycan yalnız "Azərbaycandan Azərbaycana" prinsipini rəhbər tutur, geosiyasi maraq toqquşmalarında tərəf olmaqdan yayınır. Bu, çox doğru siyasətdir. ABŞ çalışır ki, yeni reallıqları nəzərə alsın, Azərbaycanın maraqlarına qarşı gəlmədən öz maraqlarını təmin etsin və sülh danışıqları prosesində müəyyən yol oynamaqla dəhlizlər məsələsində nəzarət imkanlarını ələ keçirsin. Burada bir sıra məsələlər var ki, bunu nəzərə almalıyıq. Birinci məsələ ondan ibarətdir ki, burada geosiyasi maraq toqquşmaları məsələsinin həll edilməsi şərtləri var. Bu, problematik görünür. Xüsusilə Rusiya ilə ABŞ arasında dəhlizlərə bağlı davam edən rəqabət".
Ə.Zülfüqaroğlu əlavə edib ki, digər bir məsələ də Azərbaycanın sülh danışıqları prosesində Ermənistanda konstitusiya dəyişikliyi məsələsini prinsipial olaraq ortaya qoymasıdır: "Düşüncəmə görə, ABŞ sülh danışıqlarının bu dəyişikliklər həyata keçirilmədən irəliyə daşınmasına nail olmaq istəyir. Çalışır ki, Azərbaycan bu məsələlərdə prinsipiallıq nümayiş etdirməsin və ABŞ-də keçiriləcək seçkiyə qədər Ermənistanla Azərbaycan arasında sülh əldə olunsun. Təbii ki, Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, Ermənistanın konstitusiyası dəyişdirilsin və konstitusiya və normativ hüquqi aktlarda konkret separatçı müddəalar buradan çıxarılsın. ABŞ-nin sülh danışıqlarında Ermənistanın konstitusiya dəyişikliyinin prinsipial mövqe olaraq qoyulmamasına çalışması ABŞ-də keçiriləcək seçkilərlə bağlıdır. Bəllidir ki, Ermənistan konstitusiyasında erməni kilsəsi ilə yanaşı erməni lobbisinə də müstəsna hüquqlar verilir və konstitusiya dəyişiklikləri Ermənistan hakimiyyətindən fərqli olaraq birbaşa erməni lobbisinin maraqlarına ziddir. Bu səbəbdən ABŞ höküməti seçkidə erməni lobbisinin dəstəyini almağa çalışacaq. Bu da onu deməyə əsas verir ki, ABŞ-nin dəhlizlərlə bağlı mövqeyi ilə yanaşı, eyni zamanda konstitusiya dəyişiklikləri məsələsinin gündəlikdən çıxarılmasına çalışılması ehtimalı var. ABŞ dəhlizlərlə bağlı nəzarəti ələ keçirməklə yanaşı eyni zamanda bu məsələni də ortaya qoya bilər. Azərbaycan heç bir halda danışıqlar prosesinin müsbət həlli istiqaməti ilə bağlı atılan addımları dəyərləndirməyə bilməz, amma qeyd etdiyim məsələlər hesab edirəm ki, ABŞ-nin mövqeyində yer alacaqsa, o zaman sülh danışıqları prosesinə mənfi təsir edəyəcək. Ona görə də hesab edirəm ki, O'Brayn bu açıqlaması qeyd olunan məsələləri nəzərdə tutur. Bölgədə artıq yeni reallıqlar var, halbuki bunu Azərbaycan yaradıb. Artıq bəllidir ki, istər regional, istər beynəlxalq güclər heç bir halda Azərbaycanın maraqlarını nəzərə almadan öz maraqlarını diktə edə bilməyəcək. Bu reallıq Azərbaycanın mərhələ-mərhələ beynəlxalq hüququn norma və prinsiplərə söykənən məqsədinə çatacağına ümid verir".