Soltan Məmmədov: Azərbaycanla Çin arasında münasibətlər qarşılıqlı etimada əsaslanır Siyasət

Soltan Məmmədov: Azərbaycanla Çin arasında münasibətlər qarşılıqlı etimada əsaslanır

Azərbaycanla Çin arasında münasibətlər qarşılıqlı etimada əsaslanır.

Bunu APA-ya açıqlamasında VI çağırış Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Soltan Məmmədov deyib.
Deputat bildirib ki, Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının növbəti zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşü zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş Birgə Bəyannamə bu münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçdiyini göstərir.

Onun sözlərinə görə, Bəyannamədə ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsipləri, eləcə də milli, regional və qlobal təhlükəsizliyin vacib məsələlərlə əlaqədar fəaliyyətin koordinasiya olunması, öz ərazisindən hər hansı bir qüvvənin digər tərəfə qarşı istifadə etməsinə yol verilməməsi kimi çox vacib müddəalar əksini tapıb. Soltan Məmmədov qeyd edib ki, Azərbaycan “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, eyni zamanda, Çin də hər zaman ölkəmizin ərazi bütövlüyü ilə bağlı məsələlərdə sabit mövqe nümayiş etdirib. “Bir kəmər, bir yol” çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi ikitərəfli münasibətlərin ən vacib istiqamətlərindən biri kimi qəbul olunur: “Çinin Azərbaycanın beş əsas ticarət tərəfdaşından biri olması iqtisadi münasibətlərin miqyası haqqında çox şey deyir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 3,1 milyard ABŞ dolları olub. Bu kifayət qədər ciddi rəqəmdir. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, iqtisadi əlaqələrin spektri genişlənir. Azərbaycan xüsusilə yaşıl enerji sahəsində Çinin zəngin təcrübəsindən faydalanmağa çalışır”.

Soltan Məmmədov xatırladıb ki, Azərbaycanda 300-dən çox Çin şirkəti qeydiyyata alınıb və ölkəmizə Çin tərəfindən yatırılan investisiyanın həcmi 930,8 milyon dollara çatıb. Bununla yanaşı, Azərbaycan da Çin iqtisadiyyatına 263 milyon dollardan çox investisiya yatırıb: “Bütün bunlar onu deməyə əsas verir ki, hər iki ölkə iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Bir çox sahələrdə, o cümlədən geosiyasi məsələlərdə üst-üstə düşən maraqlar var. Bununla bərabər humanitar və mədəni sahələrdə də sıx münasibətlər mövcuddur. Bildiyiniz kimi, Heydər Əliyev Fondu “Çinin Xarici Ölkələrlə Dostluq üzrə Xalq Cəmiyyəti” ilə birlikdə çoxsaylı layihələr reallaşdırmağa müvəffəq olub. İki ölkənin regionları və şəhərləri arasında əməkdaşlıq sənədləri imzalanıb”.

Deputat vurğulayıb ki, Çinin dünya iqtisadiyyatında sürətlə artan rolu, eləcə də qlobal geosiyasi proseslərə təsir imkanlarının güclənməsi fonunda Azərbaycanın bu ölkə ilə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.