Qırğızıstan prezidenti Azərbaycana səfər edəcək Siyasət

Qırğızıstan prezidenti Azərbaycana səfər edəcək

Qırğızıstan prezidenti Sadır Japarov 5-6 iyul tarixlərində Azərbaycana səfər edəcək

Trend bu barədə Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

"Qırğız Respublikasının prezidenti Sadır Japarov 5-6 iyul tarixlərində Azərbaycan Respublikasına səfər edəcək. Dövlət başçısı Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcək. Təşkilatın dövlət başçılarının növbədənkənar iclasının mövzusu "Nəqliyyat, rabitə və iqlim dəyişikliyi ilə mübarizə vasitəsilə dayanıqlı gələcəyin təmin edilməsidir", - Qırğız Respublikasının Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev deyib.

Onun sözlərinə görə, tərəflər təbii hadisələr, iqlim dəyişikliyinin səbəb olduğu təbii fəlakətlərə kollektiv cavab tədbirlərini, həmçinin, TDT-yə üzv ölkələrin nəqliyyat əlaqələrinin möhkəmləndirilməsini müzakirə edəcəklər.